“Binə” və “Sədərək” bazarında 50 qəpik “torpaqbasdı”, yol pulu…. - Yusif Qədimbəylinin “parkofqa biznesi”…
20-04-2022, 14:11
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Orta əsrlərdə qaçaq-quldurlar tacirlərin qabağını kəsib pul tələb edirdi…

Vaxtilə, Ulu Öndər Heydər Əliyev cənabları bu məsələ ilə bağlı çox kəskin və sərt mövqeyini ortaya qoymuşdu. 
Söhbət  hasarlamaq məsələsindən gedir. 
Doğrudan da, acınaqcalı haldır ki, kimin imkanı varsa haranısa hasarlayır, dəmir turbalar basdırır, nə bilim şlaqbaum qoyur....
Təsəvvür edirsinizmi, iri məmurlar Xəzər dənizinin nəinki sahillərini, hətta içərisini hasarlayır,  meşələrimizi  hasara alıb özəlləşdirir, dağları  daş karxanası kimi istismar edirlər, gölləri balıq vətəgəsinə çevirirlər. 
Hətta küçəni,  dalanı, səkini  hasarlayanlar da var. 
Təkcə hasarlamırlar ee, həm də  gediş-gəliş haqqı olaraq pul alırlar, elə bil ki, dədələrinin özəl mülkiyyətidir. 
Bütün bunlar  sıravi vətəndaşın dövlətə olan inamını sarsıdır. 
Adamdan soruşarlar ki, axı, sənə kim ixtiyar verib ki, dənizin sahilini, meşəni, yaxud səkini, hətta yolu hasarlayasan..? 
Amma  nə edək ki, bu gün Azərbaycanda bu reallığa  çevrilib. 
Təsəvvür edirsiniz, Naxçıvanlı iş adamı  Şərurlu İsfəndiyar  gedib Qubanın  qədim Xınalıq kəndində vətəndaşların dədə-baba torpaqlarını hasara alıb ki, burada istirahət mərkəzi tikəcəm. Vətəndaşlar da cənab Prezidentin Xınalığa səfəri zamanı bu məsələni ona bildiriblər. Prezident isə deyib ki, heç kim sizin torpaqlarınızı əlinizdən ala bilməz.
Bax, bu gün real vəziyyət belədir. 
Yəni kim haranı qamarlaya, çəpərləyə, hasarlaya bilirsə, ONUNDUR...
Təsəvvür  edirsiniz, bir neçə gün öncə Nəsimi rayon məhkəməsinin, onun yaxınlığında yerləşən Bakı Sığorta Şirkətinin önündə olmuşuq. 
Hər iki qurum öz binasının qabağını hasarlayıb, dəmir turbalar basdırıb, hətta beton plitələr qoyub və şlaqbaum quraşdırıb. 
Bu vəziyyət bütün qurumların qarşısında eynidir. 
Bir müddət əvvəl yazdığımız məqalədə Bakı Avtovağzalında  eyni halın olduğunu yazmışdıq. 
İndi isə  Sədərək və Binə bazarlarında-ticarət  mərkəzlərində  baş verən qanunsuzluqlardan,  “torpaq basdı” əməliyyatından bəhs edəcəyik.
Məlumdur ki, Cənubi Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan bu  bazarlarda milyardlarla  vəsait dövr edir. 
Ancaq uzun illər  ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkilində qəpik-quruş verilib, qalan pullar isə kimlərinsə cibinə axıb.
Təsəvvür edirsiniz “Binə”  və “Sədərək”  ticarət mərkəzlərinə  gəlib-gedən sürücülər  50 qəpik ödəməlidir. Hər gün bura minlərlə avtomobil daxil olur və 50 qəpik ödəyir. Və sürücülərin heç birinə  sənəd verilmir. 
İndi bir ayda, 30 gündə bu ticarət mərkəzlərinə daxil olan və 50 qəpik ödəyənlərin  cəm halında ödədiyi məbləği hesablayın. Görün dövlət büdcəsinə 1 qəpik daxil olurmu..? Əlbəttə, yox. 
Hətta bazarda çalışan icarədarlar da öz avtomobilləri ilə bazara daxil olarkən 50 qəpik ödəməlidir. 
Yarızarafat olaraq  bazarda deyirlər ki, kim bazara girsə, “torpaqbasdı”  ödəməlidir. 
Vallahi, orta əsrlərdə  qaçaq-quldurlar  yolu kəsib tacir-tüccarlardan pul tələb edən kimi, deyəsən “Sədərək”  və “Binə” ticarət mərkəzlərinin sahibləri də vətəndaşların yolunu kəsirlər. 
Ümumiyyətlə, Sədərk və Binə Ticarət Mərkəzləri ilə bağlı mediada  yazılanlardan bəlli olur ki, birinci Yusif Qədimbəyliyə, ikinci isə Kəbirə Məmmədovaya məxsusdur. Düzdür, zaman-zaman guya əldəyişmə olduğu  haqda yazılıb. Amma istənilən halda  bu boyda ticarət mərkəzlərində  külli miqdarda  vergidən yayınma hallarının olduğu açıq-aşkardır. 
 “Binə” və “Sədərək” Ticarət mərkəzlərində işləyən sahibkarların mediaya söylədiklərindən  bəlli olur ki, onların ödədikləri vergilər və icarə haqqı üçün onlara heç bir qəbz verilmir. 
Sahibkarlar  yer haqqının tez-tez artırılmasından, karqo xidmətlərin qanunsuz olmasından şikayət edirlər. 
Belə ki,  bazarda çalışan hər bir sahibkar xaricdən gələn malın öz adına gətirilməsini tələb etsə də buna nail ola bilmir. 
Çünki iri məmurlara məxsus olan karqo şirkətlər məhsulları  ancaq öz adlarına idxal edirlər. Və sahibkarlara qanuni yolla, faktura ilə deyil, razılaşma yolu ilə verirlər. 
Bu işdə Dövlət Əmlak Komitəsi də ciddi qanunsuzluqlara yol verir. 
Sözün qısası,  Sədərək və Binə Ticarət Mərkəzlərində  sözün həqiqi mənasında  qanunsuzluqlar baş alıb gedir. 
Söhbət  qəzet budkasından deyil ee, Qafqazın  ən böyük ticarət mərkəzlərindən gedir. 
Yazıda  bir çox saytların materiallarından istifadə edilmişdir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./gundelik-baku.com/





up