"Mən tənhalığı seçdim və özümü sənətə həsr etdim" - Şəfiqə Axundova
3-08-2022, 02:18
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Mən belə düşünürəm ki, hər bir insan dünyaya gəldiyi ilk andan qismətinə düşən ömür payını yaşamağa başlayır. Və belə qənaətə də gəlmək olar ki, hər bir insanın doğum tarixi o şəxsin «həyat məktəbi»nə qədəm qoyduğu gündür. Beləcə bu gündən başlayır hər bir insanın həyat dərsləri. Elə isə gəlin, haqqında söhbət açacağımız hörmətli sənətkarın həyat və yaradıcılıq yoluna üz tutaq.  Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar ayının 21-də qədim yurdlarımızdan olan Şəki torpağında anadan olub. Atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olmuşdur. Belə ki, o, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışmışdır. Ona hətta «Bolşevik Qulam» da deyirdilər. Şəfiqə xanımın anası Züleyxa Səməd qızı isə evdar qadın idi. Onların ailəsində Şəfiqə xanımdan savayı Ismət, Tahir, Nəriman və Rəfiqə kimi övladları böyüyürdü. Və Şəfiqə xanımın həyatında çox mühüm əvəzedilməz xidmətləri olan Zümrüd adlı bir bacısı vardı. Beləcə qədim tarixi, şirin, məzəli söhbətləri, duzlu zarafatları, gözəl mənzərəsi, füsunkar təbiəti olan Şəki torpağında gələcəyin böyük sənətkarı böyüyürdü. Amma onun parlaq gələcəyi hələ heç kimə bəlli deyildi. Axı balaca Şəfiqə də adi körpələrdən biri kimi doğulmuşdu. Axundovlar ailəsi nə biləydi ki, bu körpə gələcəyin görkəmli sənətkarı olacaq. Əksinə anası Züleyxa xanım qızının məhz həmin gün dünyaya gəlməsindən bir qədər məyus olmuşdu. Şəfiqə xanım bu haqda anasının dilindən eşitdiklərini belə xatırlayır:

       «Mən doğulandan sonra anam gözlərini açıb ki, yanında heç kim yoxdur. Yalnız bir qadın var. Soruşub ki, bəs bu camaat necə oldu? Cavabında o qohumumuz qadın deyib ki, ay Züleyxa, bilirsən V.I.Lenin vəfat eləyib. Buna görə də hamı mitinqə gedib. Bu ölüm xəbərini eşidən anam çevrilib mənə baxır və deyir,- Can bala, nə pis gündə doğuldun. 

       Görünür bu da bir qismətdir. Sənətkarın həyatında bu da bir fövqəladə haldır. Şəfiqə xanım həmişə öz doğum günündə tarixdə adı əbədiləşən bir şəxsiyyətin vəfatını da xatırlayır. Bəlkə belə demək olar ki, bu tarixi zərurətdən doğan bir haldır ki, həmin gün bir dahi şəxsiyyət dünyasını dəyişib, başqa bir insan doğulub. Elə bir insan ki, o da gələcəyin görkəmli siması olacaq. Demək Şəfiqə xanımın doğulduğu o gün kədərin sevincə qarışdığı gün kimi dəyərləndirilə bilər. 

       Şəki mahalının sayılıb-seçilən Axundovlar ailəsində beləcə balaca bir Şəfiqə böyüyürdü. Lakin bu balaca qızın xislətində böyük bir həyat eşqi varmış. Onda bu həyat eşqini yaradan ən ümdə cəhət istedad idi. Elə Şəfiqəni yaşıdlarından fərqləndirən də bu olub. Belə ki, o da başqaları kimi təbiət gözəlliklərinə, dağların ucalığına, şəlalələrin zümzüməsinə, quşların cəh-cəhinə, gül-çiçəyin zərifliyinə adi gözlə baxmayıb. Sanki o illəri özü belə xatırlayır:  

       «Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Zövq aldığım hər bir gözəllikdə musiqi duyurdum. Əlbəttə o vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu mənim musiqiyə bağlılığım imiş. Yadıma düşür ki, hərdən öz-özümə zümzümələr edərdim. O qədər musiqiyə aludə olmuşdum ki, hətta rəqs etməyi də çox sevirdim. Dəfələrlə anam rəqs etməyimin şahidi olmuşdu».

