ŞOK OLAY: "Bıçağı ürəyinə sancdı" - Qətlin TƏFƏRRÜATI – VİDEO
5-08-2022, 20:36
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

CİNAYƏT İŞİ Qısa arayış

2021-ci il avqustun 13-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən rayon prokurorluğuna Salatın Əsgərova küçəsi, ev 94-də qeydiyyatda olan 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin aldığı bıçaq xəsarətindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə məlumat verilib. Hadisə Nəsimi rayonu, Ağadadaş Qurbanov və İbrahim Əbilov küçələrinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında baş verib. Nəsimi Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Dadaş Həmzəyevin ölümünə ürəyin zədələnməsi ilə müşayiət olunan yaranın törətdiyi kəskin qanitirmə səbəb olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də 8-ci km. qəsəbəsində şübhəli şəxs qismində Məhəmməd Rəhimov tutulub. O, törətdiyi cinayəti etiraf edib və könüllü qara rəngli cib bıçağını polis əməkdaşlarına təqdim edib.

AZİNFORM.AZ hadisənin təfərrüatlarını təqdim edir: Məhəmməd Rəhimov 1983-cü ildə Ucar rayonunun Alpoud kəndində anadan olub. Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin 2008-ci il tarixli hökmü ilə CM-nin 181-ci (quldurluq) maddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

İstintaqla müəyyən edilib ki, Məhəmməd Rəhimov Dadaş Həmzəyevə 21 manat pul verib, lakin sonuncu söz verdiyi narkotik vasitəni gətirməyib. Aldadıldığını başa düşən Məhəmməd avqustun 13-ü saat 16 radələrində məscidinin yaxınlığında Həmzəyevə yaxınlaşıb, pulunu geri qaytarmasını tələb edib. Yaranan mübahisə zamanı bıçaqla döş qəfəsinə bir zərbə vuraraq, onu qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilən Məhəmməd Rəhimov bildirib ki, Nizami rayonunun NZS qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayıb. O, cəzasını çəkib, azadlığa çıxandan sonra narkotik vasitələrdən istifadə etməyə başlayıb:

“2021-ci ilin avqust ayının əvvəllərində narkotik maddə almaq üçün “Kubinka” adlanan əraziyə getdim. Dükanın qabağında dayanandan 10-15 dəqiqə sonra Dadaş Həmzəyev yaxınlaşaraq, nə lazım olduğunu soruşdu. Ona 13 manat verib, narkotik vasitə gətirməsini xahiş etdim. Amma bir müddət gözləsə də, Dadaş geri qayıtmadı. Axtarsam da, onu tapa bilmədim. Ayın 13-ü səhər saat 10 radələrində narkotik vasitə almaq üçün yenidən «Kubinka»ya yollandım. Təsadüfən Dadaşla rastlaşdım. Verdiyi pulun müqabilində narkotik vasitəni niyə gətirmədiyini soruşduqda, o polislər tərəfindən tutulduğunu dedi”.

Məhəmməd narkotik vasitə qəbul etmək üçün Dadaşa yenidən 8 manat pul verib: “Bir az keçmişdi ki, Aydın da gəlib çıxdı. Birlikdə günortaya qədər gözlədik, lakin Dadaş qayıtmadı. Onu axtarmağa başladıq. Saat 15 radələrində Dadaşı məscidin yaxınlığında gördüm. Verdiyi pulu geri qaytarmasını, ya da narkotik vasitəni verməsini tələb etdim. Həmzəyev pulu geri qaytarmayacağını dedikdə, onu cəzalandırmağı qərarlaşdırdım. Cibimdən bıçağı çıxarıb, üzərinə getdim. Ürək nahiyəsinə bir dəfə zərbə vurdum. Arxadan gələn Aydın qolumdan tutub, məni geriyə çəkdi. Təxminən 150 metr getdikdən sonra Dadaş yerə yıxıldı. Onun qoluna girib, söküntü işləri aparılan tərəfə apardım. Aydın orda qarşısına çıxan şəxslərə Həmzəyevin bıçaqla vurulduğunu dedi. Taksi saxlatdıraraq sürücüdən yaralını Kliniki Tibbi Mərkəzə aparmasını xahiş etdik. Sonra oradan uzaqlaşaraq, hərəmiz öz evimizə getdik. Səhəri gün Nizami rayonu ərazisində yerləşən müxtəlif tikinti şirkətlərinə yaxınlaşaraq, iş axtardım. Lakin müsbət nəticə əldə edə bilmədim”.

