Jurnalist Rəisinin bu istəyinə görə müsahibəni ləğv etdi
23-09-2022, 19:55

Tanınmış jurnalist Kristian Amanpour İran Prezidenti İbrahim Rəisi ilə müsahibəsini ləğv edib. Buna səbəb Nyu-Yorkda olan İran Prezidentinin müsahibə zamanı CNN-in jurnalistindən başını örtməsini istəməsi olub. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Amanpour zünün "Twitter” hesabında yazıb.

"Ötən həftə əxlaq polisinin həbs etdiyi Məhsa Amininin ölümünə görə İranda etirazlar genişlənir və qadınlar hicablarını yandırırlar. İnsan haqları qrupları azı 8 nəfərin öldüyünü bildirir. Dünən gecə mən Prezident Rəisidən bütün bunlar və daha çox şey haqqında soruşmağı planlaşdırırdım. Müsahibə üçün təyin edilən görüş vaxtından 40 dəqiqə keçəndən sonra Prezidentin köməkçisi gələrək Rəisinin başımı örtməyimi istədiyini dedi, çünki onlarda Məhərrəm və Səfər ayları imiş”, -  Amanpour yazıb.

Jurnalist bildirib ki, o, bu təklifi qəbul etməyib.

"Mən nəzakətlə rədd etdim. Hicabla bağlı qanun və ya ənənənin olmadığı Nyu-Yorkdayıq. Qeyd etdim ki, İrandan kənarda mənə müsahibə verən heç bir əvvəlki İran prezidenti bunu tələb etməyib”, - o qeyd edib.

Amanpour bundan sonra onların müsahibədən imtina etdiklərini yazıb və Rəisinin müsahibə zamanı oturmalı olduğu boş stulun və özünün şəklini paylaşıb.

İranda keçən həftə əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Mahsa Amininin həbsdən bir neçə saat sonra vəfat etməsi şiddətli iğtişaşlara səbəb olub. Artıq bir həftədir ki, İranın bütün şəhərlərində etiraz aksiyaları keçirilir və iddia edilir ki, 20-ə yaxın ölən var.





up