ABŞ-da müəllimlərini öldürməkdə günahlandırılan iki gəncə cinayət işi başladılıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, Ayova ştatının Ferfild şəhərində 17 yaşlı məktəblilər Uillard Miller və 17 yaşlı Ceremi Qudeyl onlara ispan dilini tədris edən 66 yaşlı Nohema Qraberi beysbol çubuğu ilə döyərək öldürməkdə günahlandırılıblar.
Araşdırmalardan sonra məlum olub ki, qətl günü Miller aldığı aşağı qiymətə görə müəllimin kabinetinə gedib və onunla mübahisə edib. Daha sonra Qraber, adətən dərsdən sonra gəzdiyi parka gedib. Ertəsi gün qadının meyiti həmin parkda tapılıb.
Daha sonra, Qudeyl messencerdə tanışı ilə yazışarkən müəllimini öldürməklə öyünüb. Yeniyetmənin tanışı dərhal polisə xəbər verib və yazışmaları təqdim edib. Dindirmələr zamanı Miller əvvəlcə qətldə iştirakını inkar etsə də, sonradan hər şeydən xəbərdar olduğunu, lakin heç bir günahı olmadığını bildirib. Buna baxmayaraq, cinayət yeri yaxınlığında yeniyetmələri görən şahidlər olub. Bundan əlavə, Miller müəllimin fənni tədris etmə tərzini bəyənmədiyini və aşağı qiymət aldığını bildirib.
Miller üçün məhkəmə 20 mart 2023-cü ilə, Qudeyl üçün isə 5 dekabr 2022-ci ilə təyin edilib. /big.az/