İstanbulun Bakırköy rayon Respublika Prokurorluğu tanınmış kriminal avtoritet, Lotu Quli kimi tanınan Nadir Səlifovun işi üzrə ittiham aktı hazırlayıb.
AZİNFORM.AZ xəbər verir ki, ittihamnamədə qanuni oğrunun qətlinin Rövşən Lənkəranski ləqəbli digər azərbaycanlı kriminal rəhbəri Rövşən Caniyevin qisas aktı olduğu bildirilir. Lotu Qulinin qətlinin sifarişçiləri və təşkilatçıları Rövşənin qardaşı da daxil olmaqla, Caniyevin dəstəsinin üzvləri olub.
Xatırladaq ki, Lotu Quli 2020-ci ilin avqustunda Nazir Əzizoğlu adı ilə Türkiyəyə daxil olub. Antalyada beşulduzlu otelin restoranında o, yaxın dostu Haqan Zeynalov (Xan Bakinski) tərəfindən güllələnib. Lakin Zeynalov istintaqa verdiyi ifadəsində kriminal rəhbərini öldürdüyünü, həmçinin 4 milyon dollar qonorar aldığını etiraf etməyib.
İstintaq materiallarına görə, Zeynalov Səlifova 2 dəfə atəş açıb, daha sonra oteldən qaçaraq yaxınlıqda onu gözləyən Əmir Həmidlinin maşınına minərək hadisə yerini tərk edib. Lakin Türkiyə polisi qatilin izinə düşüb, avtomobil Antalya-Dənizli avtomobil yolunda saxlanılıb. Hər iki şəxs saxlanılıb, avtomobildən tapança və bıçaq aşkar edilib.
Lotu Quli bir mafioz quruluşun lideri olduğundan və onun qətlini mütəşəkkil dəstə törətdiyindən iş İstanbul prokurorluğuna keçib. Bundan sonra İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırma aparıb və onun əsasında qətlin 2016-cı il avqustun 18-də odlu silahla qətlə yetirilən Rövşən Lənkəranskinin qisas məqsədi ilə törədildiyini müəyyən etmək mümkün olub.
O da məlum olub ki, Xaqan Zeynalov və Əmir Həmidli ilə yanaşı, Əli Mövlamlı, Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova, Namiq Caniyev (Rövşən Lənkəranskinin qardaşı, Dövlət Gömrük Komitəsinin polkovniki), Rəsul Həsənov, Ümid Nəcəfov, Cəmil Keleş, Nursen Arasoğlunun qətlində Erkan Aşan və vəkil iştirak edib. İstanbul və Ərzurumda həmin şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. Bu əməliyyatlar zamanı polis Mövlamlı, Həsənov, Nəcəfov, Keleş, Aşan və Arasoğlunu həbs edib. Arasoğlu daha sonra həbsdən azad edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Caniyev axtarışa verilib.
İttihamda qeyd olunur ki, Rövşən Lənkəranskinin ailəsi əmindir ki, onların qohumunun qətlini Lotu Quli təşkil edib; Rövşənin yaxınları qisas almaq qərarına gəlib. Bu məqsədlə Namiq Caniyev, Camal Həsənov və Cəfər Əlizadənin rəhbərliyi altında mütəşəkkil dəstə yaradılıb.
İstintaq materiallarına görə, Namiq Caniyevin dəstəsindən Cəfər Əlizadə bu cinayəti Əmir Həmidliyə tapşırıb. Qrup seçilmiş cinayət yerində ilkin müşahidə aparıb. Xanımnisə Məmmədova və Əmir Həmidli özlərini sevgili kimi təqdim edərək Səlifovun yaşadığı oteldə məskunlaşıblar. Camal Həsənova lazımi məlumatı verərək hadisədən iki gün əvvəl oteli tərk ediblər. Əvvəllər qrup Səlifovu və onun qardaşını öldürməyə bir neçə dəfə cəhd edib, lakin bu cəhdlərin qarşısı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən alınıb. Cəfər Əlizadə sonda Lotu Qulinin etibarlı adamı Xaqan Zeynalovu 4 milyon dollar müqabilində müdirinin qətlini törətməyə razı salıb.
İttiham aktında qrupun digər üzvlərinin cinayətdə rolu təfərrüatlı şəkildə göstərilib. İttiham aktı baxılması üçün Bakırköy Ağır Cinayətlər Məhkəməsinə göndərilib, ibtidai istintaqdan sonra qətl Antalyada baş verdiyi üçün Manavqat Məhkəməsinə verilib. Manavqatda bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Şübhəlilər İzmir, Tekirdağ, Maltəpə həbsxanalarından, eləcə də Ərzurumdakı təcridxanadan xüsusi videokonfrans sistemindən istifadə etməklə məhkəmə prosesinə qoşulublar.
İzmir qapalı həbsxanasında olan Xaqan Zeynalov məhkəməyə verdiyi ifadəsində Lota Qulini öldürmədiyini bildirib: “O, mənim yaxın dostum olub. Məni Türkiyəyə dəvət etdi. Avqustun 17-də aramızda mübahisə yarandı. Nadir Səlifov mənə Moskvada yaşayan iş adamını oğurlamağı tapşırdı. Razı olmadım. Mübahisə zamanı Nadir məni vurdu, zalda 8 silahlı mühafizəçi var idi. Dava zamanı mənə atəş açıldı və özümü qorumaq üçün tapança çıxarıb sola atəş etdim. Nadir sağda idi”.
Qatil iddia edib ki, hadisədən əvvəl Əmir Həmidli ilə oteldə görüşüb və avqustun 19-da onunla İstanbula getməyə hazırlaşır. Lakin insident bütün planları pozdu və Zeynalov təcili getməli oldu.
Müstəntiq Zeynalova xatırladıb ki, bundan əvvəl istintaqa verdiyi ifadəsində qətli necə törətdiyi barədə ətraflı danışıb. Təqsirləndirilən şəxs həmin ifadələri təzyiq altında verdiyini bildirib.
Əmir Həmidli də məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O, bildirib ki, hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova Türkiyəyə istirahətə gəliblər, Məmmədova isə fahişəliklə məşğul olub. O, əlavə edib ki, yaralı Zeynalov təcili olaraq oteldən çıxarılmasını istəyib və bunu Səlifovla mübahisəsi ilə izah edib.
Məhkəmənin kollegiyası Əmir Həmidliyə əvvəllər istintaqa verdiyi ifadəni xatırladıb və onun qətli təşkil etdiyini etiraf edib. Həmidli bu ifadəni təzyiq altında verdiyini də bildirib. Lakin aşkar faktlar Zeynalov və Həmidlinin bəraətverici ifadələrini dəstəkləmir.