Əsgər siqaretini satan iki GENERALI DTX vəzifəsindən azad etdi - Özünü isə bu gün Prezident İlham Əliyev...
16-07-2022, 21:00

23 aprel 2018-ci ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilən gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bu gün vəzifəsindən azad edildi. 

 AZİNFORM.AZ  S.Mehdiyevin sədr təyin olunduğu gündən indiyənədək keçdiyi vəzifə yolunu təqdim edir.

S.Mehdiyev vəzifəyə gəldikdən 6 gün sonra Dövlət Gömrük Komitəsində iki generalı sərəncama göndərdi. Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifələrdən azad edilərək, sərəncama göndərildilər.

 

İki generalın vəzifədən uzaqlaşdırılmasına səbəb həmin il "dərman mafiyası” başlığı altında hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat idi.

 

 

Daha sonra S.Mehdiyev rəhbəri olduğu qurumda bir sıra "islahatlar” aparmaqla kifayətlənməli oldu.

 

Yeri gəlmişkən S.Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsinə gəldikdən bir neçə gün sonra  jurnalistlər üçün təşkil olunmuş "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" seminarına qatıldı. Sözügedən tədbirdə təklif etdi ki, bir qrup jurnalist birləşərək sırf onlarıb dediyi vaxtlarda yox, özləri istədikləri anda gömrük idarəsi və dairələrinə səfər etsinlər: "İşləri izləyib, özləri qiymət versin. Hətta onlara qısa müddətlik "gömrükçü" adı verilə bilər".

 

S.Mehdiyev vəzifəsinin icrasına başladıqdan 10 ay sonra KİV-dən narazılıq etməyə başladı. Mətbuat xidməti vasitəsi ilə yaydığı məlumatda bildirdi ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

 

General vəzifəyə gəldikdən 5 ay sonra rəhbəri olduğu qurumun vəzifəli şəxslərinə xəyanət və rüşvətin bağışlanmayacağı ilə bağlı xəbərdarlıq etdi: "Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə, həmin şəxslər cəzalandırılacaq. Bu barədə onlara keçirdiyimiz müşavirələrdə də mütəmadi olaraq xəbərdarlıq edirik”.

 

10 ay sonra isə yenidən xəbərdarlıq edərək bildirdi ki, tamahını idarə edə bilməyənlər aramızdan gedəcək.

Elə üzərindən bir neçə ay keçdikdən sonra S.Mehdiyev bir sıra vəzifəli şəxsləri rüşvətə görə vəzifəsindən də azad etdi. 

 

General-polkovnik "Gömrükdə rüşvət olarsa, istefa verəcəm” fikrini də səsləndirdi. 

 

O daha sonra KİV-ə açıqlamasında bu sözləri ilə də gündəm oldu: "Gömrük pambıq tarlası deyil. İşimizə qalanda biz tarladan pambıq toplamırıq”. 

 

Tarladan pambıq toplamırıq deyən S.Mehdiyevdən və onun rəhbərlik etdiyi qurumdan şikayətlər bitmədi ki, bitmədi. Ən çox şikayətçilər isə məhz sahibkarlar idi.

 O sahibkarlar ki, Dövlət Gömrük Komitəsinin generalları  qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq komitənin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services” MMC, "Nanoc” MMC, "Veqa-Servis” MMC, "Meqan Group” MMC, "Omega Servis IKO” MMC, "Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. 

 Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovun müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını əsgərlərə vermək əvəzinə satdığı, "Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləyən, general-mayor Ehtiram Xəlilovun isə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət alması müəyyən edildi. Hər iki yüksək rütbəli şəxs DTX tərəfindən saxlanılaraq həbs edildi.

S.Mehdiyev vəzifəyə gələndə "dərman mafiyası” başlığı altında həbs xəbəri yayılan iki generalı vəzifəsindən özü azad etdi. Əsgər siqaretini satan, sahibkarlardan rüşvət alan iki generlı isə DTX vəzifələrindən uzaqlaşdırdı. Özünü isə bu gün Prezident İlham Əliyev...

 

Yeri gəlmişkən 44 günlük Vətən müharibəsində qələbədən sonra Prezident İlham Əliyev digər bir sıra məmurlarla yanaşı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə də lüzumsuz təkliflərinə görə sərt xəbərdarlıq etmişdi. İlham Əliyevdən SİTAT:

 

"Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?".   /qaynar.info/


AZİNFORM.AZ





up