Mərhum pop ulduz Maykl Ceksonla bağlı növbəti cinsi istismar iddiaları ortaya çıxıb.
AZİNFORM.AZ xəbər verir ki, xoreoqraf Ueyd Robson və aktyor Ceyms Safeçuk uşaq olarkən müğənnin onları cinsi istismara məruz qoyduğunu bildiriblər.
İddiaçıların fikrincə, iş üzrə müttəhimlər Ceksona məxsus "MJJ Productions Inc." və "MJJ Ventures Inc." onları müğənninin təqiblərindən qorumalı idi. Robson və Safeçuk əvvəllər də məhkəməyə müraciət ediblər, lakin onların tələbi rədd edilib. 2021-ci ildə Los Angeles ali məhkəməsi yalnız Ceksona məxsus şirkətlərin sənətçinin hərəkətlərinə nəzarət edə bilməyəcəyinə və buna görə də onlara görə məsuliyyət daşımadığına qərar verib.
Lakin hazırda Apellyasiya Məhkəməsi hesab edib ki, Robson və Safeçukun iddiaları əsaslandırılıb. Məhkəmənin qərarında deyilir ki, işçilərindən biri tərəfindən uşaqlara qarşı cinsi istismara şərait yaradan korporasiya ittiham olunan şəxsə məxsus olduğu üçün həmin uşaqları qorumaq məsuliyyətindən azad edilmir.
Ceksonun hüquqlarını müdafiə edən vəkil məhkəmənin rəyindən məyus olduğunu vurğulayıb. O, Robson və Safeçukun iddialarının sübutlarla ziddiyyət təşkil etdiyini və məhz Maykl Ceksonun ölümündən illər sonra irəli sürüldüyünü deyib.
Qeyd edək ki, M.Cekson ilk dəfə 1993-cü ildə pedofiliyada ittiham olunub. Mərhum müğənni o vaxt 13 yaşında olan Cordan Çandlerə təcavüz etməkdə ittiham olunurdu. Lakin Cordanın atası Mayklla milyon dollarlıq sövdələşmə etdikdən sonra işə xitam verilib. 2003-cü ildə bir neçə başqa şəxs Ceksona qarşı ittihamlar irəli sürüb ki, onlar arasında işçiləri də olub. /sfera.az/