Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən köklü kadr dəyişikliklərindən kənarda qalmağı bacaran Xalik Məmmədov qurumda malik olduğu rəsmi səlahiyyətlərdən şəxsi maraqları naminə faydalanmaqda davam edir.
Prezident İlham Əliyevn bu ilin yayında ölkənin ən strateji qurumlarından biri olan (SOCAR-da həyata keçirdiyi əsaslı kadr islahatı nəticəsində şirkətə təqribən 17 il rəhbərlik etmiş Rövnəq Abdullayev və daha abir neçə vitse-prezident öz vəzifəsi ilə vidalaşmalı oldu.
Düşünmək olardı ki, bu dəyişiklik sayəsində Abdullayevin 2005-ci ildən etibarən, SOCAR-da formalaşdırdığı düzəndə mühüm postlar tutan, göstərilən müddət ərzində adları ən müxətlif maxinasiyalarda və qeyri-qanuni əməllərdə hallanan şirkətin iri çaplı fiqurları idarəetmədən birdəfəlik uzaqlaşdırılacaq, hətta məsuliyyətə cəlb ediləcəklər.
SOCAR-dan göndərilməsi qaçılmaz zərurətə çevrilən, lakin “görünməz əllər”in himayəsi ilə dəyişiklik dalğasının “tutmadığı” həmin kadrlardan söz düşəndə, təbii ki ilk xatırlanan şəxs şirkətin Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovdur.
Doğrudur, Rövnəq Abdullayevlə birgə istefaya göndərilən fiqurların siyahısında ilk öncə Məmmədovun da adının olmasına baxmayaraq, görünür, daha sonra bu və ya başqa səbəbdən postunda saxlanması münasib bilinib. Bununla da vəziyyəti yenə lehinə çevirməyə nail olan Məmmədov SOCAR kimi yerdə öz hökmünü davam etdirməkdədir.
Qeyd edək ki, Xalik Məmmədov ölkə mediasında ən çox, həm də neqativ planda ön plana çıxan yüksək məmurlar sırasında ilk yerlərdə qərarlaşıb. Onun SOCAR-dakı fəaliyyətində şəxsi mənafelərini əsas götürdüyü, kadr siyasətində bacarıqlı və potensiallı mütəxəssislərə deyil, qohumlarına və yerlilərinə üstünıük verdiyi, maraqlarının təmin olunması üçün “effektli” mexanizm qurduğuna dair çox sayda material dərc olunub.
Lakin ölkədə Məmmədovun prototipi olan saysız məmur ordusunun mövcudluğu fonunda bu yazılar bəlkə də diqqəti çox cəlb etməyib. Ancaq SOCAR-ın vitse-prezidentinin adının FETÖ terror şəbəkəsi ilə yanaşı çəkilməsi, onun Azərbaycandakı gülənçilərin liderlərindən biri olmasına dair yayılan davamlı məlumatlar Məmmədovun gerçək kimliyini və “paralel dövət” strukturlaşmasında vacib detal olduğunu üzə çıxardı.
Çox maraqlıdır ki, Xalik Məmmədovla yanaşı, onun oğlu, SOCAR-ın Türkiyədəki keçmiş nümayəndəsi Kənan Məmmədovun da adı FETÖ ilə birlikdə hallanırdı. Bu səbəbdən, Türkiyədən geri çağırılan Kənan Məmmədov SOCAR-dan uzaqlaşdırılaraq gözdən uzaq tutulmağa çalışılıb.
Bu ilə əlaqədar diqqəti cəlb edən məqamlardan biri də bundan ibarətdir ki, Türkiyədə və Azərbaycanda FETÖ şəbəkəsinin tam ifşasına yönəlik aparılan genişmiqyaslı kampaniya çərçivəsində Azərbaycanın istintaqa cəlb olunan yüksək məmurlarının sırasında Xalik Məmmədovun olduğu da bildirilirdi. Bu barədə xəbərlər elə sürətlə yayıldı və o qədər təsirli oldu ki, hətta SOCAR məlumatı təkzib edən xüsusi açıqlama yaymaq məcburiyyətində qaldı. Anlaşılan, hamiləri Xalik Məmmədovu bu dəfə də cinayət məsuliyyətinə cəlb olunmaqdan qoruşumdular.
Xalik Məmmədovun kredosu SOCAR-da kadr siyasətini öz maraq və istəklərinə uyğun formalaşdırmaqla məhdudlaşmayıb. O, yaxın qohumlarını da doğulduğu zəngin təbiətə malik Astara rayonunda mühüm vəzifələrə təyin edərək SOCAR-da qazandığı təsir imkanlarını cənub bölgəsinə qədər genişləndirmək cəsarəti göstərdi. Aydn məsələdir ki, irəli çəkdiyi qohumları da öz fəaliyyətlərində məhz Xalik Məmmədovun “prinsip”lərini rəhbər götürüblər.
Belə olmasaydı, onun “Astaraçay”şirkətinin başına gətirdiyi qardaşı Tələt Məmmədov qısa müddət içərisində Astarada və Lənkəranda qanunsuz əməlləri ilə “ad çıxardılar”. Yeri gəlmişkən, Tələt Məmmədovun Lənkəran rayonu Girdəni kəndində on səkiz nəfərdən ibarət ailəyə məxsus 1 hektardan artıq torpaq sahəsini qanunsuz yolla mənimsəməsi mətbuatda da geniş işıqlandırılmışdı. Eyni zamanda, münbit torpaq sahələrini suyu qiymətinə satmaqdan imtina edənlərin Tələt Məmmədov tərəfindən şərlənərək həbs etdirməsinə dair xəbərlər yayılsa da, SOCAR-ın vitse-prezidenti kimi, qardaşı da məsuliyyətdən kənarda qalıb.
Yuxarıda da qeyd olundu ki, SOCAR-da köklü kadr dəyişiklikləri həyata keçirilib və bu islahatlar quruma yeni ab-hava gətirib. Lakin Rövnəq Abdullayev dönəmində şirkətə gətirilən və tədricən oliqarxa çevrilən, təhlükəli dərəcədə “şişən” “akula”ların hansısa yollarla orada saxlanması bu atmosferi pozmaqla yanaşı, SOCAR-ın ümumi fəaliyyətinə də təsirsiz ötüşmür. Böyük ehtimalla, Xalik Məmmədovun da SOCAR kimi strateji dövlət şirkətində işinə davam etməsinin yaratdığı risklər mütləq nəzərə alınacaq və onun qurduğu “mini imperiya” nəhayət çökdürüləcək…
Mənbə: interpress.az