2020-ci ilin iqtisadi böhranından sonra Ermənistan hökuməti ölkənin dövlət borcunu 9,5 milyard dollara çatdıraraq artırmağa davam edir.
Təkcə 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16%, ÜDM isə cəmi 5,7% artıb. 4 il ərzində Ermənistanın dövlət borcu 2,7 milyard dollar və ya 39,3% artıb.
AZİNFORM.AZ xəbər verir ki, bu ilin yanvar-may aylarında dövlət borcu 354,7 milyon dollar artıb. Göstəricinin artması daxili borcun artması hesabına baş verib ki, ona xidmət göstərilməsi büdcəyə xarici borcdan daha çox xərc tələb edir. 2022-ci ildə Ermənistanın xarici borcu azalıb, daxili borcu isə artıb.
2022-ci ilin may ayında göstəricinin 62,9 faizi xarici borcun, 37,1 faizi isə daxili borcun payına düşüb. 2021-ci ilin dekabrında Ermənistanın dövlət borcunun 66,9%-ni xarici, 33,1%-ni isə daxili borclar təşkil edib.
Daxili borcun artması ölkəyə yatırılan investisiyaların həcminə mənfi təsir göstərir.
2022-ci ilin yanvar-may aylarında vergi daxilolmalarının göstəricisi nəzərdə tutulandan 6,6 faiz (761,8 milyard dram), əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 faiz çox olmuşdur. Əslində, vergi daxilolmalarının artımı misli görünməmiş yüksək inflyasiya hesabına sabitlənmişdir.