Putin azərbaycanlıları da döyüşə göndərir
24-09-2022, 09:38

Putin azərbaycanlıları da döyüşə göndərir-İki ölkə öz vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq etdi, bəs biz nə etməliyik?

Rusiya prezidenti Vladmir Putinin qismən səfərbərlik haqqında fərmanı ölkədə ajiotaj yaradıb. Sosial mediada yayılan xəbərlərdən görünür ki, əhalinin böyük əksəriyyəti bu xəbəri narazılıqla qarşılayıb.

AZİNFORM.AZ xəbər verir ki, dünən paytaxt Moskva da daxil olmaqla bir neçə iri şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Minlərlə insanın qatıldığı anti-rejim aksiyalarında Putin hakimiyyətinin əleyhinə şüarlar səsləndirilib, habelə hakimiyyətdən Ukraynadakı işğalçı müharibənin dayandırılması tələb olunub.

Rusiya Daxili İşlər Nazirliyi etirazaçıların üstünə daxili qoşunları, habelə xüsusi hazırlıqlı polis qüvvələrini göndərib. Nəticədə nümayişlər zorakılıqla dağıdılıb, yüzlərlə aksiya iştirakçısı saxlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünən gün boyu mindən artıq rusiyalı saxlanılaraq polis bölmələrinə aparılıb.

Xatırladaq ki, səfəbərlik qərarı Rusiyadan kütləvi qaçışa da rəvac verib. Dünən gün ərzində Rusiya ilə viza rejimi olmayan Türkiyə və postosvet ölkələrinə təyyarə biletləri qısda müddətdə satılaraq bitib. Bəzi aviakompaniyalar bilet qiymətlərini hətta 10 min avroya qədər bahalaşdırıblar.

Rusiya bu müharibəyə həm də bu ölkədə yaşayıb, işləyən miqrantları da cəlb etməyə çalışır. Bu məqsədlə Rusiya vətəndaşlığı almaq üçün proseduralar xeyli sadələşdirilib. Belə ki, Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayanların dərhal vətəndaşlıq alacağı açıqlanıb.

Bəzi postsovet ölkələri öz vətəndaşlarının Rusiya tərəfindən Ukraynaya qarşı vuruşmasını istəmir. Məsələn, dünən Qırğızıstan və Özbəkistan hakimiyyəti Rusiyadakı miqrant vətəndaşlarına xəbərdarlıq edib ki, Ukraynada müharibə aparan Rusiya ordusuna yazılmasınlar.

Moskvadakı Qırğızıstan səfirliyinin sentyabrın 21-də yaydığı bəyanatda bildirilir ki, xarici ölkələrin ərazisində hərbi fəaliyyətdə hər hansı formada iştirak muzdlu fəaliyyət hesab ediləcək, 10 ilədək həbs, əmlakın müsadirəsilə cəzalandırılacaq. Səfirlik vətəndaşlarına bildirir ki, onlara hərbi əməliyyatlara qoşulmağa çağıran sənəd gələrsə diplomatik təmsilçiliyə müraciət etsinlər.

Özbəkistan səfirliyi də oxşar bəyanatla çıxış edib, xarici ordulara qoşulmağın qanunsuz olduğunu, 10 ilədək həbslə cəzalandırılacağını bildirib.

Qırğızıstan həmsərhəd olmayan ölkələrlə ikili vətəndaşlığı tanıyır. Rusiyadakı qırğız əmək miqrantlarının çoxunun Rusiya vətəndaşlığı da var və səfərbərliyə cəlb oluna bilərlər.

Özbəkistan isə ikili vətəndaşlığı tanımır. Rusiyadakı 1.2 milyon özbək miqrantın çoxu Rusiya vətəndaşlığı almaq istəyir, bəziləri bundan ötrü Rusiya silahlı qüvvələrində xidmət keçir.

Bəs ikili vətəndaşlığı qadağan edən Azərbaycan bu məsələdə hansı mövqeni tutmalıdır? Məlumdur ki, Rusiyada 2 milyonadək azərbaycanlı işləyir və yaşayır. Onların bir hissəsi bu ölkənin vətəndaşlığını qəbul edib, qalan hissəsi də iş icazələri ilə müvəqqəti qeydiyyatdadırlar. Rusiya hökumətinin vətəndaşlığı Ukraynaya qarşı döyüşməyin qarşılığında asan şərtlərlə verməsi bir çoxlarına cazibəli təklif kimi görünə bilər.

Bu da var ki, Rusiya vətəndaşlığı olan azərbaycanlılar hakimiyyətin səfərbərlik tələbindən yayına bilməyəcəklər. Çünki sentyabrın 20-də Dövlət Dumasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə, Rusiya silahlı qüvvələrinə qoşulmaqdan imtina edən Rusiya vətəndaşları üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Belə olan halda Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? Səfərbərliklə bağlı onları nə gözləyir? Ukraynaya qarşı vuruşan Azərbaycan vətəndaşına ölkəmizdə hüquqi münasibət necə olacaq ?

Hüquqşünas Hafiz Həsənov məsələni şərhində bildirib ki, Rusiyadakı azərbaycanlılar bu ölkənin vətəndaşlarıdırsa, həmin şəxslər səfərbərliyə cəlb edilə və ya könüllü olaraq hərbi əməliyyatlara cəlb edilə bilərlər: “Rusiyada yaşayan Azərbaycan vətəndaşları isə hakimiyyət tərəfəindən səfərbərliyə cəlb edilə bilməzlər. Onların könüllü olaraq Rusiya Federasiyası tərəfindən aparılan hərbi münaqişələrdə iştirak etmələrinə görə Cinayə Məcəlləsində konkert maddə nəzərdə tutulmayıb. Yalnız 2014-cü ildə CM-yə 283-1. “Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma” adlı 283-1.-ci maddə əlavə edilib. Burada dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə və bu cür silahlı birləşmədə iştirakdan söhbət gedir”.

Hüquqşünas bildirir ki, əgər Cinayət Məcəlləsinə bu məsələ barədə konkret maddə əlavə edilməsə, Rusiya tərəfindən Ukraynaya qarşı vuruşan azərbaycanılar cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. /pressklub/





up