Yaşlı kişilər niyə cavan qızlara göz qoyur? - ARAŞDIRMA
17-12-2022, 16:19

Bir çoxumuz yaşlı bir kişini gənc qadınla görəndə, bunun kişi üçün orta yaş böhranı olduğunu və ya gənc qadının müəyyən məqsədlər üçün yetkin bir kişi ilə olduğunu düşünürük. Amma bu münasibət tərzinə təfərrüatlı nəzər saldıqda, çox güman ki, gənc qadın yetkin kişiyə həyat enerjisi verə bilər və ya yetkin kişi gənc qadına həyat təcrübəsi təqdim edə bilər. Axı azad ruhlu, enerjili, əyləncəli ruh hər kəsə yaraşır, ya da həyat təcrübəsi olan birisini oturub dinləmək çoxumuza həzz verir. Yaxşı, bu məsələyə daha ətraflı baxmaq lazımdırsa, niyə kişilər gənc qadınlarla münasibətdə olmağı üstün tuturlar?

Qarşılıqlı axtarışlar

Hər münasibətdə olduğu kimi gənc qadınlarla yetkin kişilər arasında da müəyyən axtarışlar var. Yetkin kişilər həmyaşıdlarının monotonluğu və standartlaşmasından sıxılır, daha enerjili insanlar daha xoşbəxt insanlarla tanış olmaq istəyirlər. Gənc qadınlar isə həmyaşıdlarının təcrübəsizliyini hiss etmək istəmirlər. Onlar daha təcrübəli tərəfdaşın təhlükəsiz və təcrübəli məkanında gəzmək istəyirlər.

Yüksək inam hissinə malik olmaq

Gənc qadının yetkin kişi münasibətlərində görüş və birlikdəlik dövrlərində insanlar bir-birlərində axtardıqları xüsusiyyətlərin olduğunu hiss edir və anlayırlar. Bu anlayış onları bir-birinə daha da bağlayır.

Qadının kişini ata obrazı kimi qəbul etməsi

Gənclik və uşaqlıq illərində atası ilə sağlam vaxt keçirə bilməyən qadınlar həmişə atalarına həsrət qalırlar. Bu, transferin baş verməsinə səbəb olur. Onlarda partnyoru atanın yerinə qoymaq meyli var.

Hər iki tərəf həyat təcrübələrinə görə bir-birlərinə üstünlük verirlər. Gənc qadınlar yetkin kişiləri həyat təcrübələrinə, həyata baxışlarına və daha çox şeyə görə cəlbedici hesab edirlər.

Niyə qoca kişilər cavan qızları sevir və nəvəsi yaşda qızlara tamah salırlar? Bu istək nədən qaynaqlanır? Bu haların qarşısı necə alınmalıdır? 

AZİNFORM.AZ məsələ ilə bağlı araşdırma apararaq sosioloq, psixoloq və ekspertlərin fikirlərini öyrənib.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Əslində bu problem həmişə Azərbaycan cəmiyyətini düşündürüb. Bilirsiniz ki, vaxtilə bizim qızlarımız çölə-bayıra çıxa bilmirdi. O dəqiqə cavan oğlanlardan tutmuş o qızlardan dəfələrlə yaşlı olan qoca kişilər həmin xanımlara söz atır, onların adını ləkələyə biləcək hərəkətlər edirdilər. Buna görə də həmişə mübahisələr, dava-dalaşlar baş verib.

Azərbaycan toylarında ən çox “niyə mənim bacıma baxdın?”, “niyə mənim yoldaşım rəqs edən zaman sən qıraqdan ona baxdın?”, “niyə yol gedən zaman anamın, bacımın, qadınımın, xalamın, gəlinimin dalınca baxdın?” və yaxud “onların arxasınca söz demisən?!” kimi problemlər hələ də müəyyən bölgələrimizdə o cümlədən Bakının müəyyən yerlərində öz aktuallığını saxlayır. Amma ümumən götürəndə bu problem artıq aradan çıxmaqdadır. Çünki problemin bir hissəsi virtuallaşıb. Yəni, cavan qızlar və xüsusən də üzdə olan xanımları ən çox narahat edən məsələlərdən biri də qoca kişilərin onlara şer yazmağı, məhəbbət elan etməyi, görüşə dəvət etməyi, məşuqə və yaxud mənim ikinci arvadım ol kimi şirnikləndirici təkliflər səsləndirməsi bir növ el dilində indi təzə ifadə var “həcilik etmək” istəyi kimi məsələlərdir. Bu həm də cavan oğlanların və kişilərin də başına gələn hadisədir.

