“O an özümə ölüm arzulayırdım. On iki saatdır ki, acam. Bir udum su da yoxdur…”
25-06-2022, 16:17

29 sentyabrda başlayıb, "29"la bitən marafon...
 

AZİNFORM.AZ Vətən müharibəsi qazisi, jurnalist Daşqın Əzizin “Space” televiziyasının “Vətən Müharibəsi Xatirələri” adlı müsabiqəsinə təqdim etdiyi yazını dərc edir.

 
7 noyabr gecəsi. Müharibənin son akkordları vurulur. Şuşanın Laçın yolu istiqamətindən olan girişindəyik. Şəhər artıq azad edilib. Xüsusi Təyinatlı Qüvvələrimiz düşməni son əsgərinədək Şuşadan qovub. Ancaq proqramçıların diliylə desək, bəzi "açıq"lar var. Həmin nöqtələrə nəzarət etmək üçün bizim tabor o ərazilərə göndərilib. Bir saat olardı ki, Daşaltı kəndindən ard-arda yüksəklikləri aşıb, mənzil başına çatmışdıq. Şuşanın sərt soyuğu içimizdən güllə kimi keçirdi. Köhnə elektrik stansiyasının yanında tərli-tərli dayanmışdıq. O an özümə ölüm arzulayırdım. On iki saatdır ki, acam. Bir udum su da yoxdur. Bədənimiz kəskin ayazdan titrəyir, dişlərimiz bir-birinə dəyirdi. Yağışın altında tamam islanmışdıq. 
 
Yer palçıqdır. Başımdan qoruyucu dəbilqəni açıb yerə atdım, üstündə oturdum. Elə bu vaxt "Yaşma"nın döyüşçüləri qarşımızdan keçirdi. On metr irəlidə "başniya"sı xarab olmuş "T-72" tankı vardı. Bunun bizim ya ermənilərin vurulmuş tankı olduğunu bilmədim.
 
"Yaşma"nın dörd giziri keçəndə, biri yan cibindən yarım şüşə viski (yəqin ki, Şuşadakı mağazalardan götürmüşdülər) çıxarıb bizə tulladı, "İçin, bəlkə bir az qızınarsınız", - dedi. Stəkanımız yox idi. Viskini növbəylə üç nəfərə başımıza çəkdik. Həmin vaxt ermənilər qumbaraatanlarla sağ tərəfimizdəki meşəlik əraziyə dayanmadan atəş açırdılar.
 
Qaranlıqda orada nə gördüklərini bilmirdim. Güman ki, nəsə hədəf vardı. Xüsusi təyinatlılara “ora getməyin, qumbaraatanla vururlar" dedik. Qulaq asmadılar. Danışa-danışa bir neçə metr irəliləmişdilər ki, həmin nöqtəyə daha bir atəş açıldı. Onların şəhid olduğunu düşünürdüm ki, qaçaraq geri gəldiklərini gördüm. Qəzəbli halda dumanlı havada Şuşanın o biri başına getdilər.
 
Baş qatmağa nə isə yox idi. Bir-birimizə sığınıb oturmuşduq. Yanımda əyləşən gəncəli Elnur müəllimlə danışmağa başladım. Elnur yaşca məndən böyük idi, məşhur market şəbəkəsinin birində şöbə müdiri kimi çalışırdı. Orduya könüllü yazılmışdı. Dişlərimiz ayazın təsirilə bir-birinə dəyirdi. Elə bu vəziyyətdə söhbətə başladıq:
 
- Ay müəllim, nə olacaq axırı?
 
- Ay imamına qurban olum, nə olacaq, donacağıq.
 
- Elə demə.
 
- İki saat da bu şəraitdə qalsaq, heykələ çevriləcəyik.
 
- Müəllim, deyirəm, Şuşaya kimi gəlib çıxmışıq. Deyirsən, döyüş görmədən donaq?
 
- Darıxma, bizi bura boş-boşuna gətirməyiblər. Sabah yəqin ki, açıq döyüşə girəcəyik.
 
- Görək də, ay müəllim, görək. Kaş bir loğma yemək olaydı.
 
Hər qaranlıq gecənin bir işıqlı səhəri olsa da...
 
Gecəni beləcə yola verdik. 8 noyabr səhər saat 11:30-dur.
 
Meşəyə girmişik. Düşmən olduğumuz yerə minaatanlarla atəş açır. Heç kim olduğu yerdən tərpənmir. Amma qismət deyilən bir şey var. Əgər bəxtin yoxdursa, mərmi düz yanına düşəcək. Xoşbəxtlikdən orada şəhid və yaralanan olmadı. Həmin vaxt qərargah rəisimiz dərhal düzülməyimiz üçün əmr verdi. Daha da irəli gedəcəkdik. Od-alovun içinə girəcək, müharibənin ən qəddar üzüylə yaxından tanış olacaqdıq. 
 
