İntihara cəhd edən Qarabağ qazisi: “Direktor müavini medallarıma söydü, icra başçısı isə...” - VİDEO
6-09-2022, 21:15

2-ci Qarabağ müharibəsi qazisi İsmayılov Abış Samir oğlu mühafizəçi kimi işlədiyi xəstəxanada haqsızlıqla üzləşib. O, bu barədə redaksiyamıza videomüraciətində bildirib. Qarabağ qazisi qeyd edib ki, 10 aydır Sabirabad rayon Mərkəzi Xəstəxanasında mühafiəçi kimi çalışır. Ora işə yeni təyin olunmuş Bayram Mikayılov adlı şəxs Qarabağ qazisini incidir: “Bu şəxs  Xətai rayonunda işləyərkən, eləcə də Saatlıda işlədiyi dönəmdə  yol verdiyi nöqsanlara görə işdən azad edilib. 

Sabirabad rayonunda  Dövlət Sosial Müdafiə Fondunin şöbəsində direktor işləyərkən korrupsiyaya yol verdiyinə görə işdən azad edilib.  Onu mən çalışdığım xəstəxanaya maliyyə işləri üzrə direktor müavini təyin ediblər. 3 aydır bura gəlib, mən də 10 aydır ki, burada problemsiz işləyirəm. Məni bir dəfə yanına çağırıb ki, sən bura pulsuz gəlmisən, mənim “haqq-hesabımı” ver. O zaman bu sözləri önəmsəmədim, daha sonra xəstəxana həyətində bu sözləri təkrar edib. Ona dedim ki, mən 4 medalla təltif olunmuşam. Məni küçə söyüşləri ilə təhqir etdi, hətta medallarıma da söydü”.  Qarabağ qazisi bildirib ki, avqustun 18-də daha bir hadisə baş verib və bu, pik nöqtə olub: “Xəstəxanaya bir nəfər gəldi, həkim olduğunu bildirmədi, əgər bunu desəydi, onu içəri buraxardım.  Bundan sonra Bayram Mikayılov məni çağırdı, dedi, nə olsun ki, qazisən, mən sənin üçün direktor Ənvər olmayacağam”. 

 Bununla da problem dərinləşib, hətta qazi intihar həddinə çatdırıldığını deyir. Bu məqsədlə Bakıya, Prezident Aparatının qarşısına gəlib və burada polis əməkdaşları onun cəhdinin qarşısını alıblar:  “Məni rayona, icra başçısının yanına gətirdilər. İcra başçısına dedim ki, bu adam mənim medalımı təhqir edib, sizi də Prezident bura qoyub ki, problemləri həll edəsəniz. İcra baçısı mənə dedi ki, get, məhkəməyə ver.  Mən indi nə edim? Bu adamla məhkəmədə çəkişim?” Qazi iddia edib ki, ondan “haqq-hesab” tələb edən şəxs vəzifəyə təyinatı üçün 30 min manat verdiyini də deyib. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


AZİNFORM.AZ



up