SON DƏQİQƏ! Prezidentin tapşırığı ilə Türkiyəyə amfibiya GÖNDƏRİLİR – QARDAŞ YARDIMI
23-06-2022, 16:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.





up