Putinin mühafizəçisi Rusiyadan QAÇDI - Maraqlı faktlar AÇIQLADI
4-04-2023, 20:46

2022-ci il oktyabrın ortalarına qədər Rusiya prezidenti Vladimir Putinin məxfi rabitəsini təmin edən şöbədə mühəndis işləyən Federal Mühafizə Xidmətinin (FSO) kapitanı Qleb Karakulov xaricə qaçıb.

AZİNFORM.AZ xəbər verir ki, “Dosye” araşdırma mərkəzi Karakulovla müsahibə dərc edib.

Karakulov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədən qaçaraq müharibəni pisləyən ən yüksək rütbəli kəşfiyyat rəsmisi sayılır. Rusiyada ona qarşı fərarilik maddəsi ilə cinayət işi açılıb.

Kapitan Karakulov müsahibəsində qaçmasının əsas səbəbinin Ukraynaya genişmiqyaslı müdaxilə olduğunu söyləyib. FMX-nin keçmiş əməkdaşı Putini “müharibə cinayətkarı” adlandırıb.

Karakulov qaçışının təfərrüatları barədə də danışıb. Dediyinə görə, ötən ilin oktyabr ayında o, Qazaxıstana ezamiyyətə göndərilib. Həmin vaxt o, xanımı və uşağını da Qazaxıstana gətirməyi bacarıb. Oradan ezamiyyətinin son günündə ailəsi ilə birlikdə xidməti pasportla İstanbula uçub.

Karakulov FMX-nin necə işlədiyi barədə bir sıra təfərrüatlar verib və onu “olduqca müstəqil təşkilat” adlandırıb. Onun bildirdiyinə əsasən, Vladimir Putin nə mobil telefondan, nə də internetdən istifadə edir. “Onun aldığı bütün məlumatlar yalnız birbaşa yaxın adamlardan gəlir. O, bir növ informasiya vakuumunda yaşayır”, - deyə xüsusi rabitə zabiti danışıb. Karakulovun sözlərinə görə, prezidentin ağır xəstə olması faktı ona məlum deyil.

Karakulov Putinin Gəlincikdəki iqamətgahına getmədiyini, tez-tez ora səfər edən və əlaqəni yoxlayan həmkarlarından birinə istinad etdiyini bildirib. Keçmiş zabit Putinin xüsusi qatardan istifadə etdiyini təsdiqləyib.

“Prezidentin hər bir xarici səfərində istifadə etdiyimiz danışıq kabineti var. Bu, təxminən 2,5 m hündürlüyündə bir kubdur. Burada təhlükəsiz şəkildə bütün orqanlarla əlaqə saxlamaq olur”, - deyə Karakulov bildirib. FMX zabitinin dediyinə görə, Putinin Sankt-Peterburq, Soçi və Novo-Oqaryovodakı ofisləri interyer baxımından tamamilə eynidir.

FMX kapitanı 2009-cu ildəki Putinlə indiki Putini “iki fərqli insan” kimi təsvir edib. “İndi o, çox təcrid olunub. Onun reallığı dərk etmə qavrayışı da dəyişib”, - deyə Karakulov vurğulayıb. /musavat.com/






up