Mariupoldan daha 500 insan təxliyə olunub
6-05-2022, 10:57

“Biz Mariupol şəhərindən və şəhərdəki “Azovstal” zavodunun ərazisindən insanların çıxarılması üzrə növbəti mürəkkəb təxliyə əməliyyatını keçirdik. Deyə bilərəm ki, təqribən 500 vətəndaşı çıxara bildik”.

AZİNFORM.AZ  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqramda yazıb.

“Ukrayna bütün dinc sakin və hərbçiləri xilas etmək üçün əlindən gələni etməyə davam edəcək. BMT-yə kömək üçün təşəkkür edirəm”, - o bildirib.

Qeyd edək ki, böyük hissəsi Rusiyanın işğalına məruz qalan Mariupolun əhalisinin təxliyəsi mühasirədən dolayı mümkünsüz hala gəlib. Aprelin 28-də BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Osnat Lubrani Təşkilatın Baş katibi Antoniu Quterrişin xahişi ilə Mariupol sakinlərinin təxliyəsini gerçəkləşdirmək üçün ölkənin şərqindəki Zaporojye vilayətinə yola düşüb. Son günlər şəhər əhalisinin, xüsusilə “Azovstal” zavodunda qalan dinc sakinlərin təxliyəsi həyata keçirilir.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur. Ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir. /report/





DİGƏR XƏBƏRLƏR
up