“Rusiya Silahlı Qüvvələri “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb”.
Bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov söyləyib.
O deyib ki, ordu “Peresvet” lazer qurğuları ilə təmin edilir, onlar 1500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini kor etmək imkanlarına malikdir.
Qeyd edək ki, Ukraynadakı müharibənin davam etdiyi bir vaxtda Rusiyanın “S-500” zenit-raket komplekslərinin istehsalına başladığını elan etməsi təəccüblə qarşılanıb. Çünkü aylardır davam edən edən əməliyyatlarda rusların “məğlubedilməz” adlandırdığı bir çox zirehli texnikası məhv edilib.
Bununla da, Kremlin daxildə və dünyada yaratdığı “güclü ordu” imici də yox olub. Üstəlik, müharibədəki itkilərin Rusiyanın silah satışına da çox ciddi təsir etdiyi hər kəsə məlumdur.
Ekspertlər hesab edirlər ki, rəsmi Moskva müharibədəki itkiləri geri plana atacaq və silah bazarında hələ də dünyaya meydan oxuyacaq texnikaları istehsal etdiyini dünyaya göstərməyə çalışır. Hətta bunun başda ABŞ olmaqla, NATO-ya verilən bir mesaj olduğu da iddia olunur.
Ümumiyyətlə, Rusiya müharibənin davam etdiyi bir vaxtda “S-500”-ləri ortaya çıxarmaqla NATO-ya nəyi sübut etmək istəyir?
Bununla bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiyanın uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin Suriya və Ukraynada elan edilən texniki xüsusiyyətlərə uyğun gəlmədiyini müşahidə etmişik:
“Rusiya kifayət qədər hava hücum vasitələri və hava hücumundan müdafiə vasitələrini müharibədə itirdikdən sonra “S-500” zenit-raket komplekslərinin istehsalına başladığını elan etməklə daha çox daxili auditoriyanı sakitləşdirməyə çalışır. Çünki daha əvvəl də bütün dünyaya “S-400” satışını elan Rusiyanın Ukraynadakı əməliyyatlarda qoşunlarını hava hücumundan kifayət qədər qoruya bilmədiyini müşahidə etmişik. Buna yüzlərlə zirehli texnikanın, maşın karvanlarının və digər artilleriya sistemlərinin Ukrayna tərəfindən məhv edilməsi də misal olaraq göstərilə bilər”.
Ekspertin sözlərinə görə, Rusiyanın istehsal etdiyi hansısa bir silah sistemi NATO-ya qarşı təzyiq vasitəsi kimi nəzərdə tutulmur:
“Çünki özündən 10 dəfə zəif olan Ukraynada bir bataqlığa düşən və aylardır orada qalan Rusiyanın özündən qat-qat güclü NATO qarşısında hansısa silah sisteminin istehsalına başlanmasını elanı ilə xüsusi bir nəticə əldə edəcəyini düşünmürəm.
Ümumiyyətlə, NATO və Rusiya arasında kifayət qədər dərin və böyük potensial fərq mövcuddur. Sadəcə alyans müharibələrdə insan itkisi ilə qarşılaşmamaq üçün maksimum dərəcədə münaqişələrdən öz ordularını kənarda saxlamağa çalışır. Əgər zərurət yaranarsa, konvensional müharibədə Rusiya NATO-ya qarşı bir neçə həftə ərzində bütün məhdud imkanlarını da itirə bilər”. /cebhe.info/
AZİNFORM.AZ