“Quran”ı Vasim Məmmədəliyevlə Ziya Bünyadov tərcümə etməyibmiş – Rafiq Əliyev
2-08-2022, 15:41

“Vasim Məmmədəliyevə hörmətim var. Tariyel Həsənovla bir yerdə işləmişəm. “Qurani-Kərim”in tərcüməsini əlyazma şəklində Tariyeldən almışdım. Tariyel 6 ay “Quran”ın üzərində işləmişdi. Hətta onun həyat yoldaşı Südabə xanım deyirdi ki, Tariyel dəli olacaq, çünki gecə-gündüz işləyir. Onlar İraqa gedəsi oldular. Tariyel həmin əlyazmanı gətirib mənə verdi. Dedi ki, sənə inanıram, istəyirəm bu əlyazmanı düzəldib, qaydaya salasan, ikimizin adından çap edəsən. O “Quran”ın tərcüməsinin əsasını Tariyel Həsənov edib. Mənim isə onu çap etməyə imkanım yox idi, çünki mən quranşünas deyiləm və elə bir işi öz üzərimə götürə bilməzdim. İkincisi, Tariyelin yazdığı “Quran”ın altından öz adımı yaza bilmərəm. Bu, ən böyük əksiklikdir. Dedim ki, Tariyel, mən sənə kömək edə bilmərəm”.

AZİNFORM.AZ pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev ilahiyyatçı Elşad Mirinin “Youtube” kanalına müsahibəsində deyib.

R.Əliyev bildirib ki, o, imtina etdikdən sonra T.Həsənov həmin əlyazmanı aparıb Vasim Məmmədəliyevə verib: “Vasim müəllimlə Ziya Bünyadov Şeyxülislamı özlərinə şərik götürdülər. 100% bilirəm ki, Şüyxülislam o tərcümə ilə məğul ola bilməz. Şeyxülislamın ərəb dilində, Ərəb tarixində də o qədər səriştəsi yoxdur. Bilirəm ki, rəhmətlik Ziya Bünyadov da “Qurani-Kərim”i tərcümə etmək iqtidarında deyildi. Çünki bir dəfə “Quran”ın “Fatihə” surəsini tərcümə edib, gətirib mənə vermişdi. Baxdıq ki, Ziya müəllim “əlhəmdülillah” sözünü “Allaha eşq olsun” kimi tərcümə etmişdi. “Fatihə” surəsini biz yenidən tərcümə etdik. Bizim üçün çox çətin idi. Çünki nə Əbu Talıb, nə də quranşünas deyildik. Nəhayət, iki aya “Fatihə” surəsini tərcümə edib qaydaya saldıq və Ziya Bünyadovun adından onu çap etdilər. Z.Bünyadovun adından orda ancaq müəyyən tarixi şərhlər verə bilərdilər. Tərcümədə isə onun heç bir rolu olmayıb”.

R.Əliyev deyib ki, həmin “Quran”ın Azərbaycan dilində tərcümə kitabını Vasim Məmmədəliyev Tariyel Həsənovla şərikli etməli idi: “Çünki tərcüməni Tariyel Həsənov etmişdi. Vasim müəllim isə onu redaktə etməli idi. Tariyel gəlib görəndə ki, bu kitab ancaq 3 nəfərin adından çap olunub və Tariyelin adı heç redaktor kimi də getməyib, Tariyelin özü yox, xanımı onları məhkəməyə verdi. Uzun müddət məhkəmə çəkişməsi getdi. Onun xanımı demişdi ki, həyat yoldaşımın tərcüməsini mənimsəyib, öz adlarından çap ediblər. O hətta əlyazmanı da məhkəməyə təqdim etmişdi. Aydındır, orda akademik, Şeyxülislam var, professor Vasim Məmmədəliyev də vəzifədə idi. Həmin vaxt o, Şərqşünaslıq İnstitutunun dekanı vəzifəsində çalışırdı. Onlara qarşı Südabə xanımın o qədər də gücü yox idi. Həm də o, xəstə idi...”

AZİNFORM.AZ





up