Stalinin dustaq saxlanıldığı “Zindan qalası” kimin “əsirliyindədir”? – Mədəniyyət nazirinin oxumalı olduğu yazı
5-10-2022, 12:00

Mədəniyyət abidələri bizim kimliyimizdir, onu qorumaq hər kəsin borcudur. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda kifayət qədər baxımsız qalan tarixi abidələrimiz var. 

Bəzi tarixi və arxeoloji abidələrimiz diqqətdən kənarda qalıb və nəticədə müəyyən vaxtdan sonra onların itirilmək təhlükəsi yaranıb. Həmin abidələr Mədəniyyət Nazirliyinin balansında olsa da, faktiki olaraq onlara laqeydlik nümayiş etdirilir.

AZİNFORM.AZ bildirir ki, dağılmış, acınacaqlı vəziyyətdə qalan abidələrdən biri də Lənkəran rayonunda, Sütəmurdov körpüsü yaxınlığında yerləşən tarixi Dairəvi qaladır. Hansı ki, bu qala Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə memarlıq abidələri siyahısına daxil edilərək, dövlət tərəfindən mühafizə olunur.

Əvvəlcə qalanın tarixi haqda..

Əsaslı təmirə ehtiyacı olan tarixi Dairəvi Qala XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Onun hündürlüyü 20 metr, diametri isə 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir. 1869-cu ildə cənub qütbü hesab olunan Dairəvi qala hərbi qüvvələrin əlinə keçib və 1869-1970-ci ildə qədər, bir əsr zindan kimi istifadə olunub. Qalanın kim tərəfindən tikildiyi dəqiq məlum olmasa da, əksər mənbələrdə onun 1747-1786-cı illərdə müdafiə məqsədilə Səfəvi nəslindən olan Seyid Abbas xanın tapşırığı ilə Talış vilayətinin hakimi təyin edilən Nadir şahın göstərişi əsasında tikildiyi qeyd edilib.

XX əsrin əvvəllərində İosif Stalin də poçt qatarına silahlı qarətin təşkilinə görə həbs ediləndə məhz bu həbsxanada saxlanılıb. Sovet işğalından sonra da 1956-cı ilə qədər qaladan həbsxana kimi istifadə edilib. Məhz buna görə də qalaya “Zindan qalası” da deyilir. 1970-1990-cı illər arasında qalada tikiş sexi yerləşib. 2015-ci ilin fevral ayında güclü qar nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağıldığından tarixi abidə qəzalı vəziyyətə düşüb. Onun yenidən bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.

Mədəniyyət Nazirliyinin “əl gəzdirmədiyi” abidə...

Hər kəsə bəllidir ki, xüsusilə Mədəniyyət Nazirliyi tarixi-mədəni irsimizin qorunmasında mühüm funksiyalara malikdir. Lakin indiki vəziyyətə nəzər salsaq, dağılmış abidələrimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görərik. Halbuki “Zindan qalası” restavrasiya olunarsa, təmir edilərsə, əcnəbi turistlərdə də böyük maraq oyadar. Stalinin saxlandığı qalanın isə turistlərin marağına hansı dərəcədə səbəb olacağını təsəvvür etmək elə də çətin deyil. Xalqımızın mədəniyyəti, tarixi irsimizlə hər kəsi təəccübləndirmək mümkündür. Lakin nazirlik sanki tarixin qorunmasına deyil, silinməsinə xidmət edir.

Azərbaycan Konstitusiyasında yazılır ki, tarix və mədəniyyət abidələrini qorumaq müvafiq qurumların və hər bir şəxsin borcudur. Amma nazirlik bu borcun öhdəsindən gələ bilirmi? Bu quruma yeni nazir də gəldi, kadr dəyişikliyi də oldu, nə fayda...

Görünən odur ki, hələ 1 ildir vəzifəyə təyin olunan Mədəniyyət naziri Anar Kərimov ona göstərilən yüksək etimadı doğrultmaqda çətinlik çəkir. Bir xalqı, ölkəni dünyada tanıdan ən birinci onun mədəniyyəti, tarixidir. Dövlət büdcəsindən külli miqdarda vəsait hesabına qorunması nəzərdə tutulmuş əhəmiyyətli abidələrin belə acınacaqlı vəziyyətdə qalması isə heç bir məntiqə sığmır.

“Zindan qalası”nın qısa zamanda əbədiyyətə qovuşması isə an məsələsidir. Məhz buna görə də nazirlik necə deyərlər, özünü silkələməli, qısa zamanda bu istiqamətdə tədbirlər görməlidir. Əks halda, ayrılan vəsaitlərin hara xərcləndiyi sual altında qalacaq. /sfera.az/

AZİNFORM.AZ 





up