Dünya əhalisinin neçə faizinin internetə çıxışı yoxdur?
13-09-2023, 13:37

Təxminən 2,6 milyard insanın, dünya əhalisinin 33 faizinin hələ də internetə çıxışı yoxdur.
AZİNFORM.AZ
xəbər verir ki, bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir.

Bəyanatda internetə qoşulmayanların sayının ildən-ilə azaldığı bildirilir. Ötən il bu göstəricinin 2,7 milyard olduğu vurğulanıb.

BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. 2022-ci ildə bu tip ölkələrdə internet istifadəçilərinin sayı 17 faiz artıb. Buna baxmayaraq, bu ölkələrdə hələ də əhalinin yalnız üçdəbiri internetə qoşulub.

“Unutmamalıyıq ki, bu məlumatların arxasında internetə daxil ola bilməyən və rəqəmsal transformasiya dövründə internetin təmin edə biləcəyi kritik üstünlüklərdən faydalana bilməyən insanlar dayanır”, - BTİ Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakisan Zavazava bildirib.

Yeni qiymətləndirmələr baxımından əlaqələrin qurulması üçün qlobal imkanlar artıq yaranıb.

Belə ki, BTİ və BMT-nin İnkişaf Proqramı rəqəmsal texnologiyaların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını necə dəstəklədiyini araşdırmaq və rəqəmsal texnologiyaların təklif etdiyi imkanları öyrənmək üçün 2023-cü il sentyabrın 17-də Nyu Yorkda BMT-nin Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Rəqəmsal texnologiyalar” mövzusunda tədbir keçiriləcək. /Bizim.Media/





up