5 yaşında kibrit satmağa başladı, 17 yaşında isə ... - Milyarderlərin uşaqlıq hekayətləri
7-11-2022, 22:57

Varlanmaq və ya öz işini qurmaq istəyənlər həmişə milyarderlərin həyat hekayətlərindən ilhamlanır. Bu gerçək nümunələr həqiqətən neçə-neçə insana həm bələdçilik edir, həm cəsarət verir, həm də səhv və doğruları anlamağa kömək edir.

AZİNFORM.AZ milli.az-a istinadla oxucuları yoxsul ailələrdə doğulan, zəhməti və istedadı sayəsində inanılmaz uğurlar qazanan insanlarla tanış edir. Necə deyərlər, bu günün açarı keçmişdədir. Gəlin görək milyarderlərin uşaqlığı necə keçib...

5 yaşında kibrit satışı ilə məşğul olub, 17 yaşında mebel imperiyasının əsasını qoyub.

Beş yaşlı oğlan İnqvar Feodor Kamprad çox adi məişət əşyalarının istehsalı ilə sərvət qazanan İsveç kibrit kralının hekayəsindən o qədər təsirlənib ki, bu uğuru təkrarlamaq qərarına gəlib. Maraqlıdır ki, bu, işə yarayıb. Çox məşhur IKEA şirkətinin qurucusu İnqvar Feodor Kamprad olub.

Kamprad yeniyetmə ikən velosiped sürərək qonşu kəndlərdə əvvəlcə kibrit, sonra çayda tutulan balıq, sonra meşə böyürtkəti və öz əlləri ilə çəkdiyi Pasxa kartları satmaqla məşğul olub. 15 il ərzində İnqvarın atası oğlunun təhsil alması üçün pul yığmış və 17 yaşı tamam olanda toplanan məbləği oğlanın özünə təqdim etmişdi. Lakin kiçik Kamprad fərqli yol tutdu, universiteti yox, öz şirkətini qurmağı seçdi. Biznesin ilk illərində hər şeyi satırdı: dəftərxana ləvazimatlarından tutmuş corablara qədər, amma həmişə tələbi izləyirdi. Hər hansı mallara tələbat artan kimi İnqvar dərhal qiyməti aşağı salırdı. Çox qısa müddətdə başa düşdü ki, 60 bahalı stul əvəzinə 600 ucuz stul satsa, daha çox qazanc əldə edəcək.

5 yaşında saqqız və Coca-Cola satdı, 11 yaşında ilk səhmləri aldı

Hər biri 38 dollara başa gələn "Cities Service" neft şirkətinin üç səhmini Uorren Baffet 11 yaşında alıb. Sonra onları 40 dollara satıb və hər birindən cəmi 2 dollar qazanıb. Səhmlər 200 dollara qalxanda öyrəndi ki, gözləməyi bacarmaq lazımdır və investisiya dünyasının əsas dərslərindən biridir.

"Pul uzun müddət ərzində yaxşı şirkətlərə investisiya qoymaq və səhmlərə sahib olmaq yolu ilə investisiyalardan əldə edilir. Əgər siz uzun müddətə yaxşı şirkətlərin səhmlərini alırsınızsa, o zaman investisiyalar 10, 20, 30 il ərzində əla işləyir", - 2016-cı ildə tanınmış sahibkar və dünyanın ən zəngin insanlarından biri Uorren Baffet belə deyib.

6 yaşında dəri kremləri hazırladı

Səkkiz uşaqlı yoxsul bir mühacir ailəsinin ən kiçiyi olan Jozefina uşaqlıqdan milyonlar qazanmaq arzusunda idi. Dermatoloq əmisinin sayəsində kimyanın əsaslarını mənimsədi və dəri məhsulları üçün bir neçə uğurlu formul yaratdı. Qız yaratdığı məhsulları həm əmisinin müştərilərinə, həm də dostlarına satırdı.

1949-cu ildə Este Lauder ona böyük gəlir gətirən çoxfunksiyalı "Lauder Super Rich All Purpose Cream" adlı məhsulu bazara təqdim etdi. Bu krem həm dərini təmizləyir, həm nəmləndirir, həm təravətləndirir, həm losyon və gecə kremini əvəz edirdi. Yeri gəlmişkən, çoxfunksiyalı kremlər bu günə qədər öz populyarlığını qoruyub saxlaya bilib.

11 yaşında tutuquşu və şam ağaclarının satışına girişdi

Riçard əvvəlcə dostu ilə şam ağacı satdı, sonra tutuquşulara keçdi. Hər iki biznes təşəbbüsü uğursuzluğa düçar oldu, lakin bu, gənc oğlanı ruhdan salmadı. Yaxşı təhsil və ənənəvi yol isə ona görə deyildi, 16 yaşında məktəbi atdı və Londona getdi. Məktəb direktorunun vida sözləri onun qətiyyətini daha artırdı, o, Bransona demişdi ki, ya həbsxanaya düşəcək, ya da milyonçu olacaq. Həqiqətən də, bu gün biz Rişard Bransonu "Virgin Group"un qurucusu və Böyük Britaniyanın ən zəngin adamlarından biri kimi tanıyırıq.





up