Ramiz Mehdiyev və kürəkəninin adı “MTN işi”ndə — Məhkəmədə qalmaqallı ifadələr
17-05-2022, 20:50
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına icazə verilmir. Hər dəfə bir bəhanə gətirilərək jurnalistlər məhkəmə zalına buraxılmır.

Mayın 17-də keçirilən prosesdə zərərçəkənlər eyni zamanda iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbs olunmasını tələb ediblər. Deyiblər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. 

Bildiriblər ki, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. 
Təqsirləndirilən şəxslər günahlarını boynuna almırlar, cinayətlərini etiraf etmirlər və dəymiş maddi ziyanı ödəmirlər. 

Bununla belə başqa yerə getməmək haqqında iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar. 

Zərərçəkənlər, onların vəkilləri bildirirlər ki, baş prokurorun 1-ci müavini Elçin Məmmədovun təsdiq etdiyi ittiham aktı ilə də, 7 aydan artıq davam edən məhkəmə proseslərində də konkret faktlarla hər 3 təqsirləndirilən şəxsin Mövlam Şıxəliyevlə əlbir olub, onlara qarşı cinayət törətdikləri təsbit olunur. 

Belə bir halda 3 təqsirləndirilən şəxsin azadlıqda qalması məntiqdən kənardır. 

Hakim Elbəy Allahverdiyev şifahi və yazılı vəsatətləri müzakirə etməyib.

Prosesdə Etibar Əliyev zərərçəkən şəxs qismində ifadə verib. “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Etibar Əliyev deyib ki, 6 mart 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən saxlanılıb. Heç bir əsas göstərmədən onu MTN-in İstintaq Baş İdarəsinə aparıblar. Əməliyyat qrupu onu idarə rəisinin müavini Təhsin Ağayevə və şöbə rəisi Vüsal Ələkbərova təhvil verib. Elə həmin gün barəsində əsassız olaraq cinayət işi başlanıb və tutulub:  “Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Elə danışırdılar ki, mənim həbsimi prezidentlə razılaşdırıblar. Dövlət başçısı həbsim barədə məlumatlıdır. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil.Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi.Həbsdə olduğum vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırırdılar.Orada Vüsal Ələkbərov və Təhsin Ağayev məndən külli miqdarda pul tələb edirdilər. İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan Akademik Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən 5 mərtəbəli evin sənədlərini də götürmüşdülər. Vüsal da, bu gün dovşan kimi gizlənən Təhsin də deyirdilər ki, rəhbərliyin göstərişinə əsasən həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməliyəm. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir.  MTN-in nümayəndəsini banka göndərib idarəetməni  ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdülər. Bankı talan elədilər, müflis duruma saldılar.  Mənə də deyirdilər ki, istintaq aparılır, Mövlam Şıxəliyev əziyyət çəkib, ev onun haqqıdır, verməlisən. Evi dediyimiz adama verməlisən.Əks halda oğlun Kəramətin də barəsində cinayət işi başlanacaq.Deyirdilər ki, oğlunu həbs etmək üçün kifayət qədər materiallar var. Vüsalın və Təhsinin təklifini rədd elədim.Bundan sonra öyrəndim ki, bunlar oğlum Kəraməti hər gün MTN-in İstintaq Baş İdarəsinə çağırıb incidir, psixoloji təzyiqlərə məruz qoyurlar”.
Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsini daşıyan Mövlam Şıxəliyev onu qəbul edib: “Məni İstintaq Təcridxanasından Mövlam Şıxəliyevin kabinetinə apardılar. Orada təklikdə söhbət etdik.  Mövlam Şixəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyi tələb edirdi. Deyirdi ki, bu rəhbərliyin göstərişidir, ev onların adamına verilməlidir. Çox ciddi olaraq evi dedikləri adamın adına keçirilməsini tələb edirdi. Mövlam Şixəliyevdən evi kimə və niyə verməli olduğumu soruşdum. Dedi ki, tələb belədir ki, evi onların dediyi adama verməlisən. 

Növbəti gün Təhsin Ağayev məni öz xidməti otağına gətizdirdi.Oğlum Kəramət otaqda idi. Vüsal Ələkbərov da orada iştirak edirdi. Oğlum Kəramət çox gərgin, sıxıntılı durumda idi. Fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı olduğumu dedim. Vüsalla Təhsinin gözləri parıldayırdı.Sevindiklərini gizlətmirdilər”.

