Uşaqların məktubları göz yaşına boğdu: “100 raket, 56 qumbara istəyirəm”
19-12-2022, 23:30

Son on ay ərzində ukraynalı uşaqların real möcüzələr haqqında təsəvvürləri dəyişib, çünki arzuları da onlarla birlikdə böyüyüb.

İndi onlar xaricdən vətənə qayıtmaq, doğma məktəbə və ya uşaq bağçasına getmək, “köhnə” dostlarla görüşmək istəyir, sirenlərin fəryadını, raket partlayışlarını isə eşitmək istəmirlər. Onlar müharibənin bitəcəyini, cəbhəni qoruyan, döyüşən ata və ya analarını qucaqlamağı xəyal edirlər.

AZİNFORM.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, 2016-cı ildən fəaliyyət göstərən "Müqəddəs Nikolay" itkin düşmüş və həlak olan əsgərlərin uşaqları üçün vəsait toplayan və hədiyyələr alan xeyriyyə təşkilatına çevrilib. Layihənin direktoru Svitlana Baxvalova Ukrayna mediasına bu uşaqların kiçik arzularından və təşkilatın böyük missiyasından danışıb. O, müharibə şəraitində yaşayan, evindən uzaq düşən uşaqların məktublarından bir neçəsini təqdim edib. Məktublar oxuyan hər kəsi göz yaşına boğub.

Həmin məktublardan bir neçəsini təqdim edirik:

Dnepropetrovsk vilayətinin Pyatixatok şəhərindən olan Katerina 11 yaşındadır. Katya Ukraynanın şərqində antiterror əməliyyatının iştirakçısı olan əsgər qızıdır. Atası müharibədə həlak olub. O, rəsm çəkməyi sevir, amma “Müqəddəs Nikolay”dan boyalar, flomasterlər əvəzinə yeni cins şalvar istəyib.

Katya məktubda yazır:

"Salam, Müqəddəs Nikolay. Mənim adım Katerinadır. 11 yaşım var. Mən Pyatixatkoda yaşayıram. Mən rəsm çəkməyi və dostlarımla gəzməyi xoşlayıram. Anama, nənəmə kömək edirəm. Şirniyyatı sevirəm, amma ikinci bir arzum var. Mən çox istəyirəm ki, yeni cins şalvarım olsun. Ümid edirəm ki, bu məktubu oxuyursunuz".

Kiyev vilayətinin Nemişayevo kəndindən olan Veronika “Müqəddəs Nikolay”a neçə yaşında olduğunu yazmayıb, amma məktubdan aydın olur ki, qız öz yaşına görə çox şey itirib.

Məlumat üçün bildirək ki, Rusiya ordusu Veronikanın evini dağıdıb. Bu zaman onun üzərinə mərmi düşüb. Daha sonra isə Ukraynanın müdafiəsinə gedən atası cəbhədə öldürülüb.

"Atam müharibədə xidmət edib və sentyabrın 1-də vəfat edib. Onun üçün çox darıxıram ",- deyə Veronika məktubda etiraf edir.

Ancaq qızın təşkilatdan daha bir kiçik xahişi var: "Bayram üçün mənə telefonla idarə olunan akril gecə lampası vermənizi istəyirəm. Sevgilərlə, Veronika."

Lutskdan olan Stanislav məktubunda əmin edir ki, bu il özünü nəzakətli aparmağa və anasının sözünə baxmağa çalışıb.

“İki haubitsa, üç Javelin tank əleyhinə raket sistemi, bir maşın, iki tank, iki zirehli personal daşıyıcısı, bir helikopter, 100 raket, 56 qumbara istəyirəm. Əlbəttə, mən də istəyirəm ki, Ukraynada sülh olsun və Moskva yansın”,– deyə Stas məktubda yazır.

Məktublar arasında 10 yaşlı Aninin də istəkləri var. Qız məktubunda sülh, bütün müdafiəçilərin evə qayıtmasını və Ukraynanın qələbəsini istəyib. O, hərbçiləri də unutmayıb və onlar üçün hədiyyələr istəyib.

"Əziz Müqəddəs Nikolay! Mənim adım Aniçkadır, mənim 10 yaşım var. Mən Zastavne kəndində yaşayıram. Sizdən Ukraynaya sülh gəlməsini, müdafiəçilərimizin evə qayıtmasını və məktəbə getməyimizi xahiş edirəm.

Müqəddəs Nikolay, xahiş edirəm, mənə oyuncaq sintezator verin. Bu il özümü nəzakətli aparmağa çalışmışam.

Müqəddəs Nikolay, sizdən əsgərlərimiz üçün də xahiş edirəm - onlara hədiyyələr və sürətli qələbə verin. Sevgilərlə, Aniçka".





up