Putin nüvə müharibəsinə başlasa, Azərbaycanı hansı təhlükə gözləyə bilər? - İLGİNC AÇIQLAMA
29-09-2022, 22:15

Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib. ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces isə bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək və bu, nüvə müharibəsinə yol açacaq. Bəs görəsən bu fikirlrə nə dərəcəd realdır? Dünyanı belə bir təhlükə gözləyirmi?

AZİNFORM.AZ xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İngiltərə kəşfiyyatı dünyanın ən məlumatlı strukturlarından biridir: “Rusiyanın belə bir planının olduğunu istisna etmirəm. Xüsusilə də savaşın hal-hazırkı gedişatı tamamilə Rusiyanın əleyhinədir. Ukraynanın işğal edilən 4 vilayətinin ərazisində keçirilən referendum məhz bu plana uyğun olaraq hesablanıb. Yəni Rusiya bu savaşda qalib gəlmədiyi Ukraynanın ərazilərini işğal etməklə iki məqsəd güdür. Birincisi Putin öz cəmiyyətinə göstərmək istəyir ki, guya Ukrayna müharibəsində qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olunub və bu ərazilər Rusiyanın tərkibinə qatılıb. İkincisi “bu ərazilər Rusiyanındır prizmasından yanaşaraq ölkənin təhlükəsizliyinə və suverenliyinə təhdid yarandığı üçün Kreml nüvə silahından istifadə edə bilər” kimi fikir formalaşdırmağa çalışırlar. Düşünürəm ki, bu məsələdə müəyyən qədər blef olsa da, həqiqət payı da çoxdur. Çünki Rusiyada hal-hazırda proqnozlaşdırılmayan bir hakimiyyət  mövcuddur və onlar istənilən halda avantüraya baş vura bilərlər”.

Politoloq əlavə edib ki, Qərb və ABŞ Rusiyaya belə bir addıma gedəcəyi halda qarşısının alınacağına dair xəbərdarlıq edib: “Məhz keçmiş komandanın da açıqlaması bu yöndədir. Amma hər halda bu təhlükə kifayət qədər realdır. Çünki bir neçə il öncə Putin özü də “Rusiya olmayacaqsa, bütün dünya olmasın” deyə bir fikir səsləndirib. Bu gün hikkə və imperialist zehniyyatın nəticəsində sanki normal düşünmə qabiliyyəti itirilib. Odur ki, nəyin bahasına olursa-olsun Ukraynada məqsədlərinin heç olmasa bir hissəsinə nail olmaq istəyirlər”.

Oqtay Qasımov onu da bildirib ki, 1980-ci illərdə baş verən Çernobıl qəzasından yaranan radioaktiv şüalanmanın təsirləri Azərbaycana da gəlib çatmışdı: “Əgər indi nüvə müharibəsi başlasa, yaxın ətrafda yaşayan ölkələrin əksəriyyəti bundan təsirlənəcək. Ona görə də bəşəriyyətdə sağlam düşüncəsi olan heç kəs bu dəhşəti yaşamaq istəməz”.





up