"Sputnik” İnformasiya Agentliyinin Bakı filialı BAĞLANMALIDIR - ŞƏRH
29-03-2022, 17:47
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Rusiyanın Azərbaycandakı təbliğat vasitələrindən biri də “Sputnik” İnformasiya Agentliyinin Bakı filialıdır. Rusiyanın “RİA Novosti” agentliyinin beynəlxalq şöbəsinin bazasında 2014-cü ilin noyabrında yaradılan “Sputnik”in baş redaktoru Marqarita Simonyan qondarma erməni soyqırımını təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindəndir.

Əvvəllər ədalətli və obyektiv mövqe tutduqları üçün Azərbaycan vətəndaşı olan bir neçə jurnalist oradan işdən azad ediliblər. Onlardan biri Mətin Yaşaroğludur. O, Ermənistanın Azərbaycana qarşı tutduğu işğalçı mövqeyi tənqid etdiyinə görə işdən azad olunub. “Sputnik” Azərbaycana qarşı təbliğatını davam etdirir. Onun Azərbaycandakı nümayəndəliyinə Vitali Denisov yeni rəhbər təyin olunub. Denisov bundan əvvəl Gürcüstanda qondarma Cənubi Osetiya Respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, o, Rusiya xüsusi xidmət orqanlarına bağlıdır. Bu baxımdan, indiki həssas məqamda onun Azərbaycana nümayəndə olaraq təyin edilməsi təxribat sayılır. Qeyd edək ki, Denisov Marqarita Simonyanın yaxın kadrlarındandır. Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin başçısı Ed Roys bir müddət əvvəl Simonyanın başçılıq etdiyi “Russia Today” və “Sputnik” bağlı narahatlığını ifadə etmişdi. O, bu media qurumlarının uğurlarına görə Rusiya xüsusi xidmət orqanlarının dəstəyinə borclu olduğunu vurğulamışdı. Yeri gəlmişkən, M.Simonyan Ukraynadakı indiki hadisələrdən əvvəl ABŞ-dan qovulub. “Russia Today”in isə ştatlarda nümayəndəliyinə qadağa qoyulub.

Rusiya hakimiyyəti ölkədə fəaliyyət göstərən KİV-in açıq agent kimi qeydiyyatdan keçməsini tələb edir. Bu tələbə cavab verməyənlər ölkəni tərk etməyə məcbur olurlar. Bu baxımdan, şübhəli fəaliyyət göstərən Rusiyaya məxsus informasiya vasitələrinin Azərbaycanda işləmələrinə və yayımına ehtiyac duyulmur. Çünki bu mənbələr onsuz da Azərbaycanla bağlı məlumatları ya ermənilərin, ya da bağlı olduqları orqanların cızdığı xəttə uyğun yayırlar. Belə olan halda xəbər obyektivliyini itirir. Bu isə nə oxucunun, nə də Azərbaycanın maraqlarını ifadə etmir. Odur ki, təhdidlə məşğul olan delyaginləri təbliğ edən, simonyanların başçılıq etdiyi KİV-in Azərbaycanda fəaliyyəti dövlətin milli maraqlarına, informasiya təhlükəsizliyinə ziddir.

Mənbə: Report İnformasiya Agentliyi





up