       Bəli, istedad belə bir keyfiyyətdir ki, onu həyatda sonradan qazanmaq olmur. O, elə insanla birgə doğulur. Beləcə balaca Şəfiqənin istedadı da ətrafındakıların diqqətini cəlb edirdi. İlk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayır. Lakin atasının işi ilə əlaqədar olaraq ailəsi Bakıya köçür. O da təhsilini Bakıda 6 saylı orta məktəbdə davam etdirir. Şəfiqə xanım təhsil illərini və bu dövrdə ona savad verən müəllimlərini belə xatırlayır: 

      əvəzolunmaz bəstəkar Şəfiqə Axundova «Şəkidə çox az oxudum. Bir-iki il, açığını deyim ki, ailəmizin Bakıya köçməsi gözlənildiyindən heç bu illəri də vaxtaşırı məktəbə getmirdim. Əsas təhsilimi Bakıda almışam. Əvvəlcə 6 saylı məktəbdə oxudum. Burada yaxşı müəllimlərimiz vardı. Onlardan Əhliman müəllimi həmişə xatırlayıram. O bizə coğrafiya fənnindən dərs deyirdi. Çox ciddi müəllim idi. Elə yaxşı ki, ciddi olub və bizə də yaxşı savad verib. Yadımdadır ki, həmişə mənimlə böyük bacım Isməti müqayisə edər və məni ona nümunə göstərərdi. Ismət yaxşı cavab verə bilməyəndə Əhliman müəllim məni lövhəyə çağırar və xəritədən mənə suallar verərdi. Sanki Əhliman müəllim mənə məsuliyyətli olmağı öyrədib. Beləcə mən yeddinci sinfə qədər həmin 6 saylı məktəbdə oxudum. Sonra isə 173 saylı məktəbdə təhsilimi davam etdirdim. Bu illərdə musiqi məktəbinə də daxil oldum».

       Şəfiqə xanımın həyatında sənətə gəlişi ilə bağlı maraqlı faktlar çoxdur. Belə ki, maraqlı görüşlər, xeyirxah insanlar ona sanki ruh veriblər. Amma bu yolda Şəfiqə xanıma mane olan, onu musiqiçi olmaqdan çəkindirən atası Qulam Axundov da vardı. Şəfiqə xanımın söhbətlərindən aydın olur ki, atası onu həkim görmək istəyirmiş. Musiqiçi olmasına qəti narazı imiş. Hətta musiqi sənətini seçdiyini biləndə o qızı Şəfiqəyə öz tərəfindən bəzi cəzalar da verərmiş. Bu barədə yenə Şəfiqə xanımın öz dediklərinə üz tutaq. 

       «Atam çox ciddi adam idi. Çox danışıb-gülməyi qəti xoşlamazdı. Musiqiyə də o qədər aludə deyildi. Evimizdə bir piano var idi. Həmişə onu qıfıllı saxlayardı ki, mən çalmayım. Çünki musiqiçi olmağımı heç istəmirdi. Deyirdi ki, o sənət gələcəkdə sənə çörək qazandırmayacaq. Hətta anam Züleyxa xanımın da bir qarmonu vardı, hərdən çalardı. Atam buna da etiraz əlaməti olaraq həmin qarmonu evimizin elə bir yerində gizlətmişdi ki, onu götürmək mümkün olmasın. Amma atamın bu əzaziliyinə baxmayaraq mən musiqidən ayrıla bilmirdim. Və bu yolda anam mənə çox kömək edirdi. Belə ki, mənim musiqi ilə məşğul olmağım üçün bacardığı şəraiti yaradırdı. Elə bəlkə mənə musiqi istedadı anamdan keçib. Anam çox mənəvi dayaq olub mənə bu yolda. Çünki atam qəzəbindən mənə bəzi cəzalar da verirdi. Məsələn, yadımdadır ki, o bir dəfə mənim konservatoriyaya getdiyimdən xəbər tutanda məni hətta evə buraxmadı. Və mən qonşuda gecələməli oldum. Dəfələrlə qarlı, soyuqlu havalarda o mənə belə cəzalar verirdi. Anama da acıqlanır və deyirdi ki, qoy onun ağlı başına gəlsin və özünə düz-əməlli bir sənət seçsin. Bəlkə də elə qarlı-soyuqlu havaların təsirindən mənim hətta böyrəyim zədələndi və professor Cavadzadə cərrahiyyə yolu ilə mənim bir böyrəyimi çıxartdı. Bax, o düzdür ki, sənət qurban tələb edir. Mənim də ilk qurbanım elə bu xəstəliyim oldu. Amma şükürlər olsun ki, mən xeyirxah insanların sayəsində öz sənət ideallarıma qovuşdum. 

Doğrudan da Şəfiqə xanım öz sənət idealına qovuşdu. Bu mənada o həmişə özünü xoşbəxt sənətkar hesab edir. Əlbəttə buna haqqı da var. Çünki sənətkara xas olan bütün nailiyyətlərdən ona pay düşüb. Amma göründüyü kimi Şəfiqə xanımı sənətə gətirən yollar elə də hamar olmayıb. Bu çətin və məşəqqətli yolda ona istedadı ilə bahəm xeyirxah insanlar kömək olublar. Bəs görəsən Şəfiqə xanım o xeyirxah insanlarla necə rastlaşdı? Bu sualın cavabına aydınlıq gətirmək üçün yenə də hörmətli sənətkarla olan söhbətlərimə üz tuturam. 