İndi artıq həcixanımlar, həcixanımlıq etmək istəyən xanımlar çıxıb ki, onlar da tanınmış, üzdə olan cavan oğlanlara həm öz rəsmlərini göndərir, həm sevgi mesajları yazır, həm də açıq-saçıq şəkillərini göndərirlər. Çox zaman bu da problemlərə yol açır. Çünki bilirsiniz ki, son vaxtlar xüsusən də cavan qızların kişilərə göndərdiyi şəkillərə görə və yaxud da əksinə şantajlar çoxalıb. Bu mənfi tendensiyalar bizi məcbur edir ki, bu hallara qarşı ictimai qınaq olsun.

Əlbəttə, kişinin bir qadını bəyənməsi normal haldır. Lakin bundan mənfi yöndə istifadə edənlər də az deyil”.

Psixoloq Fidan Nizamova: “Kişilərin yaşca kiçik xanımlarla münasibət qurmasına bir neçə səbəb olar bilər. Bunlardan biri kişinin özünün hələ yaşlanmadığını, özünün işə yaradığını, kişi kimi bəyənilməsini təstiq etməkdir.

Digər səbəb isə gənc xanımların fiziki olaraq daha gözəl bə cəlbedici olmasıdır. Həmçinin gənc xanımlar intim həyatda da fərqli olurlar.

Həmçinin, gənc insanın dərdi də az olur. Onlar daha rahat olurlar və emosinal durumları daha yaxşı olur. Ona görə də gənc qızlar yaşlı kişilərə motivasiya verirlər. Onlar bu qızlar vasitəsilə özlərini daha gənc hiss edir.
Digər səbəb də cəmiyyətdən qaynaqlanır. Bir çox kişilər, xüsusən də vəzifəli adamlar özlərindən yaşca kiçik xanımlarla görüşməyi prestij bilirlər. Bu da özgüvənsizlikdən, özünü təstiqlətmə hissindən qaynaqlanır”.

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Paşa Məmmədov: “Günümüzdə belə şərəf yoxsulu insanların sayı həddindən artıq çoxdur. Bu adamlar evindən-ailəsindən xəbəri olmayanlardır. Onların əsas hədəfi gözəl və baxımlı qızlardır. İndi cavan oğlanlar qalıb kənarda. Yəni, cavanlar gənc qız görən kimi utandığından başını aşağı salır”.

Şəhər sakini Aytac Əliyeva: “Bu gündəmimizin çox aktual mövzusudur, gəncliyini yaşaya bilməmiş yaşlılar əksər hallarda cavanların rahat yaşayış tərzinə həmişə tənqidi yanaşırlar. Onların düşüncələrinə görə onların gənc dönəmlərindəki qızlarla indiki gənclik dönəmi keçirən qızların yaşam standartları fərqlənir. Yəni, indiki qızlar daha müasir həyat tərzi yaşayırlar. Əksər yaşlılar bunu normal qəbul etmədiyi üçün həmin qızlara yanaşma tərzləridə fərqli olur, loru dildə desək onlara qarşı fərqli cürə yaşanır, onlara "göz qoyur"”.

Şəhər sakini Fatimə Əzizli: “Cəmiyyətin ən qlobal problemlərindən biri yaşlı kişilərin cavan qızlara övlad, nəvə nəzərində deyil, yanlış şəkildə yanaşmalarıdır. Bu hələ də ətrafımızdan ehtiyatlı olmalıyıq mənasına gəlir. Qızların baxımlı olmasını səbəb kimi göstərən geri düçüncəli qocalar da var. Mənə görə həmin şəxslər elə özlərindən yaşca kiçik qızlara zorakılıq tətbiq edirlər. Başqa ölkələrdə normal qarşılansa belə,bu iyrəncliyi sevgi kimi göstərib göz boyaya bilərlər. Mənim düşüncəmə görə isə mentalitetimizdə belə bir şey yoxdur. Əgər gənc qızları elə narahat edən yaşlı nəslin nümayəndələri varsa da cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Şəhər sakini Aylin Məmmədova: “Ümumiyyətlə Azəbaycan kişiləri qadın sevgisinə, qayğısına, gözəl sözlərə, ən önəmlisi erotikaya ac olurlar. Bu daha çox özünü yaşlı kişilərdə bürüzə verir. Çünki dövrün tələbindən aslı olaraq bu adamlar sadaladıqlarımın heç birini 20-30 yaşlarında görməyiblər. 60 yaşında da bir balaca nəsə görəndə ac pişik kimi cumurlar. Cavan qızların da tək səbəbi yaşlı kişilərin onlara gözüyumulu pul tökməyidir”.

AZİNFORM.AZ





up