AFN.az xəbər verir ki, bunu keçmiş deputat Hacı Qalib Salahzadə deyib. O, qeyd edib ki, A.Vəliyev tərəfindən təhdid edilib: "Mənə “maşınla sənin üstündən keçərəm” dedi. Ətrafımdakı insanlar Adil Vəliyevin bu sözünə çox hiddətləndilər. Amma mən onları sakitləşdirdim. İmkan vermədik ki, onlar təxribata uysunlar. Şəxsən mən inanmıram ki, hörmətli Nağdəliyev və Nuriyev kimi yüksək vəzifə sahibləri mənin torpaq sahəmin hasarlarının sökülməsi barədə göstəriş versin”.
Q.Salahzadə qeyd edib ki, onun bağı Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun bağının qonşuluğunda yerləşir: “Bağımda 3 ev var, hamısı da mənim adımadır. 20 il əvvəl 500 min manata almışam. Fərhad və Ağaismayıl adlı həmin şəxlər bu gün də sağdırlar. Ağsaqqalların iştirakı ilə onların hər birindən halallıq almışam. 15 ildir ki, bağın qaz, işıq, su xətləri var, istifadə olunub. Qanunla heç kəsin ixtiyarı yoxdur ki, mənim bağımın hasarlarını söksün, oranı əlimdən alsın. Bağın sənədi var. Köhnə bələdiyyə qərarıdır. Etiraf edirəm ki, mənim də səhlənkarlığım olub. Vaxtında çıxarış düzəltdirməmişəm. Çünki mən köhnə kişilərdənəm. Kişi sözünə dəyər verən, inanan biriyəm. Adil Vəliyev mənə dedi ki, sən özünü qoçu hesab edirsən? Cavab verdim ki, qoçu sənsən, yoxsa mən? Təbii ki, mən ona ağır cavab vermədim. Düşünürəm ki, onun məqsədi məni təxribata çəkmək idi, amma getmədim. Bu günün sabahı da var. Məndən aldıqları torpaqları gec-tez özümə qaytaracaqlar”.
Qalib Salahzadə onu da bildirdi ki, bağının guya ərazidə bulvar salınacağı üçün sökülməsi barədə deyilənlər yalandır: “Orada bir çoxlarının bağı var. Ancaq təkcə mənim bağımı sökürlər. Hələ 2013-cü ildə Adil Vəliyev yeni icra başçısı təyin olunanda əraziyə gəlib mənə “öyüd-nəsihətlər” verdi. Onda da mən ona ağır söz demədim. Görünür, onun və digərlərinin mənim torpağımda gözləri qalıb.
Q.Salahzadə Bilgəh qəsəbəsindəki bağ evinin də hələ də ona qaytarılmadığını dedi: “Milli Məclisin keçmiş sədri Rəsul Quliyevdən aldığım həmin bağı evini müəyyən adamların əli ilə Ağasif Şakiroğlu adlı partiya sədri ələ keçirdi. O da həmin torpaq sahəsinin 80 sotunu kənd icra nümayəndəsi, Baş nazirin əmisi oğlu Vüqar Əsədova verib. Ancaq mən bu gün də inanıram ki, gec-tez haqq-ədalət özü yerini tutacaq və torpaq sahələrim özümə qaytarılacaq”.