Abdullahian: “Azərbaycanı ən yaxşı dostlardan biri hesab edirik”
22-12-2021, 22:02
Azinform.Az - Azerbaycanin informasiya Merkezi


“İran Azərbaycanı ən yaxşı qonşularından və dostlarından biri hesab edir”. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Biz iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək üçün bütün fikirləri, ideyaları həyata keçirməyə çalışacağıq. Hərbi və siyasi sahədə də əməkdaşlığımızı davam etdirəcəyik”, - o deyib.

Abdullahian əlavə edib ki, İranın dövlət və özəl şirkətləri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında layihələrdə yaxından iştirak etməkdə maraqlıdırlar: "Onlar tərəfindən müraciətlər daxil olub. Hazırda həmin təkliflərin dəyərləndirilməsi həyata keçirilir. Hesab edirəm ki, onlardan birinin yaxın həftələrdə icrasına başlanılması planlaşdırılır”.


Ceyhun Bayramov isə öz növbəsində vurğulayıb ki, İranla bir sıra yeni layihələr ətrafında razılıq əldə edilib.

“Artıq son bir neçə ay ərzində müsbət məqam ondan ibarətdir ki, İranla bir sıra yeni layihələrlə bağlı razılıq əldə edilib. Yeni layihələrin icrası ilə bağlı yol xəritəsi hazırlanır. Hesab edirəm ki, yaxın vaxtlarda təsdiq ediləcək”, - nazir əlavə edib.

Bayramovun sözlərinə görə, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı da İran ilə Azərbaycan arasında danışıqlar aparılır. Bu gün keçirilən görüşdə də bu məsələ müzakirə olunub: “Razılıq əldə olunub ki, ANAMA İranın müvafiq qurumları ilə ərazilərin minalardan təmizlənməsi ilə bağlı fikir mübadiləsi aparsın”.

 

 





up