       «Mən elə həyatı anlayandan sənət haqqında düşünmüşəm. Musiqini nə vaxtdan, yəni yaşımın hansı çağında sevdiyim yadıma gəlmir. Çünki elə bilirəm ki, elə bu sevgi mənimlə birgə doğulub. Ona görə ki, çox erkən yaşlarımdan fortepianoda eşitdiyim mahnı və rəqsləri çalmağa başlamışam. Sanki bu öz-özünə öyrənmək qabiliyyəti mənim içimdən gəlirdi, Baxmayaraq ki, atam icazə vermirdi, yenə də sənət eşqi, musiqiyə həvəsim, məhəbbətim məni rahat qoymurdu. Elə bir balaca imkan tapan kimi piano arxasına keçib çalırdım. Belə-belə özüm də musiqilər qoşmağa başladım. Ilk vaxtlar inana bilmirdim ki, mən musiqi bəstələyirəm. Çünki bu musiqilər birdən-birə, yəni bədahətən yaranırdı. Və əvvəllər mənə elə gəlirdi ki, onları haradasa eşitmişəm. Amma belə yeni musiqilər məndə tez-tez yarandıqca hiss etdim ki, bu nə isə qeyri-adi bir keyfiyyətdir. Və bu musiqiləri mən özüm yaradıram. Bunu başa düşüncə sənətə məhəbbətim daha da artdı. Artıq hiss edirdim ki, heç kim məni bu sənət sevgisindən m əhrum edə bilməz. Bunu ailə üzvlərimiz, yaxın, doğma insanlar da hiss edirdilər. Bircə atamdan başqa bu yolda mənə mane olan bir kimsə yox idi. Onu da başa düşürdüm. İstəyirdi ki, mən elə sənət sahibi olum ki, dolanacağım çətin olmasın. Mənim musiqiyə məhəbbətim o qədər güclü idi ki, heç gələcək həyatımın maddi təminatı haqda düşünmürdüm. Sənətə olan bu sevgimi böyük bacım Zümrüd xanım daha yaxşı başa düşürdü. Və elə sənət taleyimin uğurlu olmasını da mən həmişə onun adı ilə bağlayıram. Çünki o xeyirxah insanlar dediyim sırada bacım Zümrüdün adını hörmətlə və böyük sevgi ilə xatırlayıram. 

       Zümrüd xanım özü filologiya elmləri namizədi idi. Universitetdə dərs deyirdi. Onun həyat yoldaşı dövrünün görkəmli ziyalılarından olan ədəbiyyatşünas, tənqidçi alim Məmməd Arif Dadaşzadə idi. Onların ailəsində tez-tez görkəmli şairlər, ziyalılar qonaq olardılar. Onları yaxşı xatırlayıram, Səməd Vurğun, Cəfər Xəndan, Həmid Araslı, Mirzə Ibrahimov və əlbəttə, çoxlarının adını çəkə bilərəm. Özü də onlar həyat yoldaşları ilə birgə gəlirdilər. Kişilər bir otaqda əyləşərdilər, qadınlar da bir otaqda, yəni bacım Zümrüdün otağında. Hansı ki, bu otaqda onun royalı vardı. Və bu xanımlar da mənim musiqi qabiliyyətimdən xəbərdar idilər. Hər dəfə yığışanda bacıma deyirdilər ki, ay Zümrüd, Şəfiqə bir musiqi çalsın bizim üçün. Mənim çalğım o qədər xoşlarına gəlirdi ki, hətta rəqs edirdilər. Beləcə bacım Zümrüdün evindəki bu maraqlı görüşlər mənim sənət taleyimi həll etdi. 
Günlərin birində yenə də bacımın evində məclis qurulmuşdu. Artıq mənim ifaçılığım haqqında çoxları xəbərdar idi. Beləcə yenə də mən royal arxasına keçib bəstələdəyim musiqilərdən ifa etdim. Və bunu çox bəyənən xanımlar bacıma üz tutub dedilər – ay Zümrüd, bəlkə Şəfiqəni Üzeyir bəyin yanına aparasan. Bu yerdə yazıçı Mirzə Ibrahimovun həyat yoldaşı Sara xanım dedi ki, mən bu dəqiqə Mirzəyə zəng edim qoy o bu barədə Üzeyir bəylə danışsın. Belə də oldu. Sara xanım Mirzə müəllimə zəng edib dedi ki, bilirsən, Zümrüdün bacısı Şəfiqə çox istedadlı qızdır, özü də musiqi bəstələyir. Yaxşı olardı ki, onu Üzeyir bəylə görüşdürək, Mirzə müəllim də o saat Üzeyir bəylə danışıb. O vaxtlar Mirzə Ibrahimov incəsənət idarəsinin rəisi idi. Elə Üzeyir bəyə deyən kimi bəs belə bir gənc qız var, musiqi bəstələyir, o dərhal demişdi ki, sabah gətirin yanıma. Səhəri gün bacım Zümrüd məni Üzeyir bəyin yanına apardı. Əlbəttə, belə bir dahi şəxsiyyətin qarşısında çıxış etmək təsəvvür edin ki, nə qədər çətindir. Elə həyəcanlı idim ki, o həyəcan hissini heç vaxt unuda bilmirəm. Nə isə, görüşdük Üzeyir bəylə və o mənim musiqi qabiliyyətimi yoxladı, sonra mən öz bəstələdiyim musiqilərdən çaldım. Üzeyir bəy bütün bunlardan çox razı qaldı və dedi ki, bu qızda sırf yaradıcılıq qabiliyyəti var, mütləq o, musiqi ilə ciddi məşğul olmalıdır. Və beləliklə, Üzeyir bəy mənim musiqi təhsili almağımı tövsiyyə etdi. Elə o gündən də bütün varlığımla sənətə bağlandım». 

