“Qızımın o sözünü heç unutmuram” - İradə - FOTOLAR
12-11-2022, 11:08

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova qızı ilə bağlı instaqram hesabında paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, o, övladını 12 yaşı münasibətilə təbrik edib:

“Mən artıq ağlı başında, çalışqan, nə istədiyini bilən, uğuru ilə gələcəyinə sərmayə toplayan, uğurlarına şahidlik edən, etdirən, öz hekayəsini yazmağa başlayan, oturması-qalxmasından söz etdirən 12 yaşlı bir qızın anasıyam.

Mən, eyni zamanda yeniyetməlik çağına girməyə hazırlaşan, yaşıdlarına daha çox yaxınlaşan, sirləri olan, ətrafına divar hörməyə, kimliyini, inamını, dəyərlərini, istəklərini, arzularını, öz dünyasını kəşf etməyə başlayan, çağın verdiyi sancıların ağrısına, çətinliklərinə, gözəlliklərinə öyrəşməyə, nə olursa olsun, onu cəmiyyətdəki neqativlikdən qorumağa çalışan, qızına rahatlığı, yeri gələndə azadlığı əsirgəyən, bir tərəfim böyüməyini istəyərkən, digər tərəfim böyüməsin, nəzarətimdə qalsın deyən ruh xəstəsi bir anayam.

Analığın iki zidd tərəfi var. Övladlarımızla öncə bir bütün oluruq, sonra tək-tək bu bütünlüyü əridirik. Heç bir ana övladı ilə arasındakı bağın qopmağını istəmir, çünki analar uşaqlarına yaxın olmağa proqramlanıb, amma bu mümkünsüzdür. Analar övladlarını tərbiyə etdiyi kimi övladlar da analarını tərbiyə edərlər.

Heç unutmuram, yenə otağına çağırdı və uzun bir söhbətin sonunda “anne, sana sarıla bilirmiyim?” dedi ve yatağına girdi. Tam qapını bağlayacaqdım ki, “anne, kapıyı tam kapatma” dedi. Və hal-hazırda o cümlə mənə rəhbərlik edir. Nə olursa olsun, qapıları hər zaman bir az aralı tutacam. Bəlkə, bir müddət həyatının daha az mərkəzində olacam, amma səbirlə, sevgi ilə onu dəstəkləməkdən, hörməkdə olduğu divarı bir gün yıxacağını gözləməkdən əl çəkməyəcəm.

Tək diləyim - yaxşı insan olsunlar. Heç kimi incitməsinlər, qəlb qırmasınlar, mərhəmətli olsunlar. Girdikləri hər yerə yaxşılıq, gözəllik, rahatlıq gətirsinlər. Çünki həyatın təməli bir seçimdən ibarətdir. Yaxşı olmaq! İnşallah bu seçimləri üçün onlara doğru nümunə olarıq. Mənim ağıllı qızım, ağlın başında tacın olsun. Başqa da bir şey istəmirəm”.






up