“İstəyirəm ki, kirayələrdən, bu şəraitsiz, soyuq evdən canım qurtarsın...”
31-12-2022, 21:05

“Doğum günümü sevmirəm, amma elə bir tarixdir ki, hamının yadında qalır. Əslində mən ad günü hədiyyəmi dekabrın 27-dən alıram. Bu il də ilk hədiyyələri gözəl həkimimiz Günel Ümiddən, gözəl bacım, rəfiqəm Elvina xanımdan aldım. O mənim üçün xüsusi bir ətir hazırladıb, adımı və təbriklərini də üstünə yazdırmışdı.

3-cü hədiyyəmi də böyük oğlum Yusifdən aldım. Mənə dedi ki, sən 18 ildir ki, nəyin həsrətindəsən, nə almaq istəyirsən?! Öz ürəyimdə fikirləşdim ki, əslində ev istəyirəm, bu uşaq mənə ev alan yaşda deyil axı (gülür). Dedim ki, oğlum, əlbəttə ki, ev istəyirəm. Mənə taxtadan hazırlanmış bir ev hədiyyə etdi. Bilmədim sevinim, yoxsa kövrəlim?! Sən uşaqda olan düşüncəyə bir bax! İnşallah ki, bu həqiqi ev olar”.

AZİNFORM.AZ xəbər verir ki,Bunu moderator.az-a açıqlamasında tanınmış sənətçi, Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres bildirib.

“Mən ilin təhvilində, gecə saat 12-yə 15-dəqiqə qalmış doğulmuşam. Köhnə il yeni ilə təhvil veriləndə dünyaya gəlmişəm. İki il mənim ilim sayıla bilər. Hələ ki, evdəyəm, axşam anamın yanına gedəcəm, daha sonra isə rəfiqələrimlə görüşəcəm. Hər il bütün bayramları anamın, atamın yanına gedirəm. Bu artıq mənim üçün qayda-qanundur, ən-ənəvi hal alıb. Həyatı bilmək olmur, bu gün varıq, sabah yox. Qoy gedib elə valideynlərimin yanında olum. Onların bizlərdən başqa kimi var ki? Mənim övladlarımdan başqa nəvələri yoxdur! Allah onların canını sağ etsin, mənim başımın üstündən əskik etməsin. Yaxşı ki, varımdırlar, məni dünyaya gətiriblər. Allah heç bir evi böyüksüz etməsin. O qədər mesajlar, təbriklər alıram ki, bilməzsiniz. Mənim üçün ən böyük hədiyyə şəkər xəstəliyinin oğlum Hüseynin canından çıxıb getməyi olar. Övladlarımın sağlam olmasını arzu edirəm. Bir də istəyirəm ki, isti yuvam, evim olsun ki, kirayələrdən, bu şəraitsiz, soyuq evdən canım qurtarsın” deyə sənətkar bildirib.





up