       Bəli, bu da Şəfiqə xanımın sənətə gəldiyi yolda rastlaşdığı xeyirxah insanlar və onların xeyirxah xidmətləri. Nə yaxşı ki, xalqımızın belə qədirbilən, xeyirxah övladları olub. Hansı ki, onlar özlərindən sonrakı nəslin də mədəniyyətimizin zənginləşməsində rol oynamalarına, xidmət göstərmələrinə şərait yaradıblar. Bu xeyirxah insanlar içərisində həmişə dahi Üzeyir bəyin adı hörmətlə yad edilir. Çünki o yalnız musiqi sahəsində deyil, elə hər cəhətdən insanlardan öz köməyini əsirgəməyib. Şəfiqə xanımın yaradıcılığında da, onun professional bir bəstəkar kimi yetişməsində də Üzeyir bəyin xidmətləri əvəzsizdir. 

       Şəfiqə xanımın istedadını görən Üzeyir bəy onu ilk musiqi savadı almaq üçün Hacı Xanməmmədovun tar sinfinə göndərir, çünki bu, həm xalq musiqisini daha yaxşı mənimsəməkdə gənc bəstəkara gərəkli idi, həm də əsas məqsəd not öyrənməsi və musiqi nəzəriyyəsini bilməsi idi. Çünki bunlar gənc bəstəkarın öz musiqilərini nota yazması üçün çox vacib idi. Bir də yəqin ki, Üzeyir bəyin Şəfiqəni tar sinfinə göndərməsi gələcək bəstəkarın yazacağı əsərlərin xalq ruhunda olmasını təmin etməkdən irəli gəlirdi. Çünki Üzeyir bəyin belə bir fikri vardı ki, hər bir bəstəkar mütləq öz milli alətlərindən birində mükəmməl çalmağı bacarmalıdır. Belə olan halda o, xalq musiqisini daha dərindən mənimsəyər və yazdığı əsərlər də xalqın ruhunda olar. Doğrudan da dahi bəstəkarın bu təcrübəsi tamamilə özünü doğruldub. Hansı bəstəkar ki, tarı, kamanı mükəmməl çala bilir, onun yaratdığı musiqi əsərlərinin kökü daim xalqa bağlı olur. O cümlədən, Şəfiqə Axundovanın da bütün əsərlərində xalq ruhu duyulur. Beləcə, Şəfiqə Axundova bir il Hacı Xanməmmədovdan, sonra isə Ağabacı Rzayevadan tar dərsi alır. 

       Beləliklə, Şəfiqə Axundova 1941-ci ildən Üzeyir bəyin təşəbbüsü ilə musiqi təhsili də alır. Özünün qeyd etdiyi kimi, Hacı Xanməmmədov və Ağabacı Rzayeva ona tarın ifasını və sirrlərini öyrədir, eyni zamanda, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan isə musiqi nəzəriyyəsi üzrə dərs alır. Əlbəttə bütün bunlar gənc Şəfiqənin ürəyindəki arzuların başa gəlməsi üçün ona bir təkan idi. Çünki o, not yazısını öyrəndikcə, musiqi fakturasının nə demək olduğunu dərk etdikcə, ürəyindən süzülüb gələn musiqiləri kağıza köçürə bilirdi. Demək o, sənət yolunda özünün ilkin arzusuna yetişmişdi. Bundan sonrakı həyat və sənət yolunun nə qədər enişli-yoxuşlu olmasına baxmayaraq, bu gənc xanımın yeganə amalı musiqiçi olmaq və bütün ömrünü məhz bu sənətə həsr etmək idi. Bu yolda o, qarşısına çıxan bütün çətinliklərə sinə gərdi, keşməkeşli bir ömür yaşaya-yaşaya sənət dünyasında zirvələr fəth eləyərək xalqın sevimlisinə çevrildi. 

