Əməkdar artist: “Bu gün bir çox müğənnilər türk mahnılarını yamsılayırlar” - FOTOLAR
10-01-2023, 22:43

AZİNFORM.AZ xəbər verir ki, əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova moderator.az-ın suallarını cavablandırıb.

- Almaz xanım, bu gün müasir estrada musiqimiz sizcə layiqincə təbliğ olunur?

- Mən cavanlara pis demək istəmirəm. Çünki hamı çalışır, hamı istəyir ki, birinci olsun, mahnıları bəyənilsin. Amma onu da deməliyəm ki, bu gün estrada mahnıları yoxdur. Bizim nəsil müğənnilər təkcə estrada musiqisi ifa edir. Bu gün bir çox müğənnilər türk mahnılarını yamsılayırlar. Bütün mahnılar elə bil ki, türk mahnısıdır. Əvvəl bizim estrada mahnılarımız tam başqa idi.

- Bu qədər sizi sevənlər var. Böyük bir nəsil sizin mahnılarınızla böyüyüb. Nədənsə Almaz xanım sənətində çox fasilələr verir. Buna səbəb nədir?

- Bəzən sənətdə fasilə vermək yaxşıdır. Mən də bir az fasilə verdim. Amma yeni mahnılarım var, üzərində iş gedir. Bəstəkar Gövhər Həsənzadə, Elçin İmanovla işbirliyim var. Mən mahnını studiyada bir günə yaza bilmirəm. Gərək həmin mahnını hiss edim, duyum. Müğənni var ki, 10-15 dəqiqəyə mahnı ilə tanış olur, onu yazır. Hiss etməsəm mən o mahnını ifa edə bilmərəm. Bilirəm ki, tamaşaçılarımın gözü yoldadır. Həmişə yazıb, soruşurlar ki, Almaz xanım, niyə efirlərə çıxmırsınız? Hələ ki, onları intizarda saxlamaq istəyirəm. Mən heç vaxt sənətimi atan deyiləm. İnşallah yeni mahnılarımla efirlərə çıxacam.

- Almaz xanımı bu gün həyatda yaşadan nədir?

- Bu gün məni həyatda yaşadan balalarım, nəvələrim, yaxşı dostlarımdır. Yaxşı dost odur ki, hər zaman yanında olsun, səninlə maraqlansın. Budur məni yaşadan. O mənə ruh verir, hər zaman məndə yaşamaq həvəsi olur.

- Almaz xanım, insan sevgisiz yaşaya bilər?

- Əlbəttə ki, insan sevgisiz yaşaya bilməz. Şərt o deyil ki, gərək kişini sevəsən, yaxud da eşq, məhəbbət yaşayasan. Sevgi odur ki, doğmalarını sevəsən. Biləsən ki, onlar da səni sevirlər, sən kiməsə lazımsan, sənin qayğına qalsınlar, sən kiminsə qayğısına qalasan. Bax budur sevgi...







up