Hərəkət başladı. Əlli metr irəliləmişdik ki, minaatan mərmisi arxamızdakı bulağın yanına düşdü. Bu zərbədə Maddi Texniki Təminat bölüyünün iki əsgəri şəhid oldu. Onlar taborumuzun ilk şəhidləri idilər. Canımı vahimə bürüdü. Hər an tikə-tikə olacağımı düşünür, mərminin qorxulu vıyıltısınıeşidəndə dərhal yerə uzanaraq sipər alırıq. Bir anlıq başımı qaldırıb Şuşanın yalçın qayalarına baxıram. Ora eyni anda iki-üç mərmi düşür. Təsir gücündən qayalıqdan daş parçaları qopub tökülür. İndi dərk edirəm ki, bəli, mən əsl müharibənin içindəyəm. Bundan o tərəfə heç nə yoxdur. 
 
Durub yenidən irəliləyirik. Açıqlıqdan iki təpənin arasına daxil oluruq. Asfalt yolun sağ tərəfində erməni əsgərlərin cəsədləri sıralanıb. Nədənsə, onların donmuş vəziyyətdə “əl-ələ” uzandıqlarını düşünürəm. Cəsədlərə soyuqdan şeh düşüb, saçları qırov bağlayıb. Meyitlərin bir addımlığından keçirəm. Dilimin altında "Sizin payınız elə bu idi", - deyə-deyə gedirəm. Daxilimdə xof var. Hər an bizim də bu cəsədlərdən birinə çevrilə biləcəyimizi dərk edirəm. Kölgəlikdən günəşli əraziyə daxil oluruq. Buradakı erməni meyitləri kəsif qoxu verir. Bu elə bir qoxudur ki, insanın ürəyini ağzına gətirir. Qolumu burun dəliklərimə sədd kimi çəkib yeriyirəm. Və birdən…
 
Onlar bizi güllələrlə "salamlayırlar". Başımızın üzərində gizlənib pusqu quran üç-dörd düşmən əsgəri bizi avtomat və pulemyotlardan atəşə tutur. Biz təpənin ermənilərlə dolu olduğunu zənn edirik. "Bismillah", - deyib mən də onlar olan istiqamətə atəş açıram. Döyüş yoldaşım snayperlə ermənilərdən birini alnından vurur. Sevincək "vurdum, vurdum", - deyə qışqırır. Qısa müddətə bu pusqudan sağ çıxırıq. Düşmən qorxuya düşərək həmin mövqedən geri çəkildi.
 
Onlar Xankəndi tərəfə yol alanda biz irəliləyirik. Təxminən iki yüz metr qarşıda, təpənin başında lüləsi bizə tuşlanmış tank görürəm. Yox, bu tank bizə atəş açmayacaq. Çünki "cansız"dır, maketdir. Bu tankı internetdə çox görmüşəm.
 
Bu, o tankdır ki, 1992-ci ildə Xankəndidən Şuşaya hücum edilərkən üzərində düşmənin döyüş bayrağını gətirirdi. Qaqik Avşaryanın sürücüsü olduğu bu "T-72"ni Milli Qəhrəmanımız Albert Aqarunov elə həmin model tankdan açdığı bir sərrast atəşlə məhv etmişdi. Həmin vaxtdan bu tank ermənilərin ziyarətgah yeridir. Hər il mayın 8-də düşmən ölkənin prezidenti həmin tankın dayandığı memorial kompleksi ziyarət edir, üzərinə gül dəstələri düzürdü. Hikkələrindən tankı elə lüləsi Şuşaya tuşlanmış vəziyyətdə vurulduğu yerdə "əbədiləşdirmişdilər".  Bu tankı görəndə qeyri-ixtiyari qışqırmağa başlayıram.  Albert Aqarunovun xatirəsinə açdığım Feysbuk səhifəmdə bu məlumatı bir neçə dəfə paylaşmışdım. Qismətə bax ki, həmin tankı bu dəfə monitor arxasından yox, lap yaxından görürəm. Tam ora çatanda minaatan mərmisi qorxunc səslə yanımıza düşdü. Bir neçə döyüşçümüz aldığı ağır qəlpə yaralarından şəhid oldu. Döyüş yoldaşlarımdan biri isə ağ divarın yanında çökülü halda dayanıb. Səsində güldüyünü zənn edirəm.  Özümə də qəribə gəlir ki, bu, niyə belə edir?! Məgər gülmək vaxtıdır? Yaxınlaşdıqca yanıldığımın fərqinə varıram. 
 