       Hərdən özü belə deyir: — «Mən Allahımdan çox razıyam. O, mənə hər nə qismət edibsə buna şükr eləyirəm. Çünki mən sənətdə arzuladığım hər nə varsa ona nail olmuşam. Və bu mənada özümü çox xoşbəxt insan, xoşbəxt sənətkar hesab edirəm. Hər dəfə əsərim hər hansı bir tamaşa salonunda səslənəndə tamaşaçılar məni çox alqışlayır, onda düşünürəm ki, kaş atam sağ olaydı və mənim bu uğurumu görəydi. Yəqin ki, ruhuna əyandı. Bir sözlə, mən xoşbəxt sənətkaram ki, xalq məni belə sevir. Demək, mən həyatımı boş yerə yaşamamışam. Çünki belə bir böyük istedada, güclü sənət duyumuna malik olan xalqın məhəbbətini qazanmaq hər kəsə nəsib olmur”. 

Əlbəttə, Şəfiqə xanım haqlıdır. Hər kəs xalqın məhəbbətini qazanıb onun gözündə ucala bilməz. Bu, yalnız o insanlara qismət olur ki, onlar xalqın tarixinin, mədəniyyətinin zənginləşməsində öz ömürlərini fəda edərək böyük xidmətlər göstərirlər. Bunun üçün də o insanın qəlbində böyük sənət eşqi və xalq məhəbbəti olmalıdır. Şəfiqə xanımın qəlbində sənət məşəli alovlandığından və bütün varlığı ilə xalqa bağlı olduğundan xalq da onu sevir. Yəni Şəfiqə Axundovanın simasında sənətkar və xalq məhəbbəti eyniyyət təşkil edir. Təbii ki, belə bir sənətkar səviyyəsinə gəlib çatmaq üçün istedadla yanaşı sağlam mühit və düzgün istiqamət də tələb olunur. Əgər Şəfiqə xanım Üzeyir bəy kimi bir dahidən dərs alıb və onun tövsiyyələrindən bəhrələnibsə, onun belə görkəmli bir sənətkar olması da təbii haldır. Çünki Azərbaycan musiqi mədəniyyətini öz dəyərli əsərləri ilə zənginləşdirən bəstəkarlar, ifaçılar və musiqişünaslar məhz Üzeyir bəydən dərs almış, sonrakı nəsil isə onun tələbələrinin elmi ziyasından bəhrələnmişdir. Xalqımızı n milli və professional musiqi incəsənətini belə yüksəkliyə çatdırmağına görə biz və bizdən sonra gələn bütün nəsillər Üzeyir bəyə minnətdar olmalıyıq. Bu minnətdarlıq hissi də bizim yazılarımızda, layiqli əməllərimizdə, bir sözlə yaradıcılığımızda öz əksini tapa bilər. Beləcə, yenə qayıdaq Şəfiqə xanımın yaradıcılığının ilk illərinə, hansı ki, bu illər Üzeyir bəylə bağlıdır.     Artıq musiqi yazı texnikasına bələd olan gənc bəstəkar fortepiano üçün pyeslər və mahnılar üzərində işləyir. Yazdığı əsərlərini Üzeyir bəyə göstərir. Hətta bu gün də Şəfiqə xanımın Üzeyir bəyin düzəlişlərilə bəzi əlyazmlara rast gəldim. Düzdür, bu əlyazmaların əksəriyyətini Şəfiqə xanım Üzeyir bəyin ev muzeyinə, tarix muzeyinə və digər təşkilatlara verib, amma yadigar olaraq bir neçəsini də özündə saxlayıb. Maraqlıdır, Üzeyir bəyə təqdim etdiyi ilk musiqi əsəri nə olub və Şəfiqə xanım onu necə xatırlayır: 

        “Yadımdadır, Mirvari Dilbazinin sözlərinə “Beşik başında” adlı mahnımı Üzeyir müəllimə göstərdim. Bu mənim ilk mahnılarımdan idi. O, mahnını sona qədər dinlədi və xoşuna gəldi. Hətta dediyi sözlər bu günə qədər qulağımdan getmir. Dedi ki, Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri hardan tapırsan. Daha sonra, o, mənim lap ilk mahnım olan “Kolxoz qızları” mahnısını da dinləyib və hətta bəzi düzəlişlər etdi. Inanın ki, o, mənim hər hansı bir əsərimi bəyənəndə həmin gün sevincim yerə-göyə sığmırdı”. 

