Qızıl külçələrlə bağlı xəbərə Əli İnsanovdan SƏRT REAKSİYA
6-01-2023, 15:25

Sabiq səhiyyə naziri Əli İnsanova məxsus qızıl külçələrinin özünə qaytarılacağı barədə son günlər mətbuatda yayılan məlumat təkzib olunub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyasının mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada deyilir: "Son günlər Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun “xeyirxahları” tərəfindən illərdir dəfələrlə tirajlanmış və əsaslı dəlillərlə təkzib olunmuş qarayaxmaları yenidən mətbuata çıxarıblar. HƏP-in Mətbuat Xidməti bəyan edir ki, sabiq səhiyyə naziri Əli İnsanovun Xızı rayonunda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər. Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək, güya, axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan etmişdi ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə, bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər".

Qeyd edək ki, bəzi KİV-lər bir neçə gün öncə “2005-ci ildə Ə.İnsanovdan müsadirə olunmuş təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villanın geri qaytarılması üçün Əli İnsanovun apelyasiya şikayəti verəcəyi” barədə məlumat yaymışdı./metbuat.az/





up