Baş Prokurorluğun bəzi saytlar və sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlamasi barədə yaydığı məlumat hələ də bəzilərinin Aprel və Tovuz döyüşlərinin, eləcə də 44 günlük müharibənin dərslərindən nəticə çıxarmadıqlarını sübuta yetirir. Bütün bunlar, həm də "Media haqqında" qanuna, eləcə də informasiya təhlükəsizliyi ilə bağlı müvafiq qanunvericilik aktlarına münasibətdə kənardan ötürülən, yaxud kimlərinsə fərqlənmək, "ağıllı görünmək" niyyətindən doğan "tezisləriylə" opponentlik etməyə çalışan xroniki narazıların mövqeyinin ictimai maraqların müdafiəsi baxımından nə qədər təhlükəli olduğunu nümayiş etdirir.
Baş verənlərə münasibətdə Baş Prokurorluğun çevik reaksiyası, şübhəsiz ki, təqdir olunmalıdır. Amma ictimai maraqların müdafiəsi təkcə Baş Prokurorluğun, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının vəzifəsi deyil. Dövlətin vətəndaşlar qarşısında Konstitusiyadan və digər qanunvericilik aktlarından irəli gələn vəzifələri olduğu kimi, vətəndaşların da dövlət qarşısında vəzifə və məsuliyyətləri var. Azərbaycan Respublikası Konstitusiyasının 24-cu maddəsinin III bəndinə əsasən, "hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir".
Baş verənlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli sərəncamında yer alan məsələlərin aktuallığını da bir daha gündəmə gətirilir.
Sözügedən sərəncamda cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil edilməsinin vacibliyi vurğulanır. Respublika Baş Prokurorluğunun məlumatında yer alan məqamlar da sübuta yetirir ki, bu proses davamlı olmalı, maarifləndirmə işi fasiləsiz olaraq həyata keçirilməlidir.
Bununla yanaşı, Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görməlidirlər. Bu proses kompaniya xarakteri daşımamalı, daha peşəkar, daha çevik şəkildə həyata keçirilməlidir.
Qeyd olunanlar söz, ifadə və mətbuat azadlığından sui-istifadə edən, nəzarətlərindəki internet resurslarından yararlanmaqla qanunsuz yollarla pul qazanmağa çalışan, cəmiyyət və dövlət qarşısında məsuliyyətini anlamayan, jurnalist adına ləkə olan şəxslərə qarşı daha sərt mübarizə aparılmasını zəruri edir.
Söz, ifadə və mətbuat azadlığı heç bir halda vətəndaşın, cəmiyyətin və dövlətin təhlükəsizliyini təhdid etməməli, ictimai maraqları zərbə altına qoymamalıdır.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsinin 2-ci maddəsində qeyd olunur ki, söz, ifadə, mətbuat və digər hüquq və "azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".
Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinə tam cavab verməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, ictimai maraqların müdafiəsinə xidmət edir. /demokrat.az/