       Şəfiqə Axundova musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsi üzrə hazırlıq kursuna, bir ildən sonra isə həmin fakultədə professor Boris Isakoviç Zeydmanın sinfinə daxil olur. Bu artıq ən kamil bəstəkarlıq məktəbi idi. Çünki professional bəstəkarlar yetişdirmək üçün Üzeyir bəy B.I.Zeydmanı özü dəvət etmişdi. B.I.Zeydman Leninqrad Konservatoriyasının müəllimi idi. Və onun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Üzeyir bəy tələbələrə Azərbaycan xalq musiqisinin əsaslarını, muğamların nota yazılmasını aşılayır. B.I.Zeydman isə bəstkarlıq texnikasının sirrlərini öyrədirdi. Yenə bu barədə Şəfiqə xanımın xatirələri: 

        “B.I.Zeydman çox istedadlı və tələbkar bir müəllim idi. Biz ondan bəstəkarlığın vacib cəhətlərini öyrənmişik. Amma onun da Azərbaycana gəlişi Üzeyir bəyin təşəbbüsü ilə olub. Demək, Üzeyir bəy konservatoriyanın nəzdində hazırlıq kursları açmışdı. Biz həftədə üç dəfə burada Üzeyir bəylə məşğul olurduq. Bir dəfə ümumi qrupda Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir, bir dəfə fərdi olaraq əsərlərimizlə məşğul olur, yəni yazdıqlarımıza baxır, bir dəfə də muğamları nota köçürürdük. Yəni tarzən Mansur Mansurov tarda muğamları çalırdı və biz də Üzeyir müəllimin nəzarəti ilə onları nota yazırdıq. Bu da bizim həm muğamları mükəmməl öyrənməyimiz üçün, həm əsərlərimizin xalq musiqisi üslubunda olması üçün vacib amillərdən biri və ən başlıcası idi. Biz bu hazırlıq kursunda oxuyarkən Üzeyir bəy qərara alır ki, konservatoriyada bəstəkarlıq sinfi açsın və burada bəstəkarlığın klassik qayda-qanunları daha dərindən öyrənilsin. Belə də oldu. O, professor B.I.Zeydmanı dəvət etdi. Imtahan təşkil olundu. Musiqi texnikumunu bitirən və həmin hazırlıq kursunda oxuyan tələbələr imtahan verdilər. Onların içərisində qəbul olmayanlar da var idi. 

       Amma mən xoşbəxtlikdən uğur qazandım. Konservatoriyanı həm musiqi nəzəriyyəsi, həm də bəstkarlıq fakultələrəni bitirmişəm". Konservatoriyada oxuduğu illər Şəfiqə Axudova bir çox instrumental əsərlər, mahnı və romanslar yazmışdır. Onlardan Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” mahnılarının və s. musiqilərin adını çəkə bilərik. Şəfiqə xanımın yaradıcılığında hərbi vətənpərvərlik mövzusu, o cümlədən, vətən nəğmələri geniş yer tutur. Bu da təbiidir. Çünki onun yaradıcılığa gəldiyi ilk dövrlər Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edib. Əlbəttə, bu tarixin elə bir səhifəsidir ki, onu unutmaq olmaz. Çünki bu illərdə xalqımız çox qurbanlar verib. Sənətkarlarımızın da yaradıcılığında vətən, torpaq, qələbəyə inam, mübarizə mövzusu geniş yer tutub. Elə bu sahədə də ilk addımları Üzeyir bəy özü atır və gənc bəstəkarları da buna sövq edirdi ki, onl ar xalqı ruhlandıran, ona mənəvi dayaq ola biləcək əsərlər yazsınlar. Süleyman Ələsgərov, Səid Rüstəmov, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Əşrəf Abbasov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Qənbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov kimi gənc bəstəkarların sırasında Şəfiqə Axundova da öz səy və bacarığını əsirgəmirdi. Qəlbi Vətən eşqi ilə dolu olan bu gənc qız öz Vətən məhəbbətini, məğrurluğunu məhz musiqisi ilə ifadə edirdi. Şəfiqə xanımın o illərdə yazdığı nəğmələr bu gün də aktualdır. 

       Beləcə, 1941-ci ildən bu günə qədər Şəfiqə Axundova imzalı cəfakeş, fədakar bir xanım öz musiqisi ilə öz xalqına xidmət edir. O, musiqinin müxtəlif janrlarında yazıb yaradır. Xırda intrumental əsərlərdən tutmuş iri həcmli opera, operetta kimi musiqi janrları, onlarla teatr tamaşalarına musiqi bəstəkarın yaradıcılığının əsas qayəsini təşkil edir. 

       Şərqin qadın bəstəkarları içərisində ilk dəfə olaraq, məhz Şəfiqə xanım opera janrına müraciət etmişdir. 1974-cü ildə xalq yazıçısı Süleyman Rəhimovun eyni adlı povesti əsasında Iskəndər Coşqunun librettosu üzrə yazdığı «Gəlin qayası» operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəni fəth etdi. Onu da deyək ki, əvvəlcə Şəfiqə xanım «Gəlin qayası» radiopyesinə musiqi yazır və buradan «Könül təranələri» adlı bir mahnı çox məşhur olur. Povestin müəllifi görkəmli yazıçıı Süleyman Rəhimov bəstəkara opera yazmağı təklif edir. Beləcə «Gəlin qayası» operası yaranır. Bu opera ilə Şəfiqə xanım Üzeyir bəy məktəbinin əsl və layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyyələrinə sadiq qaldığını bir daha təsdiq edir. Bu cəhət operanın musiqi dilində daha aydın görünür. Əvvəla, operanın məhəbbət mövzusu onu Üzeyir bəyin «Leyli və Məcnun»una yaxınlaşdırır. Və bir də operada klassik musiqi ilə şifahi ənənəli klassik muğam janrının qovuşuğu yenə əsərdə Üzeyir bəy üslubunun s axlanılmasını təsdiq edir. «Gəlin qayası» operasında qəhrəmanların ariya və ariozolorla yanaşı muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir. 

