AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 min 374-ə çatıb.
Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağılan binalarla əlaqədar aparılan istintaq tədbirləri çərçivəsində 188 nəfər həbs olunub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.