Etibar Əliyevin sözlərinə görə, zorla, təzyiqlə ondan  razılıq verəndən sonra Vüsal Ələkbərov 6 saylı notariat kontorunun notariusu Ərəstun İmanovu təcrixdxanaya çağırıb: “Təcridxananın rəisinin otağında Ərəstun İmanovla görüşdüm. Evin satılmasına etiraz etmədiyim barədə ərizəni və notariat kitabında qrafanı imzaladım.Bundan sonrakı vaxtlarda vəkilin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən bildim ki, həmin evi 3 milyon manata satıblar. Amma evin kimin adına alqı-satqı edilməsindən xəbəri olmadı. Həmin gündən etibarən oğlum Kəraməti daha MTN-nə çağırmadılar. Mənim özümü də 2012-ci il, noyabrın 16-da həbsdən azad etdilər”. 

Etibar Əliyev bildirib ki, həbsdən azad ediləndən sonra bir neçə dəfə Mövlam Şixəliyevlə görüşüb: “Mövlam Şıxəliyevə dedi ki, evimi əlimdən almaqda düz iş görmədin. O da dedi ki, mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var. Mən həbsdən azad ediləndən sonra araşdırdım, öyrəndim ki, 11 sentyabr 2012-ci ildə evimi alqı-satqı yolu ilə Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Ev sonradan etibarnamə əsasında Rizvan Hacıyevin adına, 2014-cü ildə onun adından Nazilə Rüstəmovanın adına keçirilib. Mən nə Eldarı, nə Rizvanı, nə də ki, Naziləni tanımamışam. 2015-ci ildə MTN ləğv ediləndən sonra Nərimanov rayon Məhkəməsinə müraciət edib alqı-satqı müqavilələrinin ləğv olunması, təzyiqlə əlimdən alınan evimin geri qaytarılması iddiasını qaldırdım. Məhkəmə 24 noyabr 2016-cı il tarix evin mənə qaytarılması barədə qərar qəbul etdi. Cavabdehlər apelyasiya şikayəti verdilər. Bu dəfə qərar onların xeyrinə verildi. Ali Məhkəməyə müraciət elədim. O zaman tanışım, əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət elədi, dedi ki, Eldar Ələkbərov onun qohumudur. Obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satıb. Buna görə də imkan varsa iddiadan imtina edim. Anar Həmzəyev məni İlham Əliyevlə Həsən Əliyev küçəsindəki “Dəniz İnciləri” restoranında görüşdürdü. Söhbət zamanı İlham Əliyevə razılıq verdim və buna görə də kassasiya instansiyası evlə bağlı Nazilə Rüstəmovanın xeyrinə qərar çıxardı. Sonradan başa düşdüm ki, evi məhz Anar Həmzəyevin özü və ya qohumları alaraq Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Buna görə Anar Həmzəyev özü də ortalığa düşərək onu fikrindən çəkindirmək üçün İlham Əliyevi görüşə gətirib”.

Zərərçəkən deyib ki, o, həbsdə olduğu dövrdə oğlundan külli miqdarda pul alınıb: “Oğlum Kəramət bankdan götürdüyü pulları MTN-nin inzibati binasına yaxın ərazidə Vüsal Ələkbərov və Təhsin Ağayevə verib.Həmin zaman şikayət etmədim.Çünki Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-nin məhkəməyə təsir edəcəyindən qorxurdum. Eldar Mahmudov, Mövlam Şixəliyev, Təhsin Ağayev və Vüsal Ələkbərovun bu cür qanunsuzluqlarla axır-əvvəl ifşa olunacaqlarına əmin idim. Buna görə də gözləmə mövqeyi tutmuşdum.Həbsdən azad olunandan sonra, 2015-ci ilədək dəfələrlə MTN-nə Mövlam Şıxəliyevin otağına getmişəm.Bəraət almağa köməklik olunmasını istəmişəm.Mövlam Şəxliyev isə deyirdi ki, kömək edə bilməyəcək.Deyirdi ki, sənə bəraət verilsə, Vüsalla Təhsinin tutulmalıdır”.

Etibar Əliyevin sözlərinə görə, onun barəsində istintaq edilən cinayət işi üzrə guya onunla əlbir olmaqla günahlandırılan bir qrup şəxsdən Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayevin müxtəlif məbləğlərdə pul tələb edib alıblar: “Banka pul qoyan adamları çağırıb pullarını alıblar. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov Nizami Kazımovdan 2 milyon dollar, Hüseyn Səfərovdan 2 milyon dollar, Namil Rzayevdən 500 min dollar, Elşən Mədətovdan 250 min dollar, Mehrac Qurbanovdan 200 min dollar, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanovdan 1 milyon manat, Rauf Kərimovdan 1 milyon manat alıblar. Mövlam, Təhsin və Vüsal birlikdə “Texnikabank”ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıblar”. 

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb. 

