Metro işçilərinə niyə pensiya vermək istəmirlər?
1-11-2022, 23:47

“Vətəndaşların pensiya təminatı haqqında” Qanuna və Nazirlər Kabinetinin qərarına görə,

– kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda;

– qadınlar 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda

güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır.

Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Onların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiqləyib. Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib. İndi tərəflər arasında çəkişmə Ali Məhkəmə müstəvisindədir.

Metroda çalışanlar siyahıda ayrıca göstərilməyib

Metropoliten işçilərinin iddiasını qəbul etməyən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri məhkəmə iclaslarında elektrik qatarlarında çalışan maşınistlərin iş şəraitinin xüsusi zərərli və ağır olduğunu qəbul edib. Lakin onların mövqeyinə görə, Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nı təsdiqləyib. Bu siyahıda metropoliten işçilərinin adı yoxdur. Yəni metroda çalışanlar siyahıda ayrıca göstərilmədiyinə görə onlara güzəştli şərtlərlə pensiya düşmür.

Amma şikayətçilər bu arqumenti əsassız sayırlar.

“Dövlət Sosial Müdafiə Fondu dövlətin pulunu vətəndaşa verməmək üçün bu cür qəbuledilməz üsullardan istifadə edir. Bu, məntiqdən uzaq mülahizədir”, – şikayətçilərdən Fərid Altınbayev belə deyir.

O, 38 ildən artıq “Bakı Metropoliteni”ndə çalışıb. Deyir ki, iş yerindən məhkəməyə təqdim olunan arayışda da vurğulanıb ki, ağır və zərərli əmək şəraitində çalışıb. Məhz bu səbəbdən də əsas əmək məzuniyyətinə əlavə 6 gün verilib. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilib.

Məhkəmənin qərarı və əks tərəfin arqumenti

Bakı İnzibati Məhkəməsində şikayətçilərin xeyrinə qərar çıxaran hakimlər gəldikləri nəticəni əsaslandırarkən vurğulayıblar ki, “metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır”. Yəni metropoliten maşinistinin vəziyyəti ilə yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyəti oxşardır: “Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar – güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil”.

Çünki Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri deyirlər ki, Nazirlər Kabinetinin siyahısında “Nəqliyyat” bölməsindəki elektrik qatarlarının maşınistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün ayrıca “metropolitençilər” yarımbölməsi olmalıydı.

“Metropolitenin tunelində bir saat qalanda adamlar necə sıxıntı keçirir, bunu hər kəs bilir. Təsəvvür edin, növbədə 8 saat dəmir-beton tuneldə qalmaqla, 1000 volt gərginliyin altında işləyir metro qatarlarının maşinisti, onun köməkçisi. Metrodakı qatarların maşınistləri işləri xüsusilə zərərli və ağır olduğuna görə çox vaxtları pensiya yaşına da çata bilmirlər. Dövlət Sosial Müdafiə Fondunun belə bir şəraitdə çalışan vətəndaşa pensiya verməməsinə heç bir ad qoymaq olmur”, – Altınbayev əlavə edib.





up