“Bakıdan bir milyonçu Xankədinə gedib ev almaq istəsə, bir sürü erməni töküləcək ki...”
14-03-2023, 22:12

Rusiya Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsini faktiki olaraq tam nəzarəti altında saxlayır. Və əgər yaxın müddətdə Rusiyada rejim dəyişikliyi və qəfil çöküş, parçalanma baş verməzsə,  azı iki il yarım müddətində, yəni 10 noyabr bəyanatına əsasən “sülhməramlı” kontingentin 5 illik müddəti bitməyincə bu, belə də davam edəcək. Belə çıxır ki, bu müddət ərzində bizim – Azərbaycan dövləti olaraq Qarabağın dağlıq hissəsində, yəni Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və s. ərazilərimizdə yurisdiksiyamızın bərpası çətin ki, baş tutsun. 

Bəs əslinə baxanda Rusiya üçün optimal variant deyilmi ki, sabah hərbi qüvvələrini oradan çıxarmağa məcbur olanda ABŞ və ya Avropanın təsir dairəsinə düşməsindənsə,  onun hərbi kontingenti Qarabağda ola-ola rəsmi Bakıya öz yurisdiksiyasının sözügedən ərazilərdə bərpasına şərait yaratsın və nəticədə keçmiş SSRİ dövründə olduğu kimi, orada rəsmən Bakıdan təyin edilən və yönləndirilən, Moskva tərəfindən isə nəzarət edilən bir növ paralel bir idarəçilik bərqərar olsun?

AZİNFORM.AZ xəbər verir ki, sabiq baş diplomat Tofiq Zülfüqarov mövzu ilə bağlı bunları deyib.

“Əslində söhbət elə bundan gedir də... Və  dediyiniz variant Rusiya üçün ən uduşlu variantdır. Çünki sabah Ermənistandan çıxsalar da, heç olmasa, Qarabağda qalsınlar. Erməni-azərbaycanlı qarşıdurmasını gücləndirmək rusları sıfırlayacaq, çünki tədricən orada heç bir erməni qalmayacaq. Adi, kasıb ermənilər düşünəcək ki, mən burada nəyə qalıram, nəyimə lazımdır, bu atışmanın, qırğının ortasında yaşamaq. Bu saat misal üçün Bakıdan bir milyonçu Xankəndiyə gəlib bir ermənidən soruşsa ki, evi neçəyə çatırsan, nə qədər pul deyirsən, verək, çıx get, bir sürü erməni töküləcək və hər şeylərini satıb qaçacaqlar. Sadəcə, onlar bu saat sata bilmirlər axı evlərini. Bilirsiz, öncə də bu haqda geniş danışmışdıq; biz rəsmi olaraq internet vasitəsilə onların daşınmaz əmlaklarını, evlərini satmalarına şərait yaratmalıyıq ki, çıxıb getsinlər”.

“Bəlkə bir tərəfdən də qarşıdurmanın qızışdırılması Rusiyaya sərf edir?  Yəni bunu bəhanə edib deyirlər ki, biz olmasaq, daha kütləvi qırğınlar baş verər...” sualını isə həmsöhbətimiz belə cavablandırıb.

“Əlbəttə, bu, hamıya sərf edir; İrana da, Qərbə də. Bəs 30 ilin ərzində belə gedişata vərdiş ediblər axı... Yəni hər tərəf çalışır ki, münaqişənin idarəsini öz əlinə keçirsin. Özü də yalnız Qarabağ ətrafında bu, belə deyil. O boyda Çinin də öz Qarabağı var- Tayvan... ABŞ-la bunun üstündə az qalıb müharibə edə. Hindistanın Kəşmiri var, İspaniyanın Kataloniyası və s. İndi biz güc yolu ilə Qarabağ məsələsinin xeyli hissəsini həll elədik. Hələlik imkan var ki, məsələni tamamilə bitirək. Amma qlobal güclər dövlətlər, təəssüf ki, buna imkan vermirlər...”. /moderator.az/







up