Deputat: “Dəniz qırağında hasarların hamısını məmurlar qaldırmayıb”
29-06-2022, 17:01
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

“Xəzər dənizində vaxtilə tikilən divarlarla, hasarlarla əlaqədər artıq 20 ilə yaxındır ki, mübarizə, müharibə gedir”.

AZİNFORM.AZ xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat vurğulayıb ki, hətta bununla bağlı qanun Ulu Öndər Heydər Əliyevin vaxtında qəbul olunmuşdur:

“Dənizdən səhv etmirəmsə, təxminən 100-130 metrə yaxın heç nə tikmək olmaz. Amma buna baxmayaraq bəzi insanlar dəniz qırağında hasarlar qaldırmış və dənizə gedən yolları bağlamışlar. Təbii ki, bunların hamısı məmur deyil, orada bizim minioliqarxlarımız da var. Bu məsələ ilə bağlı mütəmadi olaraq, vaxtaşırı mübarizə gedir. Bu hasarların yiyələrinə cəza tətbiq olunur, ancaq təzədən bir neçə aydan keçəndən sonra yenidən tikirlər. Düşünürəm ki, bu mübarizənin əvvəli var, amma sonu yoxdur. Bu məsələdə dövlətin fikri birmənalıdır, qanun pozulmamalıdır. Ona görə də, o insanlar ki, bu qanunu pozurlar, onlara qarşı düşünürəm ki, daha şiddətli cəzalar tətbiq olunmalıdır. Yəni min, iki min, beş min manatla qurtarmamalıdır. Çünki hasarın bir kvadratmetri elə özü 2-3 min manat pul tutur. Əgər daha şiddətli, ciddi cəza tətbiq olunsa, düşünürəm ki, bunun bəlkə də kökünü kəsə bilməsək də, kifayət qədər bunların qabağı alınacaq. Hər dəfə çimərlik mövsümi gələndə bu məsələ aktuallaşır. Orada tikilən hasarların, divarların yiyələri gedib oradan-buradan haradansa bir kağız alır, guya ki, “icazə” alıb və başlayır tikməyə”. 

Deputat hesab edir ki, bu sahədə nəzarəti və cəzanı gücləndirmək lazımdır:

“Fikrimcə, bu formada biz bunun qabağını ala bilərik. Amma, bu tək Azərbaycana xas olan xüsusiyyət deyil, bütün post-sovet məkanında harada ya çay, ya dəniz, ya da göl varsa, orada belə hadisələr kütləvi formada baş verir. Mən bunu Sank-Peterburqda, Baykalda, Qırğızıstanda və bir çox ölkələrdə gözümlə şahid olmuşam. Yəni bir dəfə gedib görmüşəm ki, tikinti var, üstündən 3-5 ay keçəndən sonra görmüşəm ki, tikintilər sökülüb, üstündən bir il keçəndən sonra yenə orada tikintilər aparılıb. Yəni bu məsələlər ənənəvi formada bütün post-sovet məkanlarında var”.

AZİNFORM.AZ





up