V Milli Kitab Sərgisində maraqlı təqdimatların və görüşlərin şahidi olduq.
Dostum Fazil Mustafanın "Dirilən adamın düşüncələri" adlı yeni möhtəşəm kitabının təqdimatı sərginin mühüm hadisələrindən biri kimi yadda qalacaq. Fazil bəyə yeni yaradıcılıq uğurları arzulayıram.
Yazıçı və şair gənclər kitablarını satmaqda çox əziyyət çəkirlər, kitablar televiziya və saytlarda təşviq olunmur. Yazıçı və şair öz kitabını təbliğ etməməlidir. Yaşlı nəsil yazıçı və şairlər isə satışla maraqlı deyillər. Özlərini çoxdan tutublar. Yeni çapdan çıxan kitablar haqqında xüsusi bülletenlər hazırlanıb paylanmalıdır. Gənclərə dəstək çox vacib məsələdir. Avropanın böyük yazıçıları yeni nəsil yazıçı, şair və tədqiqatçıların yetişməsi üçün əllərindən gələni əsirgəməyiblər, 10-larla Nobel mükafatı laureatı mükafatdan onlara düşən vəsaiti gənclərə xərcləyiblər.
Kitab sərgisinin bugünkü gündəliyində maraqlı bir debatın olacağına rast gəldim. Mövzunun adı belədir: Universitetlərdə mütaliə mühiti varmı?
Universitetlərdə mütaliə mühitinin olması üçün bir neçə şərti vacib sayıram:
- Müəllim öz fənnini dərindən bilməklə yanaşı, həm də mütaliə etməlidir. Ötən əsrin 80-90-cı illərin mühazirələri yolverilməzdir.
- Universitet kitabxanaları zəngin olmalıdır və bütün elm sahələri üzrə çap olunan kitablar təşviq olunmalıdır.
- Universitet rektorları mütaliələri ilə seçilməlidirlər. Təəssüflər olsun ki, bu, belə deyil.
- Universitet tələbələri ilə mütaliəli şəxslərin görüşləri keçirilməlidir. 2-3 Universitetdən başqa mən buna rast gəlməmişəm.
- Universitetlər TEDX platformasına qoşulmalıdırlar. Ən azı ayda 2 dəfə TEDX mühazirələri təşkil olunmalıdır.
- Universitetlərdə ləğv olunmuş kitab mağazaları bərpa olunmalıdr.
- Humanitar sahələrin mütəxəsisləri ilə təbiət elmləri üzrə mütəxəssislərin dialoqları təşkil olunmalıdır.
- Tələbələlərə qədəm qoyduğumuz 4-cü sənaye inqilabı və postindustrial cəmiyyətdə biliyin və elmin statusu barədə mühazirələr təşkil olunmalıdır.
- Bakıda fəaliyyət göstərən elitar kitab mağazalarında debatlar keçirilməlidir. Kitablarla tanışlıq geniş vüsət almalıdır.
- Dilimizə elm sahəsində olan kitabların tərcüməsi işi intensivləşməlidir. Dil mütaliə amilində çox mühüm rol oynayır. Qardaş Türkiyənin bu sahədə işləri misilsizdir. Əsas təcrübələrdən biri Türkiyə təcrübəsidir.
Universitetlər hər ay kitabxanalarını yeniləyib, kitabxanaya yeni məzmun verə bimirlərsə, biz hansı mütaliədən danışa bilərik.
Mən tanınmış kitab mağazalarında elm sahələri üzrə möhtəşəm kitabların üstünü toz basmış görəndə çox pis oluram. 100-lərə belə kitabların adını çəkə bilərəm.
Gənclər bilik istəyirlər, biz isə bu dəyəri onlara verə bilmirik.