Qiymətlər artır, əməkhaqqı isə yerində sayır: Hansı tədbirlər görülməlidir? - AÇIQLAMA
14-07-2022, 15:57

Koronavirus pandemiyasının ortaya çıxması ilə yaşanan inflyasiya Azərbaycandan da yan keçməyib. Ölkədə demək olar ki, hər şeyin qiyməti artıb, son iki gündə “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti də qaldırıldı. Ərzaq məhsulları və geyimlər də günbəgün bahalaşır. Həmçinin mənzil bazarında son bir ildə kəskin dəyişiklik qeydə alınıb. Ötən il birotaqlı mənzilin kirayə qiyməti 300 manat olduğu halda, bu il 400 manata normal şəraitli ev tapmaq çətinləşib. Bütün bunlara rəğmən, minimum əməkhaqqı hələ də 300 manat təşkil edir. Kənardan baxdıqda bu vəsaitlə nəinki normal qidalanmaq, heç yaşamaq mümkün görünmür.

Çünki minimum istehlak səbətinə daxil edilən, insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də digər xidmətlərin (mənzil, kommunal ödənişlər, rabitə, təhsil, müalicə-istirahət, nəqliyyat  xidmətləri və s.)  bir ailə üçün aylıq real qiymətinə baxsaq, onların nəinki 300 manat, hətta 500 manatdan da çox olduğunu görərik.

Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərinin cəmini təşkil edən yaşayış minimum 2022-ci ildə bir nəfər üçün 205 manat olaraq müəyyən edilib. Hətta mövcud qiymətin 2021-ci illə müqayisədə 4,6 faiz çox olduğu bildirilib. Belə olan təqdirdə sadəcə bir nəfərin gəlir sahibi olduğu ailələrdə yaşayışın heç də ürəkaçan olmadığını deyə bilərik. 

AZİNFORM.AZ xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov oxu.az-a açıqlamasında xüsusilə ərzaq bazarında inflyasiyanın artdığını deyib:

“Bunları qabaqlamaq üçün dövlətin anti-inflyasiya tədbirləri var. Elə inflyasiya növləri var ki, ona idxal olunan inflyasiya deyirik. Onun qarşısını almaq bir qədər çətin olur, çünki həmin mallar qarşı dövlətin təklif etdiyi qiymət əsasında ölkəyə daxil olur. Bununla mübarizə aparmağın yollarından biri anti-inflyasiya tədbirlərinin keçirilməsidir və dövlət bunu həmişə edir. Sui-istifadə, möhtəkirlik kimi hallara qarşı dövlət tərəfindən inzibati addımlar atılır. Hazırda atılmalı olan ən başlıca addım isə inflyasiyanın vətəndaşların büdcəsinə təsirinin kompensasiya olunmasıdır. Bilirik ki, təqaüdlər, pensiyaların artırılması istiqamətində dövlət daim tədbirlər keçirir”. 

Millət vəkili hesab edir ki, inflyasiyanın vətəndaşlarımızın büdcəsinə göstərdiyi təsir kompensasiya olunmalıdır:

“Yəni sosial sferanı əhatə edən şəxslərin inflyasiya həcmində əməkhaqları, eləcə də pensiyalar, təqaüdlər artırılmalıdır. Düşünürəm ki, bu addımlar atılacaq. Onların artırılması daim diqqətdə olub, bundan sonra da diqqətdə saxlanılacağını düşünürəm.  Minimum əməkhaqqı ümumi yanaşmadır, o və istehlak səbəti büdcə təsdiq olunarkən meyar olaraq müəyyənləşir. Dövlət qiymət artımına adekvat olaraq anti-inflyasiya tədbirləri ilə yanaşı, vətəndaşlarımızın, xüsusilə sosial təbəqənin ciddi ziyan çəkməməsi üçün tədbirlər həyata keçirir. Bu tədbirləri daha da adekvat etməlidir, bunu vacib hesab edirəm”.  

İqtisadçı-ekspert Xalid Kərimli isə növbəti ilədək minimum əməkhaqqının artırılacağını düşünmədiyini bildirib: 

“Minimum əməkhaqqı ötən ilin sonlarında qaldırıldı və 2022-ci il yanvarın 1-dən qüvvəyə mindi. Rəqəm 300 manatdır, minimum pensiya da 240 manatdır. Son altı ayda qiymət inflyasiyası sürətlə gedir. Ancaq Azərbaycan praktikasına baxanda ümumiyyətlə, qiymətlərin indeksasiyası praktikasına baxanda Azərbaycanın minimum əməkhaqqı ilə bağlı iyulun ortasında qərarların verilmədiyini görürük. Minimum əməkhaqqı qaldırıla bilər, amma bu ən yaxşı halda ilin sonuna təsadüf edəcək. Artım növbəti il üçün tətbiq olunacaq. Bunu ona görə rahatlıqla deyirəm ki, büdcədə milyard manata qədər dəyişikliklər edilib, büdcə xərcləri artırılıb, gəlirlər dəqiqləşdirilib, neftin barel üzrə qiyməti 70 dollar götürülüb. Ancaq xərclərin artma istiqamətinə baxanda görürük ki, bunun daha çoxu ordunun müasirləşməsi, təhlükəsizlik tədbirlərinin artırılması və eyni zamanda Qarabağın bərpasına yönəldilən vəsaitlərdir. Bu il büdcə müzakirələrində biz əməkhaqqının qaldırılması barədə fikir eşitmədik. Bununla bağlı nə hökumət tərəfindən təklif verildi, nə də Milli Məclisdə ciddi müzakirə getdi. Ona görə də real hesab etmirəm. Doğrudur, inflyasiya əhalinin gəlirlərini yeyir, xüsusilə kasıb əhalinin vəziyyətini pisləşdirir, çünki inflyasiyanın mühüm komponenti olan ərzaq qiymətləri indeksi 20 faizdən çox artıb. İnflyasiyanın 13 faiz olmasına baxmayaraq, artım 12 ayda 20 faizdən çoxdur. Hər ay da bu rəqəmlər yüksəlir. Hökumətin bu istiqamətdə hər hansı planının olmadığını görürük, növbəti ilin büdcə müzakirələrində, bəlkə, nələrsə irəli sürülsün, amma indi belə addım atılacağı gözlənilmir”.


AZİNFORM.AZ





up