“Mən dinc sakinləri, uşaqları öldürən bir ölkədə yaşaya bilmərəm” - Rusiyalı milyarder mühacirəti seçdi
12-05-2022, 18:29

Bir yandan Qərbin sanksiyası ilə üzləşən, o biri yandan Rusiyada biznesini dəyər-dəyməzinə satmağa məcbur edilən, hazırda İtaliyada olan 54 yaşlı milyarder Oleq Tinkov faktiki mühacirəti seçdiyini, Rusiyaya qayıtmayacağını bəyan edib.

 Oleq Tinkov mediaya açıqlamasında Rusiyaya dönmək fikrində olmamasını Ukraynaya edilən hərbi təcavüzlə əlaqələndirərək deyib: “Mən dinc sakinləri, uşaqları öldürən bir ölkədə yaşaya bilmərəm”.

Tinkov öz həyatından, leykemiya xəstəliyinə tutulmasından, Kremlin sözçüsü Dmitri Peskovla dostluğundan da söz açıb, Ukraynadakı son müharibəyə qədər Putin hakimiyyətinin əleyhinə çıxmamasını hökumətin doğru kurs seçəcəyinə ümidləri ilə əsaslandırıb. Lakin qeyd edib ki, hakimiyyətin son dövrlərdə atdığı addımlar, ilk növbədə Ukraynaya hərbi təcavüz onu çox məyus edib.

Oleq Tikov əminliklə deyib ki, rusiyalı varlıların mütləq əksəri müharibəyə qarşıdır.

Əsasən “Tinkoff Bank”ın və sığorta şirkətlərinin sahibi kimi ad şıxaran milyarder Ukrayna savaşı başlanan gündən bir neçə dəfə emosional şəkildə Rusiya hakimiyyətini, prezident Vladimir Putini ittiham edib, ədalətsiz savaşı dayandırmağa çağırıb.

Bir neçə gün öncə ABŞ-ın “Nyu-York Tayms” qəzetinə müsahibəsində isə Oleq Tinkov söyləyib ki, Putin rejimi onun şirkətlərdəki ailə paylarına da sahib çıxıb, o da əsas payçısı olduğu “TCS Group”dakı səhmlərini məcburiyyət altında qəpik-quruşa satıb.

“Forbes” jurnalının bu il fevralın 5-də təqdim etdiyi reytinq cədvəlində dünyanın ən varlı adamları siyahısında 608-ci yeri tutan Oleq Tinkovun 4,7 milyard dollardan çox sərvəti olduğu bildirilir.

2022-ci il martın 24-də Böyük Britaniya Ukrayna müharibəsinə görə sanksiya tətbiq etdiyi rusiyalı iş adamlarının siyahısına Oleq Tinkovun da adını daxil edib.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub, ölkənin 603 min 548 kvadrat kilometrlik ərazisinin 44 min 170 kvadrat kilometri işğal altına düşüb.

2022-ci il fevralın 24-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.  /novator.az/


               AZİNFORM.AZ





up