Zərərçəkən Zaur Əliyevin “sizə kim dedi ki, həbsiniz dövlət başçısı ilə razılaşdırıb” sualına Etibar Əliyev belə cavab verib: “Mənə bu haqda Mövlam Şıxəliyev demişdi. Sonradan Eldar Mahmudov da mənimlə görüşəndə onun dediyini təsdiq etmişdi”. 

Bundan sonra Etibar Əliyevin oğlu Kəramət Əliyev də zərərçəkmiş şəxs qismində sərbəst ifadə verib: “2012-ci il martın 6-da Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu atamı evin qarşısında tutub İstintaq Baş İdarəsinə apardılar. Sonrakı günlərdə məni də istintaqa çağırdılar. Məni şöbə rəisi Vüsal Ələkbərov qəbul etdi. Dedi ki, üzünə adam qoyub tutacağam. Guya kassadan kimsə pul götürüb mənə verib. Vüsala belə bir şey olmadığını dedim. Vüsal üzümə adam qoyacağını və məni tutacağını deyirdi. Növbəti günlərdə Vüsal və rəis müavini Təhsin məni mütamadi olaraq çağırıb şifahi dindirir, tutacaqları ilə hədələyirdilər. Təhsin və Vüsal görüş zamanı məndən tutulmamağım üçün 3 milyon  manat tələb edirdilər. Deyirdilər ki, Mövlam Şixəliyevin tələbi belədir, mənim məsələmin atamın məsələsinə aidiyyəti yoxdur”. 

