ÜST COVID-19-a qarşı mübarizə üçün zəruri mallar tədarükünə 1,7 milyard dollar xərcləyib
19-05-2022, 02:05

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-2021-ci illərdə fəaliyyətinin nəticələri barədə məruzədə qeyd olunur ki, COVID-19 pandemiyasına baxmayaraq qlobal səhiyyənin bütün aspektləri üzrə sanballı nəticələr əldə edilib.


Ümumdünya Səhiyyə Assambleyası ərəfəsində dərc olunmuş məruzədə COVAX beynəlxalq əməkdaşlıq proqramı vasitəsilə COVID-19-a qarşı 1,4 milyard dozadan çox vaksin tədarükü, dünyada ilk dəfə olaraq malyariyaya qarşı vaksindən geniş istifadə edilməsinə dair tövsiyələr, habelə səhiyyə sahəsində 87 fövqəladə vəziyyətə münasibət barədə ÜST-nin təşəbbüsləri qeyd olunur.

2020-2021-ci illərdə ÜST 1600 texniki və praktiki tərəfdaşla birgə çalışaraq COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərə rəhbərlik edib, tarixdə ilk dəfə olaraq ən iri, ən sürətli və ən mürəkkəb vaksinasiya kampaniyasının həyata keçirilməsinə kömək edib. Təşkilat COVID-19-a qarşı mübarizə üçün zəruri mallar tədarükünə 1,7 milyard ABŞ dolları xərcləyib.

ÜST-nin baş direktoru Tedros Gebreyesus deyib: "Biz hətta səhiyyə sahəsində yüz il ərzində ən ciddi qlobal böhran zamanı da, büdcələrimizin azalmasına və xidmətlər təqdim edilməsində fasilələrə baxmayaraq, bir sıra başqa xəstəliklərlə mübarizəni dəstəkləməkdə davam etmişik".

Pandemiyanın ağır nəticələri hər yerdə hiss olunurdu. COVID-19-la bağlı çoxsaylı fasilələrlə əlaqədar olaraq, bir sıra ölkələr ÜST-nin "üç milyard" təşəbbüsünün hədəflərindən geri qalıblar.

COVID-19 pandemiyası səhiyyə xidmətlərinin işində böyük fasilələr yaradıb: tədqiqatın əhatə etdiyi 127 ölkədən 117-də əsas səhiyyə xidmətlərindən ən azı birinin işində fasilələrlə yaranması barədə məlumat veriblər. Həmin ölkələrdə fasilələrin orta səviyyəsi 45 faiz olub.

ÜST tərəfindən əlaqələndirilən pilot proqramının köməyi ilə Qana, Keniya və Malavidə 1 milyondan çox uşaq malyariyaya qarşı ÜST tərəfindən tövsiyə olunmuş bir və ya bir neçə doza vaksin alıb. Gözlənildiyinə görə, malyariyaya qarşı mübarizə üzrə başqa tədbirlərlə birlikdə bu vaksin hər il 40-80 min insanın həyatını xilas edə bilər.

ÜST-nin fəaliyyətinin nəticələri barədə hesabatda xərclər barədə ətraflı məlumat verilir. 2020-2021-ci illər üçün ÜST-nin proqram büdcəsi 5,84 milyard ABŞ dollarına bərabər olduğu halda COVID-19-a qarşı mübarizə üzrə fövqəladə proqram sayəsində faktiki maliyyələşdirmənin həcmi 7,91 milyard dollara çatıb.

Məruzə müəllifləri qeyd edirlər ki, ÜST davamlı inkişaf hədəflərinə nail olmaqda, səhiyyə xidmətlərinin ümumi əhatə dairəsini təmin etməkdə və səhiyyə sahəsində fövqəladə hallarda daha 1 milyard insanın qorunmasında öz rolunu tam oynaya bilməsi üçün müntəzəm, sabit və proqnozlaşdırıla bilən maliyyələşdirmənin artırılması zəruridir.


AZİNFORM.AZ





up