İş tapa bilməyən Məhəmməd Aygün adlı tanış qadının işlədiyi kafeyə gedib. Axşam saatlarında polis əməkdaşları onu orda saxlayıblar.

Zərərçəkmiş şəxsin hüquqi varisi Sevinc Həmzəzadə ifadəsində göstərib ki, qardaşı Dadaş Həmzəyev CM-nin 234-cü maddəsi ilə 7 dəfə məhkum olunub. Axırıncı dəfə 2019-cu ildə azadlığa çıxıb:

“2021-ci il avqustun 13-də əvvəllər yaşadığımız evdəki qonşumuz Kamran zəng edib, dedi ki, Dadaş bıçaqlanıb, xəstəxanaya aparılıb.

Kliniki Tibbi Mərkəzə getdim, qəbul şöbəsindən qardaşımın ora gətirilmədiyini bildirdilər. Xəstəxanaya çatanda, Dadaşın əməliyyatdan sonra öldüyünü öyrəndim. Qardaşımın hansı şəraitdə bıçaqla xəsarət alması haqda məlumatım olmayıb”.

Şahid Rüqayə Salamova bildirib ki, 5 ildir ki, narkotik vasitələr qəbul edir və Dadaş Həmzəyevlə 2 il əvvəl tanış olub:

“Günün əksər vaxtını məscidin yaxınlığında, «söküntü» adlandırılan yerdə keçirirəm. Avqustun 13-də səhər Elgün və tanımadığım digər şəxslərlə həmin ərazidə idim. Məhəmməd Rəhimovu ilk dəfə həmin gün görmüşəm. O yaxınlaşıb Dadaşı axtardığını, ona narkotik vasitə almaq üçün pul verdiyini dedi. Günorta saatlarında Aydın Məmmədov yaxınlaşıb, Məhəmmədin Dadaşı bıçaqla ürəyindən vurduğunu bildirdi. Yaralının yanına getdim, vəziyyətinin ağır olduğunu gördüm. Məhəmməd Dadaşı taksiyə əyləşdirməyə kömək etdi. Özü də sürücünün yanında əyləşdi. 100 metr sonra Dadaş xəstəxanaya getmək istəmədiyini söyləyərək, xəstəni həmişə yığışdıqları yerə aparmağını tələb etdi. Sürücüyə dedi ki, avtomobili geri «Kubinka»ya sürsün. Orda Həmzəyevin köynəyini çıxarıb və onu köhnə çarpayının üzərinə uzatdı. Vəziyyətinin pisləşdiyini görüb, Təcili Tibbi Yardım Stansiyasına zəng etdi”.

Bir müddətdən sonra gələn həkimlərlə birlikdə Dadaşı 3 saylı xəstəxanaya çatdırıblar. Nazim adlı şəxs və zərərçəkmişin bacısı da ora gəlib. Rüqayə Salamova Dadaş əməliyyata aparılandan sonra, xəstəxanadan gedib və bir necə saat sonra Həmzəyevin öldüyünü eşidib.

Məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünüb ki, Məhəmməd Rəhimovda narkotik vasitələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunub. Məhkəmə iclasında Məhəmməd Rəhimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Məhkəmə nəticəyə gəlib ki, Məhəmməd Rəhimovun cinayət əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Rəhimov 17 il müddətinə azadlıqdan məhrum olunub.





up