Həmin döyüş yoldaşımın beş metrliyinə çatanda onun hönkürtü ilə ağladığını sezdim. Ən yaxın dostu gözlərinin qabağında şəhid olmuşdu. İlahi, bu nədir axı? Ömrümdən ömür, canımdan can gedir. Çarəsiz halda ona baxa-baxa irəli gedirəm. Birdən havadan uğultu eşidilir. Sanki quduz it ulayır. Bu, elə quduzlaşmış ermənilərin Xankəndi şəhərində yerləşən hərbi hissəyə verdiyi həyəcan siqnalının uğultusu idi. Bizim mövqedə olduğumuzdan xəbərdardırlar. Həmin siqnalın ardınca düşmən zirehli texnikalar və piyada qoşunla üstümüzə gəlir. Uzaqdan müşahidə edəndə onları yuvadan çıxıb ətrafa daraşan qarışqalara bənzədirəm.
 
Minaatan mərmiləri göydən, tank mərmiləri isə qarşıdan başımıza yağırdı. Artıq aramızdan bir neçə nəfəri təyin edib yaralıları təxliyə etməyə başlayırıq. Həmin təxliyə qrupunun içində mən də varam. Ağstafadan olan döyüş yoldaşımı xərəklə daşıyırıq. Ağır yaralıdır, çox qan itirib. Arıq, çəlimsiz biridir, amma gəl ki, yaman ağırlaşıb. Yorulduğumuzdan xərəyi yerə qoyub bir balaca nəfəs dərmək istəyirik. Bu an həmin yaralı üşüdüyünü və üzərinə nə isə sərməyimizi istəyir. Mən beş metrliyimizdə olan erməni "puşlat"ını götürüb onun üzərinə atanda özüm gülləyə tuş gəldim. 
 
Həmin an sanki bədənimin sol nahiyəsindən möhkəm təpik zərbəsi aldım. Hiss edirəm ki, qan axır, amma ürək edib yaraya baxa bilmirəm. Bədənimin bir hissəsinin parçalandığını zənn edirəm. Dünya başıma dolanır. 26 yaşımda həyatla vidalaşıram? Doğrusu, həmin an nə ata, nə də anamı fikirləşirdim. Sadəcə kəlmeyi-şəhadəti deməyə hazırlaşırdım. Bu azmış kimi, yanıma minaatan mərmisi də düşdü. O anda ehtiyatlı davranıb yerə yatdığımdan qəlpələr məndən yan keçdi. Dalğanın təsirindən burnumdan qan açıldı. Aman Allah, qan, barıt iyi, yoldaşlarımın bağırtısı, ayaq səsləri, öz yaram. Hər şey bir-birinə qarışıb. Ağstafalı yaralımızı isə yaxşı ki, oradan çəkib çıxarıblar. Tək qalmışam. Güc toplayıb ayağa durdum. "Kitel"imi qaldırıb yarama baxıram. Güllə dəyib, çıxıb, yüngülcə qan axır. Əsas odur ki, ayaq üstə dura bilirəm. İndilik bu da bəsdir. Avtomatımı qoruyucusu açıq vəziyyətdə çiynimə alıb birtəhər yeriyirəm.
 
"Cin atına minmiş" XTD leytenantı və can üstə olan əsgər...
 
Yarı sürünərək, yarı ayaqüstə magistral yolun kənarı ilə irəliləyirdim. Məndən təxminən otuz metr o tərəfdə ayaqlarını aralayıb, iki əli ilə avtomatını sinəsinə sıxıb dayanan birini gördüm. Gözüm yaxşı seçmirdi, birtəhər "kaska"sından bizim uşaqlardan olmadığını sezdim. Şəvə kimi saqqalı vardı. Bu oğlan "tez ol da, bir az cəld hərəkət elə", - deyib üstümə çəmkirdi. Düşmən əsgərlərindən biri olduğunu, mühasirəyə düşdüyümüzü düşünməyə başladım. Uca səslə məxfi parolumuzu verdim. O da qarşılıq verəndə rahatlaşdım. Ona yaxınlaşanda gözlərindəki qəzəb, çöhrəsindəki hiddət diqqətimi çəkdi. Bir saniyə belə vaxt vermədən məndən cəld şəkildə dağa qalxmağımı tələb etdi. Ona yaralıyam deyib etiraz etməkdən, ləng davranmaqdan çəkindim. O vəziyyətdə dağı qalxırdım, bir balaca nəfəs dərmək istəyəndə isə yenə  "tez ol demirəm, sənə?!",- deyə təpinirdi. 
 
Baho, ay Allah mən nə edim? İşə düşmədik?!
 
