Dağıntılar altında nə qədər sağ qalmaq mümkündür?
11-02-2023, 16:08

Vaxt keçdikcə Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra dağıntılar altında qalanlar üçün narahatlıq artır. Həmin ölkələrlə yanaşı, dünyanın müxtəlif yerlərindən olan xilasedicilər sağ qalanları beton qalıqların altından xilas etmək üçün bütün güclərini səfərbər ediblər.

Bəs zəlzələ zamanı dağıntılar altında nə qədər yaşamaq olar?

BBC-yə danışan ekspertlər bunun bir çox amillərlə bağlı olduğunu deyiblər.

Əsas məsələ insanlar məlumatlı və hazırlıqlı olmalıdır. Bundan sonra hava və suya əlçatanlıq, yaralanma səviyyəsi, iqlim və hava şərtləri, psixoloji güclü olmaq kimi faktorlar da önəm daşıyır. Zəlzələ zamanı düzgün seçilmiş yer qorunmanı və nəfəs almaq üçün havanı təmin edə bilər. Stolun və ya bərk əşyanın altına girmək və silkələnmə keçənə qədər möhkəm durmaq lazımdır.

Uçmuş binanın altında qalanda sağ çıxmaq üçün hava və suya çıxış vacibdir. Ancaq bu, həm də zədələnmənin səviyyəsindən asılıdır. Qan itirmək və orqanlarda sınıqlar sağ qalma şansının 24 saatdan çox olmasını çətinləşdirir, ölüm ehtimalını artırır.

Unutmaq lazım deyil ki, yetkin insan bədən istiliyini saxlamaq qabiliyyətini itirmədən maksimum 21 dərəcə selsiyə dözə bilir. Bundan daha soyuq olarsa, işlər çətinləşir.

Belə vəziyyətlərdə qorxu hissindən qurtulmaq və özünü idarə etməyə çalışmaq vacibdir. İnsan düşünməlidir ki,  indi mən buradayam və yaşamaq üçün bir yol tapmalıyam. Daha az qışqırmalı və hərəkət etməli, hissləri idarə edərək enerjini qənaətlə istifadə etməlidir.

Bütün bunlara baxmayaraq, dünyada möcüzə kimi həyatda qalma hekayələri var. 1995-ci ildə Cənubi Koreyada baş verən zəlzələdə bir nəfər 10 gün, 2013-cü ilin mayında fabrikin dağılmasından sonra isə bir qadın 17 gün sonra dağıntılar altından çıxarılıb.

2010-cu ilin yanvarında Haitidə 220 000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra bir nəfərin 12, daha sonra digərinin 27 gün sonra dağıntılar altından çıxarıldığı bildirilib.

2005-ci ilin oktyabrında Kəşmirin Pakistan hissəsində baş verən zəlzələdən sonra 40 yaşlı Naksa Bibi adlı qadın 63 gün sonra mətbəxinin dağıntıları altından çıxarılıb. O, çəkisi 35 kiloqrama düşsə də, əzələlərində və beynində yaranan problemlərə baxmayaraq yaşayıb.





up