“Gəlsin deyişək, amma camaatın içində pərt olub qızarmasını göz önünə alsın...”
5-09-2022, 21:56

“Fəhlə, hanbal həmişə işləməlidir. Heç vaxt bekar dayana bilməz. Çünki onun ixtiyarı yoxdur! Nökər nədir, bekar nədir?! Ailəmin nökəriyəm. Bir gün işləməsəm arxamda olan külfətim ac qalar. Hansı tətildən danışırsınız? Mən o bəxtəvərlərdən deyiləm ki, altımda pul yığıb saxlayım, gedib adada, Bodrumda dincəlim. Mən elə ölənə qədər işləyib, öləndə də belə öləcəm. Bütün həyatımı zəhmət çəkə-çəkə yaşamışam. Heç kimdən utanan yerim yoxdur. Allah yetirdiyi bir parça çörəyi balalarıma, ailəmə xərcləyirəm. Lazım olan qədərini şükür Allah mənə yetirir. Lakin artığını yetirmir. Əsas odur ki, heç kimə möhtac deyiləm. Bir tikə çörəyimizi güc-bəla ilə qazanırıq”.
 
AZİNFORM.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O, daha sonra əlavə edib.

“Bəzən deyirlər ki, sənət ölüb. Sənət ölməyib, sənəti öldürüblər. Musiqi ruhlu insanlar, əsl sənətə, sənətkara qiymət verənlər var. Amma əfsuslar olsun ki, o cür insanların da imkanları yoxdur ki. bizə kömək etsinlər. Əsl sənətkarlar da arxa planda qalıb. Niyə? Çünki onlar ucuz, səviyyəsiz mahnılar oxuya bilmirlər, ona görə qalıblar arxa planda. Biz arxaya çəkildikcə onlar qabağa gedirlər. Ona görə də bu gün sənətdə sənətdən kənar adamlar daha çoxdur. Belə də olanda sənət ölməlidir” deyə müğənni bildirib.
 
Samirə Yusifqızı meyxana və müğənnilik sənətində özünə rəqib görmədiyini bildirib.
 
“Meyxana mənim üçün sənət deyil. Mən ali savadlı müğənniyəm. Hər zaman sənətim üçün yanmışam, özümü şam kimi əritmişəm. Bu sənətin xəstəsiyəm. Azərbaycan televiziyasının qızıl fondunda mahnılarım, konsertlərim qorunur. Min dəfə çıxıb desinlər ki, “Samirə müğənni deyil, onu tanımırıq”. Bu məni heç maraqlandırmır. Mənə sənətkarlarımızın verdiyi diqqət, dəyər kifayət edir. Meyxanada inqilab etmiş xanımlardan biriyəm, birincisiyəm. Hər zaman da demişəm ki, qarşımda ikinci bir meyxana deyən xanım görmürəm, çox istərdim görüm. Gəlsin mənimlə bir yerdə deyişək. Amma böyük kütlə qarşısında pərt olub, qıpqırmızı qızarmasını gözünün qabağına alsın. Fəxr edirəm ki, Azərbaycan musiqi tarixinə mənim adım böyük hərflərlə düşüb” deyə müğənni bildirib.




up