Bildirilib ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı ərzaq böhranı səbəbindən dünyada 47 milyon insan çox böyük aclıqdan əziyyət çəkə bilər.
Hesabatda yazılıb ki, müharibə dünyaya dalğalı təsir göstərəcək, taxıl və enerji bazarında gözlənilən qlobal qiymət artımı müharibədən əvvəlki minimum ərzaq tələbatını ödəyə bilməyənləri çətin vəziyyətə salacaq.
Ümumdünya Ərzaq Proqramı ofisi 81 ölkədə apardığı araşdırma nəticəsində qida təhlükəsizliyi ilə bağlı 2 proqnoz verir: birincisi, dünyada 33 milyon adam müharibə səbəbindən ağır aclıq çəkəcək, ikincisi, bu rəqəm 47 milyona çatacaq.
Bildirilib ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl şiddətli aclıqla mübarizə aparanlar da daxil olmaqla, dünyada aclıqdan əziyyət çəkənlərin ümumi sayı bu il 323 milyon nəfərə yüksələ bilər.
Digər tərəfdən, BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisində keçirilən mətbuat konfransında çıxış edən Ümumdünya Ərzaq Proqramının Şərqi Afrika üzrə regional direktoru Maykl Danford (Michael Dunford) deyib ki, bu ərazidə mövsümi yağışlar ardıcıl dördüncü dəfə də gözlənilən qədər yağmazsa, milyonlarla Efiopiya, Keniya və Somali ailələri quraqlıqdan əziyyət çəkəcək.