Kəramət Əliyevin sözlərinə görə, həmin günlərdə Vüsal Ələkbərov onunla telefonla əlaqə saxlayaraq həbsdə olan atası ilə danışmasına şərait yaradıb: “Atam qısa danışdı. Dedi ki, öz işini həll elə. Atam mənə görə narahat idi. Ona görə də Mövlam Şixəliyevin Vüsal və Təhsin vasitəsi ilə irəli sürdüyü tələblə razılaşdım. Onlara dedim ki, 500 min avro pul düzəldə bilərəm. Bundan sonra Təhsin məndən Mövlam Şixəliyevin pulu nə zaman verəcəyimlə maraqlandığını dedi, nə cavab verməsi barədə soruşdu. Mən də Təhsinə atamın dostu, türk iş adamı Əhmədə borc üçün müraciət etdiyimi dedim. Təhsin Əhmədin 050 211 20 93 nömrəsinə zəng edib “Kəramət sənə nəsə deyib?” soruşdu. O da cavabında sadəcə təsdiqlədi ki, demişəm. 3-4 gün sonra Əhməd 500 min avro pulu özünün “Port Baku”da yerləşən ofisində mənə verdi. Pulu həmin gün MTN-nin arxa qapısı, poliklinika tərəfdə Vüsal Ələkbərova verdim.Vüsal Ələkbərov nə qədər pul olduğunu soruşdu. Cəmi 500 min avro düzəldə bildiyimi dedim. O da Mövlam Şixəliyevin 3 milyon manat istədiyini deyib 500 min avroya razı olmayacağını bildirdi. Bundan artıq pul düzəldə bilməyəciyimi dedim. Vüsal pulu götürüb getdi.Pulu alandan bir müddət Təhsin və Vüsal məni narahat etmədilər.Sonra da Vüsal və Təhsin mənə əmlaklarımı satıb pul düzəltməyi təklif elədilər. Dedim ki, əmlaklarım həbsdədir. 2012-ci ilin sentyabr ayının əvvəllərində Vüsal Ələkbərov zəng elədi, məni MTN-ə dəvət etdi.Orada pulu tam verməyi istədi. Vüsala məsələnin həll olunduğunu dedikdə “axı mən kiməm ki, ay Kəramət?” dedi. İsrarla pulun olmadığını deyəndə Vüsal Həsən Əliyev 63 ünvanında 5 mərtəbəli binanı onların adamına satmağımızı istədi. Dedi ki, həmin əmlakı həbsdən çıxaracaqlar. 2012-ci ilin sentyabrında atam Vüsal Ələkbərovun mobil nömrəsindən zəng elədi. Danışıq zamanı “Vüsalın dediyi məsələni Allah xətrinə həll edin, mən sizdən narahatam” dedi. Atamın əmlakın satılmasını və pulun MTN-ə verilməsini istədiyini başa düşdüm. Əmlak anam Esmira Bayramovanın adına idi. 2012- ci ilin sentyabrın əvvəllərində Vüsal Ələkbərovla birlikdə Nərimanov rayonunda yerləşən dövlət əmlakının qeydiyyat idarəsinə getdik. Orada aşağıda gözlədi.Vüsal Ələkbərov isə sənədlərlə birlikdə həmin idarə rəisinin yanına getdi. Təxminən yarım saatdan sonra oradan çıxanda həmin əmlakın üzərindən həbsin götürüldüyünü və alqı-satqının mümkün olduğunu dedi. 8 sentyabr 2012-ci ildə Vüsalın tələbi ilə 6 saylı notariat kontoruna getdik.Vüsal Ələkbərov sənədlərlə birlikdə notarius Ərəstunun yanına girdi. Dedi ki, atamın razılıq verməsi üçün Ərəstunu MTN-ə aparmalıdır. 10 sentyabr 2012-ci ildə Ərəstunu MTN-ə apardı, notarius atamın razılıq ərizəsini aldı. 11 sentyabrda anamla notariusun binasına getdik,  orada Vüsal Ələkbərov obyekti öz adamları olan Eldar adlı şəxsə satacağını deyib çıxıb getdi. Vüsal Ələkbərov tələb edirdi ki, alqı-satıqını elə notariusda edib pulu ona verim. Lakin notarius Ərəstun razılaşmadı, pulun banka qoyulacağını dedi. Həmin gün anam alqı-satqı müqavilələrinə qol çəkdi.Sonra  28 may metrosuna yaxın “Bank Respublika”nın filialına getdik. Anası pulu oradan götürdükdə obyektin 3 milyon manata satıldığını bildik.Biz evimizin satılması ilə bağlı heç kimlə qiymət razılaşmamışdıq.Qiyməti Vüsal Ələkbərov özü müəyyən etmişdi.
Həmin gün pulu aparıb Vüsal və Təhsinə verdim.Vüsalla telefonda danışıb MTN-in inzibati binasının yaxınlılığında yerləşən “İmperator” restoranın yanında onunla görüşdüm. Vüsal və Təhsin həmin vaxt ora “Tofaş” markalı, qəhvəyi rəngli maşınla gəlmişdilər. Hər ikisi maşından düşərək mənim maşınıma yaxınlaşdılar və 3 milyon manat pulu 2 ədəd qara rəngli idman sumkalarında aldılar. Təhsin Ağayev dedi ki, çantalar ağırdır, gücü çatmır. Bundan sonra məni narahat etmədilər.Təxminən 2-3 gün sonra Eldar dedikləri şəxslər birlikdə evə getdik.Eldar məndən hallalıq istədi. Mən də  dedim ki, halallıq verirəm. Çünki evi ailəmizdən zorla alıblar. Eldarı evin altında olan obyektdəki icarəçilərlə tanış etdim. Eldar bir dəfə söhbət zamanı mənə Anarın tanışı olduğunu, Anarın da atamla birgə tutulduğunu, Anarın qardaşı Sahibin məni yaxşı tanıdığını dedi. Bir dəfə Sahiblə olanda onları danışdırmasını istədi. Eldarın naşı adam olduğunu hiss etdim. O iş adamına oxşamırdı, mənə musiqiçi olduğunu demişdilər. Eldardan obyekti kimin aldığını da soruşdum. Eldar da demişdi ki, guya ona Rusiyadan hansısa qohumu pul göndərib və obyekti həmin adam üçün alıb. Sonradan Anarın qardaşı Sahibdən Eldarı soruşdum. Sahib Eldarı tanımadığını dedi. Mən da Eldarın nömrəsinə zəng edib Sahiblə danışdırdım. Hal-əhval edəndən sonra Sahib Eldarı xatırladığını, uzaq qohum olduqlarını dedi və Eldarı haradan tanıdığını soruşdu. O, Sahibə bir məsələ ilə bağlı Eldarı tanıdığını demiş,  həmin zaman Eldarın əslində ortalığa atılmış adam olduğunu, obyektini əslində Sahibin aldığını başa düşdüm. Çünki alqı-satıqdan təxminən az müddət sonra Anar azadlığa buraxılmışdı. Atam azadlığa çıxandan sonra da bu barədə ona demişdim. Atası buna inanmadı. Anar azadlığa çıxdıqdan sonra atamla görüşdən qaçırdı. Sonradan obyektlə bağlı məhkəmə prosesləri gedən zamanı Anar ortalığa çıxdı.Atama özünü Eldarın uzaq qohumu kimi təqdim etdi. Guya Eldarın obyekti satdığı adamların Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamları olduğunu və obyektin əsl sahibinin İlham olduğunu, Ali Məhkəmənin sonuncunun adamlarının xeyrinə qərar çıxaracağını, İlhama problem yaratmamasını istədi.Atam da İlhama problem yaranmasın deyə iddidan əl çəkdi”. 

Bu epizod üzrə şahidlər dindirildikdən sonra proses təxirə salınıb.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.   /demokrat.az/

 AZİNFORM.AZ





up