Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva şagirdi məktəbdən necə qovub? - ARAŞDIRMA
24-01-2023, 20:03
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin direktoru   Fəridə Allahverdiyeva şagirdləri məktəbdən qanunsuz şəkildə qovur.

AZİNFORM.AZ xəbər verir ki, direktor məktəbin reytinqini qaldırmaq üçün çıxış yolunu gəncləri elmi sevdirməkdə deyil, onları məktəbdən qovmaqda görür. 

Belə ki, Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbdə təhsil alan şagird Fidan Muxtarova COVİD-19 virusuna  yoluxduğu üçün uzun və ailə vəziyyəti  ilə əlaqədar olaraq təxminən 1-2 həftə dərsə gedə bilmir. Bundan sonra direktor Fəridə Allahverdiyevanın müavini Məmədova Tərlan şagirdin valideynini məktəbə çağıraraq qızını məktəbdən çıxarmasını tələb edib. Ona, güya başqa  ölkəyə köç etməsi ilə və başqa məktəbdə təhsil alacağını əsas göstərərək ərizə yazdırıb. Valideynin bilgisizliyindən istifadə edib ərizəyə qol çəkdirib 9-cu sinif şagirdinin 9 illik zəhmətini heç edərək məktəbdən çıxarıb. 

Özünü sığortalayan direktor, şagirdin digər məktəbə qəbulu və ya digər ölkəyə getməsinə dair qanuni proseduru üsulunca yerinə yetirməyib. Ən vacibi odur ki, Fəridə Allahverdiyeva yürütdüyü siyasət qanuna da ziddir. Məktəbdə dərs davamiyyəti qanunla tənzimlənir. Əsas güclü və ya zəif oxumaq deyil, məhz davamiyyətdir. Hətta bəzi məktəblərdə şagirdlərin davamiyyəti üçün elektron sistemin olması belə gündəmdədir. Belə olduğu halda  onu düşünməyə əsas verir ki, direktor məktəbi 37-ci il üsul-idarəsindən istifadə edir.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva ilə əlaqə saxlamaq istədik. Təəssüf ki, telefona cavab verən xanım direktor bütün səhvlərini boynuna alsa da sonradan zənglərimizə cavab vermədi. Görünür direktor şagirdlərin oxumasını istəmir ona heç maraqlı da deyil. Bu yerdə direktora xatırlatmaq istərdik ki, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməyən bir təhsil keşikçisi bu vəzifəyə layiq deyil. Ümüd edirik məsələ ilə bağlı başda Emin Əmrullayev olmaqla bərabər Elm və Təhsil Nazirliyi lazımı tədbirləri bu kimi görəcək. Bu kimi saxta ərizələrlə qanunsuz məktəbdən xaric olmalar şagirdlərin xüsusən qız uşağı olan şagirdlərin gələcək həyatına çox mənfi təsir göstərir. Bu tip direktorlar məktəbdən ayrılan qızların, erkən nigaha sürüklənməsinə şərait yaradırlar.

Ümumiyyətlə şagird məktəbdən qovulmaz. Məktəb tərbiyə ocağıdır. Qovmaq çox asan yoldur. Həmin şagirdi tərbiyə edib, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişdirmək müəllimin borcudur. Ən son anda, artıq o şagird ki, qoyulan tələblərin heç birini yetirmirsə, tabe olmursa, onun tərbiyəsi ilə məşğul olmaq üçün ayrıca müəssisələr var. Məktəblərdə zəif oxuyan, ayrı-ayrı fənlərdən nəticə verməyən şagirdlər üçün əlavə məşğələlər, fərdi saatlar təşkil etmək mümkündür.

Bununla yanaşı, Konstitusiyanın 42-ci maddəsinə əsasən hər kəsin təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Qeyd edək ki, həmin qanunun müvafiq maddəsinə görə heç kim təhsil almaq hüququndan məhrum edilə bilməz.

AZİNFORM.AZ





up