«Gəlin qayası» operası haqqında sənət adamları çox müsbət rəylər söyləmişlər. Onlardan ölməz bəstəkarımız Tofiq Quliyevin fikirlərini yada salaq: 
       -«Opera çox gözəldir, melodiyası aydındır. Burada bəstəkar muğamdan bilə-bilə geniş istifadə edib. Bu çox yaxşıdır, səmərəsi əladır».
       Və yaxud xalq artisti, professor Vasif Adıgözəlovun fikirləri: 
       -«Mən operaya böyük fərəhlə, həvəslə tamaşa etdim. Şəfiqə xanım çox əziyyət çəkib. Opera məni qane etdi».
       Əlbəttə, bu fikirlər operaya verilən ən yüksək qiymətlərin bir hissəsidir. 

       Ilk tamaşasından bü günə qədər böyük xalq məhəbbəti ilə qarşılanan «Gəlin qayası» operası daim müəllifinə uğur gətirib. 

       Bəstəkarın digər iri həcmli səhnə əsəri Novruz Gəncəlinin librettosu əsasında yazdığı «Ev bizim, sirr bizim» operettasıdır. Əsər həm dövrünün tələbinə cavab verir, həm də məhəbbətin gücünü tərənnüm edir. Belə ki, məhəbbət hər şeyə qalib gəlir. Operanın da, operettanın da əsas mövzusu məhz budur. 

       Şəfiqə xanım səhnə əsərlərinə hələ yaradıcılığının ilk dövrlərindən müraciət etmişdir. Belə ki, ilk dəfə o, 1943-cü ildə Əyyub Abbasovun «Adil və Sərvinaz» tamaşasına musiqi yazıb. Bu cərəyan bəstəkarın yaradıcılığında xüsusi bir şaxəni təşkil edir. «Son məktub», «Iliç buxtası», «Qaynana», «Böyük ürək», «Vicdan», «Sən nə üçün yaşayırsan», «Qızıl əjdaha», «Natəvan», «Yaşar», «Aydın», «Dost Əli», «Rübailər aləmində» və s. kimi tamaşalar Şəfiqə xanımın ürəyəyatımlı musiqisi ilə öz bədii dəyərini daha da məzmunlu etmiş və xalqda xoş təsir yaratmışdır. Şəfiqə Axundova tamaşalara yazdığı musiqisi ilə xalq arasında tanınaraq xalqın məhəbbətini qazanan bəstəkardır. Belə ki, o müxtəlif teatrlar üçün musiqi yazırdı. Yəni, Şəkidə, Gəncədə, Naxçıvanda, Sumqayıtda, Bakıda və digər bölgələrdə onun musiqi yazdığı tamaşalar səhnələşdirilirdi. Burada bəstəkar özü də iştirak edir və bilavasitə xalqla ünsiyyətdə olurdu. Bəstəkarın tamaşalara yazdığı musiqilər içərisində elə mahnılar var ki, onlar ifaçıların repertuarına daxil olub müstəqil şəkildə ifa olunaraq dillər əzbəri olmuşdur. Məsələn, “Vicdan», pyesindən, «Nədən oldu», «Gəlin qayası» radiopyesindən «Könül təranələri», «Natəvan» pyesindən «Neyçün gəlməz» və başqa nümunələr göstərə bilərik. Bəstəkarın Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olur. (Teymur Elçinin tərcüməsi əsasında). 

       Ümumiyyətlə, söz ki, mahnıdan düşdü, deməliyik ki, bu janr bəstəkarın yaradıcılığında mühüm şaxəni təşkil edir, bəlkə də – qırmızı xətlə keçir – desək, daha düzgün olar. Şəfiqə xanım 600-ə qədər mahnının müəllifidir. Onun mahnıları məzmun etibarilə müxtəlif mövzuları əhatə edir: 