"Kələntər dayı, ağrıdır axı"
 
Bu halətimdə şəhidimizin snayperini də çiynimdən asdı:
 
- Apar, Şuşa qalasının dibində XTQ uşaqlarına ver, lazımdır onlara. 
 
Apar-apar da. Ürəyimdə deyinə-deyinə qalxıram. İlahi, bunda heçmi insaf yoxdur? Dağın yarısına çatanda, sakitcə üzünü mənə tutub dilləndi:
 
- On metr sonra görəcəklərindən qorxma.
 
Əşi, məndə qorxu qalıb?! Cəmi iki saat qabaq o dünyanın görüb gəldim də. 
 
Onun dediyi yerə çatanda şəhid olmuş komandirimizi və iki əsgər yoldaşımızı gördüm. Çox yox, bir neçə saat əvvəl komandirimiz sağ idi, bizə əmr verirdi. Quruyub qaxaca dönmüş bədənini görəndə hönkürtü ilə ağlamaq tutdu məni. Bu yoldaşın isə tükü tərpənmirdi, heç nə olmamış kimi məni müşayiət edə-edə uzun sükutu pozdu:
 
- Gördün? Pis olma. Onlar ən uca zirvədədirlər.
 
Nəhayət Şuşa qalasına çatdım. Snayperi başqa bir XTQ mənsubuna verdim. Nəzakətlə təşəkkür etdi. Yaralıların yanında uzandım. Tanımadığım döyüş yoldaşlarımdan biri qatılaşdırılmış südü mənə uzatdı. Südü acgözlüklə içdim. İki gündür mədəmə heç nə getməmişdi.
 
Mənlə buraya qədər gələn qəzəbli oğlan isə yoxa çıxmışdı. XTQ-nin döyüşçüləri ağır yaralıları bir-bir, iki-iki maşınlara mindirərək təxliyə edirdi. Hava qaralmışdı. Mənim yaramın yüngül olduğunu deyib göstərdikləri cığırla hərəkət etməyimi istədilər. "Baş üstə", - deyib göstərdikləri istiqamətdə getdim. 
 
Şuşa şəhərinin mərkəzində bir otel vardı. Fəqət oteldə otellik qalmamışdı. Binanın pəncərələri, fasadı mərmi partlayışlarından yararsız hala düşmüşdü. Tikilinin damına bir neçə qat beton döşənmişdi və minaatan mərmiləri onu dağıda bilmirdi. Bu məkana yerləşdirildim. İçəridə xeyli yaralı vardı. Otaq zülmət qaranlıqdı, düşmənə yerimizi nişan verməmək üçün siqaret yandırmaqdan da çəkinirdik. 
 
Dəhlizdə uzanmışam. Hərə bir tərəfdə zarıyır. Artıq bədənimin güllə dəyən hissəsi şiddətlə ağrımağa başlayır. XTQ gizirlərinin birindən mənə ağrıkəsici iynə vurmasını xahiş edirəm. O qarışıqlıqda istəyimi nəzərə alır. Bir az rahatlaşıram. İynəyə qədər başımıza yağan mərmilərin yoxsa ağrımın dərdini çəkməli olduğumu aydınlaşdıra bilmirdim.
 
Gecə saat 11 olardı. Yuxuya getmişdim. Hiss etdim ki, kimsə məni silkələyir:
 
- Əsgər, ay əsgər!
 
Cavab vermədiyimdən silkələməyə davam edir:
 
- A kişi, oyan görək!
 
Hövlnak gözlərimi açdım.
 
- Bəli, buyur.
 
- Harandan yaralanmısan?
 
- Böyrümdən güllə dəyib, komandir.
 
- Aç, yaraya baxım.
 
Paltarımı qaldırıb yaramı ona göstərirəm.
 
- Deməli belə, bunun da yarası ağırdır. Mənə marker verin.
 
Qaranlıqda üzünü seçə bilmədiyim bir əsgər markeri ona uzadır.
 
Həmin XTQ baş leytenantı alnıma qırmızı rəngli markerlə 29 rəqəmini yazdı. 
 
Bu "29" o demək idi ki, mən təxliyə olunacaq iyirmi doqquzuncu adamam. Məndən əvvəl aşağı düşməyi gözləyən iyirmi səkkiz yaralı var. Gözləməkdən başqa əlimdən nə gəlir? Artıq rahatlaşıram. Dərindən ah çəkib bir siqaret yandırdım.
 
Sentyabrın 29-da başlayan çətin və şərəfli döyüş yolu noyabrın 9-da alnıma yazılan 29 rəqəmiylə bitdi.
 
Mən o döyüşü, ağır səhnələri təsvir edəndə, yazımın hər cümləsində ölüb-dirilirəm.
O dağların bir daha döyüş görməməsi ümidi ilə...    /moderator.az/
AZİNFORM.AZ




up