Yol polisi hərəkət iştirakçılarına müraciət etdi
14
7-01-2022, 21:09
Sosial / Aktual

Küləkli hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

“Azinform”un məlumatına görə, müraciətdə deyilir ki, yanvar ayının 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bəzi rayonlarında güclü külək əsəcəyi, şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal edilir.

“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də, nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin  çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər”, - məlumatda bildirilib.

 






up