Səkinə Xudiyeva: "Plastik cərrahlar, xəstələrinə gözəllik bəxş edən həkimlərdir"
5-07-2022, 09:00

Müasir dünyamızda plastik cərrahiyənin populyarlaşdığı dövrlərdəyik. Azərbaycanda plastik cərrahiyyə, dünyada olduğu kimi sürətlə inkişaf edir. Buna baxmayaraq insanlar plastik cərraha müraciət etdikdə, seçim qarşısında qalırlar. 

Bütün bunlara aydınlıq gətirmək üçün AZİNFORM.AZ tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent, plastik cərrah Səkinə Xudiyeva ilə müsahibəsini sizə təqdim edir:

 - Bir plastik cərrah seçmək üçün hansı kriteriyalara fikir vermək lazımdır? 

 - Sizin üçün plastik cərrah yalnız qüsursuz peşəkar olmamalıdır. Birincisi, əldə etmək istədiyiniz nəticələrə dair qarşılıqlı anlaşmanız tamamilə üst-üstə düşməlidir.  İkincisi, həkimin nəticəylə çox maraqlandığını hiss etməlisiniz. Yalnız bundan sonra ona bütün qorxularınızı, narahatlıqlarınızı etibar edə bilərsiniz. Məhz bu psixoloji uyğunluqdan sonra  əməliyyatın uğurlu nəticəsinə tam inam yaranır və bu çox vacibdir.

 - Hansı yaş aralığında insanların plastik əməliyyat etdirməsi daha doğru hesab edilir?

 - Plastik cərrahiyə ilə gözəlliyə sahib olmaq, bədənin qüsurlarından xilas olmaq istəyənlər bilməlidir ki,  18 - 60 yaş aralığında olan insanlarda  əməliyyatların edilməsi daha məqsədə uyğundur və gözəl nəticələri də məhz bu yaş aralığında almaq mümkündür.

 - Hansı hallarda və hansı xəstəlikləri olan insanlar plastik əməliyyat oluna bilməz?

 - Xüsusən qan-damar sistemində problemi olanlar, infeksion xəstəliklər keçirənlər, şəkərli diabet, onkoloji xəstələr üçün bu əməliyyat risklidir. Amma bu xəstəliyi olan insanları qəti şəkildə əməliyyat edə bilmərik kimi fikirlər yaratmamalıdır.. Öncə xəstəni müayinə edib problemi müalicə ilə aradan qaldırmaq olursa yenə də əməliyyat etmək mümkündür.

 - Plastik cərrahiyə üzrə ölkəmizdə olan çatışmazlıqlar hansılardır?

 - Azərbaycanda hal-hazırda plastik cərrahiyə dünya ölkələri səviyyəsində inkişaf edib. Buna sübut kimi onu göstərmək olar ki, biz plastik cərrahlar dünya üzrə keçirilən bütün beynəlxalq konfranslarda iştirak edirik. Yeni məlumatlara və biliklərə sahiblənirik. Hətta siz fikir versəniz Azərbaycanın hüdudlarından kənarda olan  insanlar da plastik əməliyyatlara məhz Azərbaycana müraciət edirlər. Xaricdə yaşayan azərbaycanlılar, ərəb ölkələrinin vətəndaşları burada çoxluq təşkil edir.

 - Oxucularımıza hansı tövsiyyələri verə bilərsiniz? 

 - Plastik cərrahlar xəstələrinə gözəlliklərini geri gətirən və ya onlara gözəllik bəxş edən həkimlərdir. Xəstə plastik əməliyyata niyə ehtiyac duyduğunu dəqiq bilməlidir, həmçinin bunun hansı nəticəni verə biləcəyini başa düşməlidir. Nəticənin sabitliyi yalnız cərrahın bacarığından deyil, həm də xəstənin dərisinin xüsusiyyətlərindən, həyat tərzindən, pis vərdişlərindən, bədən çəkisindən asılıdır. Probleminizi daha asan həll etmək olarsa, əməliyyat olunmağa tələsməyin. Bunu aydınlaşdırmaq üçün həkimlə məsləhətləşin. Plastik cərrahiyyə görünüşü dəyişdirə bilər, lakin özünü qavrayışı və ya həyat problemlərini həll edə bilməz.





up