       Vətən gözəllikləri və vətənpərvərlik mövzusu – «Şəki», «Bakı haqqında mahnı», «Sahil çıraqları», «Nəğməli Lənkəran», «Mənim respublikam», «Doğma diyar», «Ana torpaq», «Bu torpağa borcluyam», «Vətənim», «Zəfər marşı», «Qələbə bizimdir»; əmək, zəhmət mövzusu – “Dağlar oğlu”, “Lənkəranın qızları”, “Xuraman”, “Sular qızı”, “Şəfalı əllər”; lirik-məhəbbət mövzusu – “Gözlərimin işığı”, “Nədən oldu”, “Gözlərinə toxundu”, “Sevilmək üçün gəlmisən”; həyat sevgisi – “Həyat, sən nə şirinsən”, “Həyat eşqi”, “Qoruyaq biz həyatı”, “Nəğmədir həyat”; insanlara dostluq və mehribanlıq aşılayan nəğmələr – “Mehriban olaq”, “Bu dünyanı düşün”, “Dostlar olmasa”, “Dostlar bizə gələndə” və s. ana və övlad məhəbbəti – “Lay-lay”, “Anacan” mahnılarında və s. bu kimi nəğmələrdə öz əksini tapır. Bu mahnılardan savayı bəstəkarın qeyd olunan mövzulara aid yüzlərlə nəğmələri var. Hansı ki, onları bir kiçik məqaləyə sığışdırmaq çətindir. 

    Bəstəkarın bu gözəl nəğmələri Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov. S.Əzimi, A.Qəniyev, Ə.Əliyev, S.Qədimova, Z.Xanlarova, A.Babayev, E.Rəhimova, I.Rzayev, B.Mahmudoğlu kimi məhşur sənətkarların ifasında səslənmiş və bu gün də fəaliyyət göstərən müğənnilərin repertuarından düşmür. Şəfiqə xanımın mahnı yaradıcılığı bu gün də çiçəklənməkdədir. Belə ki, o, yeni-yeni nəğmələr bəstələyir. Onlardan P.Qəlbinurun sözlərinə “Gəl ey səhər”, “Yanına dönəcəyəm”, T.Pənahqızının sözlərinə “Tapmayacaqsan”, X.Vəvanın sözlərinə “Üzeyirimiz” (xor üçün), “Igid əsgər”, ”Nə sən günahkarsan, nə mən günahkar” və s. kimi mahnıların adını çəkə bilərik. 

       Şəfiqə Axundovanın mahnıları bir də ona görə sevilir ki, o şerin mahiyyətini itirməyib, əksinə onu musiqi ilə üzvi şəkildə qovuşdurur. Bəstəkarın sözlərinə müraciət etdiyi şairlər S.Rüstəm, S.Vurğun, Z.Cabbarzadə, I.Səfərli, N.Xəzri, F.Qoca, H.Arif, N,Həsənzadə, T.Mütəllibov, I.Coşqun, M.Müşfiq, M.Dilbazi, M.Əliyev, Z.Ağayeva, X.Əlibəyli, B.Vahabzadə və başqaları həmişə bu baxımdan Şəfiqə xanımla həmfikir olublar. Bu mənada Bəxtiyar Vahabzadə deyir ki, Şəfiqə xanım şerin ruhunu çox gözəl duyaraq onu musiqidə düzgün tənzimləyir.

       Bəstəkarın uşaqlar üçün yazdığı mahnılarda da bu cəhət saxlanılır. Onun üşaq mahnılarından “Əziz müəllim”, “Doğma məktəb”, “Əkiz bacılar”, “O səhvini anlayıb”, “Zümrüd” və başqalarının adını çəkə bilərik. Bu mahnıların əksəriyyəti X.Əlibəylinin sözlərinə yazılıb. Ümumiyyətlə, uşaq aləmi həmişə bəstəkarı özünə cəlb edib və o, bir neçə uşaq tamaşalarına da musiqi yazıb. 

       Şəfiqə Axundova musiqinin müxtəlif janrlarında işlədiyinə görə onun yaradıcılığında instrumental əsərlər də var: simfonik orkestr üçün süita, solo kamança üçün “Ləpələrin pıçıltısı” əsəri, müxtəlif fortepiano pyesləri, xalq çalğı alətləri üçün “Bayram rəqsi”, “Xoş rəng” və s. əsərlərin adını qeyd edə bilərik. 

Şəfiqə Axundova geniş yaradıcılıq diapazonuna malik bir bəstəkardır. Onun belə sənətkar olması yeni nəslin tərbiyə və təhsilində də mühüm rol oynamışdır. Belə ki, bəstəkar 1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət Incəsənət Institutunda müəllim kimi fəaliyyət göstərmişdir.        Bu hörmətli yaradıcılıq fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, o, “Əməkdar Incəsənət Xadimi” və “Xalq Artisti” fəxri adlarına layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif edilmişdir. Bəstəkar, ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə prezident təqaüdçüsüdür. 

       Ömrünü musiqi kimi zərif, incə bir sənətə həsr edən Şəfiqə xanımın qəlbi həmişəyaşar bahar çiçəyi qədər təravətlidir. Sanki bu bəstəkar daim gənclik eşqi ilə yazıb, yaradır. Bu gənclik təravəti yaşının 80-dən çox olmasına baxmayaraq, indi də Şəfiqə xanımın əsərlərində duyulur. 

AZİNFORM.AZ 





up