Zəlzələ bölgəsində ikinci fəlakət – Meyitlərdən yayılan infeksiya, zəhərli su, vərəm, hepatit…
13-02-2023, 17:44

Zəlzələdən 10 gün sonra dağılmış ərazilərdə qalmaq, dolaşmaq ilk günlərdəki kimi təhlükəsiz olmayacaq. Buna görə də mütəxəssislər sağ qalan insanları, uşaqları, heyvanları həmin ərazilərdən mümkün qədər tez evakuasiya etməyi məsləhət görürlər. Artıq xilasedicilər də ciddi mühafizə vasitələri ilə təmin olunmalı, əleyhqazlar taxmalı və içdikləri suya diqqət yetirməlidirlər.

Belə ki, dağıntılar altında qalan insan və heyvan cəsədlərinin təbii cürüməsi nəticəsində ətrafa kəskin qoxu və zəhərli maddələr xaric olur. Bu maddələr havaya, kanalizasiyaya, açıq su höfzələrinə keçir və nəticədə bir sıra infeksion xəstəliklərin yayılmasına səbəb olur. Antisanitariya şəraiti qoturluqdan tutmuş vərəmə kimi bir çox bəlaların yayılması ilə genişmiqyaslı təbii fəlakətdən sonra yüzlərlə insanın həyatına son qoya bilər.

Alimlər bildirir ki, zəlzələdən sağ çıxanlarda sonradan toxumaların əzilməsi nəticəsində toksikoz, təzyiq, ürək problemləri, depressiya, intihara meyillilik, bağırsaq xəstəlikləri və s. başlayır.

Belə yerlərdə həmişə kütləvi zəhərlənmə, ishal, soyuqdəymə, mədə-bağırsaq və infeksion xəstəliklərə, eləcə də hepatit, qızılca, vərəm, qastroenteritı rast gəlinir.

Çürüyən meyit və zibillər daşınmır, yandırılmır, onlar açıq ərazilərə səpilir, su və nasos stansiyaları, kanalizasiya sistemləri dağıldığı üçün qalıqlar qrunt sularına keçir və yeraltı sularla ölkənin digər ərazilərinə belə yayılır.

Eləcə də dəfn zamanı sanitar normalara əməl olunmaması infeksiyaları artırır.

Digər xarici ölkələrdən gələn insanlar, xilasedicilər burda tipik olmayan virusa yoluxub, onu öz ölkəsinə apara bilər.

Şəhərlərdə olan gəmiricilər, ağcaqanadlar da meyitlərdən hər hansı infeksiyanı qapıb digər ərazilərə yaya bilər.

Zəlzələlərin çoxəsrlik araşdırıması göstərir ki, ən əsas təhlükə xolera adlı bağırsaq infeksiyasının yayılmasıdır. Bu xəstəlik xüsusilə uşaqlara ciddi təsir edir. Xolera yayıldıqda qusma və ishaldan susuzlaşma baş verir ki, bu da xəstəni şoka sala bilər.

Yoluxmuş su tif xəstəliyini yaya bilər. Ümumiyyətlə,infeksiyalar zəlzələ bölgəsində sağ qalmış insanlar arasında sürətlə yayılır.

İnfeksionist həkim Mərdan Əliyev Bakupost.az -a açıqlamasında zəlzələ bölgəsində yarana biləcək tibbi fəlakətdən danışıb. O qeyd edib ki, zəlzələdən sonra ətrafımızda olan minlərlə mikroorqanizm zəifləmiş insan orqanizminə daha tez yol tapır: “Burda birinci növbədə, çadır şəhərcikləri və yemək yerlərində insanlar sıx toplaşdıqda tənəffüs yolları ilə yoluxan infeksiyalar artmağa başlayır. Belə şəraitdə influenza – qrip virusu sürətlə yayılır. Eləcə də uşaqlar arasında qızılca, su çiçəyi epidemiyaları ola bilər. Meninqokok infeksiyaları meningit törədə bilər. Bunların qarşısını almaq üçün standart gigiyenik vasitələr, maskalardan istifadə etmək lazımdır”. Mütəxəssis bəzi infeksiyalara qarşı peyvəndləri də vacib sayır: “Belə yerlərdə qida və sü təhlükəsizliyi pozulduğu üçün əl gigiyenası birinci şərtdir. Suyun yaxşı dezinfeksiya olunmaması, qidanın çirkli əllə yeyilməsi, düzgün bişirilməməsi mədə-bağırsaq infeksiyalarına səbəb olur. Bunlardan ən təhlükəlisi və sürətlə yoluxanı vəbadır. Bu, çox güclü ishal yaradır. Buna qarşı əl gigiyenası və içməli su təminatına fikir vermək lazımdır. Su ilə yoluxan infeksiyalar var ki, bu da insanlarda xəstəliklərə səbəb ola bilər. Zəlzələdə çoxları açıq yara alır. Tikinti, dağıntı altında mismar, dəmir zədəsi alınması tetanus infeksiyasının yayılması riskini artırır. Açıq yarası olanlara tetanusa qarşı peyvənd vurulmalıdır. Yəni “dəmir cızıb, yüngül yaradır” deyə arxayın olmaq olmaz. Zəlzələdən sonra böyük problemləri elə infeksiyalar yaradır. Ona görə də insanlar maksimum təhlükəsiz, təmiz yerə köçürülməli, gigiyenik vasitələr paylanmalı, peyvəndlər vurulmalıdır”.





up