“Ukrayna-Rusiya müharibəsi səbəbindən Avropanın təhlükəsizliyi risk altındadır. Şengen İnformasiya Sistemində və bizim məlumat bazalarımızda bəzi yoxlamalar həm cihadçı, həm də sağçı terrorizmin Ukraynada olmasını təsdiqləyir”.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Europol" direktoru Ketrin De Bolle Şimali Makedoniyanın paytaxtı Skopyedə “Polis rəisləri, mütəşəkkil cinayətkarlıqla mübarizə,çağırışlar və dəstək” mövzusunda keçirilən regional konfransda çıxış edərkən deyib.
De Bolle Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropanın təhlükəsizliyinə risk kimi qiymətləndirib.
Qərbi Balkanların "Europol" üçün prioritet bölgə olduğunu bildirən De Bolle Qərbi Balkan ölkələri ilə daha çox əməkdaşlıq və tədbirlərdə birgə iştirakın vacibliyini vurğulayıb.
Ukraynalı qaçqınlara qarşı sui-istifadə riski ilə bağlı narahatlığını ifadə edən De Bolle sığınacaq axtaranların insan alveri ilə məşğul olan cinayətkarların qurbanına çevrilə biləcəkləri barədə xəbərdarlıq edib.
Konfransda "Europol"un yüksək vəzifəli şəxsləri ilə yanaşı, Qərbi Balkanlar və İtaliya, Yunanıstan və Bolqarıstandan polis məmurları iştirak ediblər. /ölkə.az/