Türkiyədə həyəcan artır: İncə geri çəkildi - Səsləri kimə gedəcək?
12-05-2023, 01:37

“Namizədliyini geri götürən İncənin səsləri Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcək”.

AZİNFORM.AZ
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Məhərrəm İncənin prezidentliyə namizədlikdən geri çəkilməsi seçkidə yeni durum yarada bilər. İncə 2018-ci ildə Rəcəb Tayyib Ərdoğanla uğurlu mübarizə aparmış, 31 faiz səs toplamışdı. İncə son aylardakı çıxışlarıyla ilk dəfə səs verəcək gənclərin diqqətini cəlb etmişdi. Müxtəlif sorğulara görə, İncənin ikinci tura keçidi mümkün olmasa da, seçkidə 3-7 faiz arasında səs toplaya bilərdi.

İndi əsas sual budur: namizədlikdən geri çəkilən İncənin səsləri hansı namizədə gedəcək?

İncənin özü çıxışında tərəfdarlarına kimə səs verməsi çağırışını etmədi, konkret ünvan göstərmədi. O, seçki kampaniyasında həm hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunu tənqid edirdi, bəlkə də müxalifətə daha çox yüklənirdi. Fikrimcə, İncənin səsləri Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcək”, - ekspert bildirib.

Elxan Şahinoğlu başqa bir ehtimala da diqqət çəkib:

“Kılıçdaroğlunun geri çəkilən İncənin səslərinə ehtiyacı var. Kılıçdaroğlu bu məqsədlə İncə ilə görüşməyə çalışacaq. İncə 2018-ci il prezident seçkisindən sonra üzvü olduğu Cumhuriyyət Xalq Partiyasından (CHP) küsdü, ona dəstək verilməməsindən şikayətləndi. CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurdu.

Son illərdə CHP-ni və keçmiş liderini tənqid edirdi. Ancaq bunlar indi geridə qalıb və mərhum dövlət başçısı Süleyman Dəmirəlin sözü olmasın, siyasətdə 24 saat böyük müddətdir. Yəni siyasətçi dünən dediyinin əksinə olaraq, bu gün mövqeyində dəyişiklik etmək və bunu izahını vermək bacarığına malik olmalıdır. Ona görə də Kılıçdaroğlu mümkün gələcək kabinetində İncəyə nəsə vəd etsə, anlaşa da bilərlər”.
“Metropoll” Araşdırma Şirkəti seçicilərə “Məhərrəm İncə namizədlikdən geri çəkilsə, kimə səs verərdiniz” sualını verib.

Verilən cavab aşağıdakı kimidir:

Kamal Kılıçdaroğlu – 30.5 faiz

Rəcəb Tayyib Ərdoğan – 23.4 faiz

Sinan Oğan – 24.3 faiz

2 610 nəfər – respondetlərin 16.5 faizi isə etiraz olaraq səs verməyəcəyini bildirib.

Sorğu 1-3 may tarixlərində keçirilib. /teleqraf.com/





up